Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır

20:10 - 28 Mart 2018 - KİVDF

Onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlardan biri də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təminatıdır. Azərbaycan respublikasının qanunlarına əsasən əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər hesab edilirlər. Azərbaycan Respublikasının Konstitusiyası, digər qanunlar və ölkənin iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər.  Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər. Bu şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar. Qanunvericiliyə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda, ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda, Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda, Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda, Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda, iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda, qanunla müəyyən edilmiş digər hallarda verilə bilər.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Qanunvericilikdə müvəqqəti olma müddəti uzadıla bilər.  Məsələn, Miqrasiya Məcəlləsinin 39-cu maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasını əks etdirir. Maddədə bildirilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir.  Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər. Onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Miqrasiya Məcəlləsinin 40-cı maddəsində isə bildirilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda, onların Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə, xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə uzadıla bilər. Bundan başqa, müddətin uzadılması tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə, avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə), Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır)  hallarda da mümkündür.

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Aydındır ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmalıdır. Məcələnin 21-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Onlar da olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
 

Maddədə bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əgər  viza əsasında gəliblərsə vizada göstərilən qalma müddətinə, viza tələb olunmayan qaydada gələnlər  isə 90 gün müddətinə qeydiyyata alınırlar.

BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
Qeyd edək ki, ə cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Onlar olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Onlar olduğu yeri dəyişdikdə, o, yuxarıda qeyd olunan qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur

Xəbər xətti