Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir

19:12 - 27 Mart 2018 - KİVDF

Məcəllə bu sahədə yaranan münasibətlərin tənzimlənməsini, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir

Miqrasiya Məcəlləsi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsini, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən vahid normativ-hüquqi sənəddir. Məcəllədə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanıb. Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının - həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilmələri, eləcə də məsuliyyət yaradan hallar və miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmələri işini daha da asanlaşdırıb.

 Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Siyasət Alıyev bildirib ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. “Məcəllədə miqrasiya sahəsində anlyaşıların izahına geniş yer ayrılması ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Miqrasiya sahəsində vahid normativ-hüquqi sənəd olan Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamaqlarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi xeyli sadələşdirilmişdir. Məcəllə ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu Məcəllənin 6-8-cı maddələrində öz əksini tapıb. 6-cı maddədə bildirilir ki, miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. Bu maddənin 3-cü bəndində isə miqrasiya uçotunun aparılmasının məqsədləri qeyd olunur: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması; miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerdəyişməsinin nəticələrinin proqnozlaşdırılması məqsədi ilə belə yerdəyişmə haqqında tam, dəqiq və operativ məlumatın formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin aparılması; təbii fəlakət, fövqəladə vəziyyət, hərbi vəziyyət və digər bu kimi hallarda idarəetmənin təmin olunması; qanunsuz miqrasiyaya və digər qanunazidd hərəkətlərə qarşı mübarizə aparmaqla ictimai asayişin və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması; Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi.  Göründüyü kimi məqsəd əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması, həmçinin təbii fəlakət, fövqəladə vəziyyət, hərbi vəziyyət və digər bu kimi hallarda idarəetmənin mükəmməl təmin olunmasıdır.

Miqrasiya Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi miqrasiya uçotunun aparılması üçün əsaslardan ibarətdir. Şəxsin miqrasiya uçotuna alınması üçün əsaslar bunlardır: Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişi; əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması; Azərbaycan Respublikasının ərazisində olan şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi.

Bu maddənin 2-ci bəndi isə şəxsin miqrasiya uçotundan çıxarılması üçün əsaslardan ibarətdir: əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında vəfat etməsi; Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi; Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi.

Göründüyü kimi miqrasiya uçotunun aparilması və şəxsin uçotdan çıxarılması qanunla tənzimlənir.  Bundan əlavə, Məcəllənin qəbulu ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisindən tranzit keçidi qaydalarında da dəyişikliklər edilib, onların Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyənləşdirilib, ümumiyyətlə isə qeydiyyat proseduru sadələşdirilib. Sistem Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən öz səlahiyyətləri daxilində qaçqın statusu verilmiş şəxslər, habelə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatların toplandığı informasiya resursudur.  Bir sözlə sistem xüsusi təyinatlı dövlət resursudur.  Onun əsas təyinatı miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətləri üçün zəruri informasiyanın təminatından, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotunun aparılmasından ibarətdir. Bu barədə Siyasət Alıyev deyib: “Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması  sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli Fərmanı ilə Vahid Miqrasiya Məlumat Sisteminin Əsasnaməsi təsdiq edilib, onun “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən VMMS vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və nə işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır”

(ardı var)

Xəbər xətti