Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

19:50 - 27 Mart 2018 - Mədəniyyət

 Bu il aprelin 9-da Moskva Dövlət Konservatoriyasının Böyük zalında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, xatirə gecəsində təkcə yubilyarın bəstələri yox, həm də Qara Qarayevin dostu Dmitri Şostakoviçin "Hamlet" filmi üçün bəstələdiyi musiqidən süitalar, həmçinin Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrini gözəl şəkildə davam etdirən Fərəc Qarayevin "Tristessa I" əsəri səslənəcək.

Qeyd edək ki, Q.Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub. O, 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olub. Q.Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda dəfn edilib.

Xəbər xətti