Bakıda "OPEC+" təşəbbüsü ilə bağlı platformanın yaradılması məsələsi müzakirə edilib

23:01 - 19 Mart 2018 - Xəbər

"Hazırda Azərbaycan ilə OPEC arasında sıx əməkdaşlıq var".

Ucnoqta.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir: "Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb. Bu təşəbbüsün əsas məqsədi dünyada beynəlxalq neft qiymətlərinin qeyri-sabit olması, neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq idi. Bu əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər yuxarı qalxması və ən əsası onun sabitləşməsi, eyni zamanda neft bazarının tarazlaşmasına nail olunub. Bütün bu nailiyyətlər dünyada baş verən iqtisadi proseslərin daha sabit formada həyata keçirilməsi, ölkələrin iqtisadi vəziyyətinin sabitləşməsinə xidmət edib".

P.Şahbazov vurğulayıb ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdə bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi məsələsi müzakirə edilib: "Görüşdə bu təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması və bu istiqamətdə digər ölkələrlə məsləhətləşmələrin aparılması və lazımı qərarların verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb".

Xəbər xətti