İsmayıllıda 2 ədəd F-1 əl qumbarası tapılıb

22:38 - 23 Mart 2018 - Xəbər

Martın 23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə İsmayıllı şəhəri, Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş əl qumbarası və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.   Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 2 394 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 28 845 kv.m ərazi yoxlanılıb.

Xəbər xətti