Nazarbayevin yeni təşəbbüsləri: bu, qazax xalqına nələri vəd edir?

19:12 - 19 Mart 2018 - Xəbər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev öz miqyasına və məzmununa görə hüdudsuz sosial islahatlar paketinin anonslarını verib. İnkişaf eləmiş ölkələrdə olduğu kimi 7 faiz ipoteka, gəlir vergisinin azaldılması, ali məktəblərdə oxumaq üçün rekord sayda qrantlar, mikrokreditləşmənin həyata keçirilməsi və digər tədbirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi daşıyır. Bir sözlə, Mərkəzi Asiya respublikası rəhbərinin planına görə Qazaxıstanda sosial cənnət qurmaq olar. Ortaya isə belə bir sual çıxır: bu nə dərəcədə mümkündür? Əvvəlcə islahatlar barədə. Birinci məsələ nəinki qazaxıstanlılar üçün, hətta planetin hər bir sakini üçün gərəklidir. Bu, mənzil məsələsidir. Moskvalılar sözügedən problemdən qurtula bilmədilər və Qazaxıstan şəhərlərində də bu baxımdan vəziyyət ürəkaçan deyil. Demoqrafik göstəricilər qibtə ediləcək dərəcədədir, deməli, yeni kvadrat metrlər tələb olunacaq. Əslində Qazaxıstanın tikinti sənayesi prinsip etibarilə əhalinin mənzilə artan tələbatını ödəmək iqtidarındadır. Və ölkədə yeni inşaat meydançaları üçün kifayət qədər yer var. Ötən il Qazaxıstanda rekord sayda - 11 milyon kvadrat metr mənzil inşa edilib. Bu il həmin tempin artırılması nəzərdə tutulur. Bu sahədə yeganə çətinlik yaradan ipoteka kreditlərinin 14-16 faiz həcmində olmasıdır. Bu, MDB dövlətləri üçün orta göstərici sayılsa da, belə ölkələrin orta statistik ailələrinin büdcələrinə o qədər də uyğun gəlmir. Nursultan Nazarbayev kreditlərin 7 faizə endirilməsini, üstəlik ilkin ödənişin ləğvini və bunu ev alanlar üçün 25 illik müddətinə reallaşmasını təklif edib. Qazaxıstan lideri bu məqsədlə xüsusi kompaniya yaradılmasını, 3 milyard dollar pul ayrılmasını irəli sürür. Həmin məbləğin ipoteka kreditlərinə sərf ediləcəyi və bankların yeni şərtlərlə işləyəcəyi nəzərdə tutulur. Ümumiyyətlə, belə bir plan tam şəkildə real görünür. Sadəcə, ölkənin maliyyə sektorunda müvəqqəti çətinliklər ola bilər və bu da ki, tez bir zamanda yoluna düşər. Burada sadə məntiq diqqət çəkir: belə bir proqramın reallaşdırılması həm bank, həm də tikinti sektorunun inkişafına təkan verəcək, üstəlik xeyli dərəcədə yeni iş yerlərinin açılması ilə nəticələnəcək. İkinci islahat işləyən adamlar üçün nəzərdə tutulur. Ölkə Prezidenti orta aylıq maaşı 200 dollardan aşağı olanlar üçün gəlir vergisinin birdən-birə 10 dəfə azaldılmasını təklif edib. Uzaqgörənliklə hesablanan bir addımdır. Belə ki, həmin işçilərin nominal əmək haqları faktiki olaraq qalxacaq, bununla yanaşı, iş yükü əvvəlki kimi qalacaq. Digər qazaxıstanlılar üçün isə perspektivdə tədricən artan vergi şkalası tətbiq ediləcək. Prezidentin üçüncü təşəbbüsü ali təhsilin inkişafı və tələbələrin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlıdır. Nazarbayevin göstərişi ilə bu məqsədlə növbəti tədris ilində 20 min qrant ayrılacaq. Həmin qrantların yarıdan çoxu isə texniki ixtisaslarla məşğul olanlara veriləcək. Çünki belə kadrlara daim ehtiyac olur. Üstəlik dördüncü sənaye inqilabı zamanı daha çox əhəmiyyət kəsb edir. İslahatlar paketi çərçivəsində dördüncü mühüm məsələ mikrokreditlərə üstünlük verilməsi ilə əlaqədardır. Nazarbayev qazaxıstanlılara ötən ildəkindən bu il 20 milyard artıq tengə ayrılmasına göstəriş verib. Burada vacib bir məqamı xatırlamaq yerinə düşərdi: son illər sözügedən ölkədə “yarımkriminal rostovlular” belə kreditləri az qala soyğunçuluq şərtləri ilə verirdilər. Başqa alternativlər olmadığı üçün, əhali belə təkliflərlə razılaşmalı olurdu. İndi isə respublika sakinləri üçün geniş seçim imkanları yaranacaq, bu sahədə müəyyən nizamlamalar isə işbazların qarşısını kəsəcək. Nəhayət, beşinci təşəbbüs ölkənin qazlaşdırılması ilə bağlıdır. Qazaxıstan Prezidenti bu məqsədlə Qızılordadan Astanaya qədər yeni qaz kəməri çəkilməsini təklif edir. Təbii ki, bu layihənin reallaşdırılması həm yeni iş yerlərinin açılmasına, həm də əhalinin yaşam tərzinin yaxşılaşmasına şərait yaradacaq. Bu, eyni zamanda Qazaxıstanın mərkəzi və şimal regionlarında ekologiyanın və atmosferin təmizlənməsinə xidmət edəcək. Təkcə ölkə paytaxtında tullantıların 6 dəfə azaldılması nəzərdə tutulur. Bütövlükdə götürdükdə, Qazaxıstan Prezidentinin sosial islahatlarının reallaşması inandırıcı görünür və praktik cəhətdən də mümkündür. Hərçənd, nəzərdə tutulan bu işlərin böyük hissəsi, yəqin ki, kifayət qədər çətinliklər də üzə çıxaracaq. İlk növbədə, tikintidə tempi artırmaq, mənzil bazarında ipoteka qiymətlərinin aşağı salınması ilə tələblə təklifin pozulmaması, təhsilə ayrılan qrantların özünü doğrultması, ölkənin fiskal təşkilatlarının vergilərin azaldılması sahəsində şəffaflığa hazırlığı və digər məsələlər islahatların həyata keçirilməsində zəncirvari şəkildə bir-birilə bağlıdır. Bir sözlə, çox işlər görülməlidir və bunlar əslində tamamilə mümkündür. Təki siyasi iradə olsun. Qazaxıstanın mövcud iqtidarı öz əməli fəaliyyəti ilə bunu təsdiqləyir desək, yanılmarıq. Ölkə Prezidenti isə elə söhbət açdığımız islahatlar paketi ilə belə bir siyasi iradə nümayiş etdirir. O ki qaldı islahatların nəticəsinə, bunu indidən demək çətindir. Belə bir uğurlu islahatı ötən əsrin 30-cu illərində ABŞ Prezidenti Ruzvelt “Yeni kurs” proqramı adı altında həyata keçirməyə nail olmuşdu. Bax, bu gün ameikalılar öz yüksək yaşam tərzinə görə məhz keçmiş dövlət başçılarına minnətdardırlar. Ruzveltin həmin “Yeni kursu” gerçəkdən bu ölkəni tərəqqiyə apardı. İnanmaq istərdik ki, qazaxıstanlılar da ortaya çıxacaq bütün çətinlikləri və maneələri dəf edəcək, islahatların daha tez müddətdə həyata keçirilməsinə nail olacaqlar.

Xəbər xətti