Hüquqi şəxslərlə bağlı Mülki Məcəlləyə dəyişiklik olunur

18:47 - 29 Mart 2018 - KİVDF

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlardan biri də mülki qanunvericilik istiqamətində həyata keçirilən islahatlar, qəbul olunan qanunlardı.

Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Mülki Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.  Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Mülki Məcəllədə əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləridir. Məcəllədə hüquqi şəxslərin hüquqları da öz əksini tapıb. Məcəllənin 45-ci maddəsində hüquqi şəxsin yaradılması tənzimlənir və bildirilir ki, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

Mülki Məcəllənin 43-cü maddəsinin 1-ci bəndində bildirilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Bildirək ki, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Məcəllənin 48-ci maddəsində isə hüquqi şəxslərin dövlət qeydiyyatı tənzimlənir. Birinci bənddə bildirilir ki, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Onun dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.

Onun hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqları isə yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Belə olan halda o qərardan məhkəməyə etiraz verə bilər.

Qeyd edək ki, hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Bu arada məlum olub ki, Azərbaycanın Mülki Məcəlləsinin hüquqi şəxslərlə bağlı maddəsində dəyişiklik olunur. Bu, hüquqi şəxslərin məsuliyyətinin artırılmasəna xidmət edir. Dəyişikliklə məcəllənin 49-cu (Hüquqi şəxsin orqanları) maddəsinə əlavə bəndlər əlavə edilir. Belə ki, maddəyə əlavə edilən 49.4-cü bəndinə əsasən, hüquqi şəxsin mənafeləri üçün bu məcəllə ilə müəyyən edilən vəzifələrin yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs həmin şəxs, hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: Hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi,  hüquqi şəxsə aidiyyatı olan şəxslərlə qanun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması,  hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alınması, . özü üçün, hüquqi şəxsə aidiyyatı olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi, səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.

Məcəllənin 49-cu maddəsinin 5-ci bəndinə əlavədə bildirilir ki, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi onları hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

Əlavə edilən digər 49.6-cı bəndinə əsasən isə, bu bəcəllənin 49.4-cü və 49.5-ci maddələrində nəzərdə tutulan hallar baş verdikdə və ya halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı olan bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məluma olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumaatları ötürməməlidir.
Məcəllənin 93-cü (Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi) maddəsində də dəyişiklik edilir. Dəyişikliklə maddənin 3-cü maddəsinə “Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir.

Məcəllənin 107-12-ci (Səhmdar cəmiyyətinin audit komitəsi) 3-cü bəndi yeni redaksiyada verilib: “Cəmiyyətin icra orqanının üzvləri və ya cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının üzvləri audit komitəsinin üzvü ola bilərlər”.
Dəyişiklik layihəsi Milli Məclisinin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Xəbər xətti