Bakıda piyadanı vurub qaçan avtobus sürücüsünə hökm oxunub

17:52 - 19 Mart 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hakim Saatovun cinayət işi üzər məhkəmə iclası başa çatıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Yasamal rayonunda sərnişin avtobusunun törətdiyi ağır yol qəzası ilə bağlı yaydığı məlumata əsasən, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlunun 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vurub.

Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Ölüm faktına və H.Saatovun hadisə yerindən qaçmasına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H.Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. İstintaq zamanı H.Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi müəyyən edildiyindən əməl Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

H.Saatov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti