Prezident seçkilərində KİV-in rolu və vəzifələri mövzusunda seminar-müşavirə keçirilib

13:45 - 19 Mart 2018 - Xəbər

Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə  Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak ediblər.
Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, bu axşamdan İctimai Televiziyanın (İTV) efirində namizədlərin Dəyirmi Masası olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır. Namizədlər İctimai Radiodakı Dəyirmi Masanın İTV-dəki Dəyirmi Masadan əvvəl olmasını istəyirlər. Radioda Dəyirmi Masanın saat 19.00 radələrində, İTV-də Dəyirmi Masanın saat 22.00, yaxud saat 22.00-dan sonra olması gözlənilir".

MSK sədri prezident seçkilərində 5600 məntəqədə 5 milyon 300 mindən çox seçicinin səs verməsinin gözləndiyini nəzərə çatdırıb: "Seçkilərə bir neçə gün qalmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 280 qısa müddətli müşahidəçiləri də gələcək. Eyni zamanda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Seçkilərin şəffaf təşkili baxımından ən effektiv vasitə veb-kameralardır. Azərbaycana gəlmədən dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək, müşahidə etmək mümkündür. Bu, siyasi iradənin təzahürüdür, məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə seçkilərin şəffaflığının təmin edilməsi üçün veb-kameralar quraşdırılmasına qərar verilib. Bu, dünyada Azərbaycan təcrübəsi kimi qəbul edilir".

Müxtəlif ölkələrdə seçki ilə bağlı xırda nöqsanların kənar qüvvələr tərəfindən şişirdilməsi hallarına rast gəlindiyini qeyd edən MSK sədri seçki prosesində KİV-in üzərinə böyük vəzifə düşdüyünü söyləyib: "Şəxsən biz Azərbaycan KİV-nin təcrübəsinə inanırıq. Seçki yeganə prosesdir ki, maraqlı qüvvələrin seçki vasitəsilə ölkələrin daxili işlərinə müdaxilə etmək imkanı var. Azərbaycanda seçki ilə bağlı əldə olunan nailiyyətlərdə KİV-in də böyük rolu var".
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, seçki prosesi təbliğata qədər, təbliğat dövrü və seçki prosesinin keçirilməsi, nəticələrin elan olunmasından ibarətdir. Ə. Həsənov KİV-i Seçki Məcəlləsinin tələblərinə riayət etməyə, peşəkar fəaliyyət ortaya qoymağa çağırıb.

MTRŞ sədri N. Məhərrəmli indiyə qədər hər hansı qurum və namizəd tərəfindən şikayət ünvanlanmadığını nəzərə çatdırıb: "Bu yaxınlarda ATƏT DTİHB-nin Müşahidə missiyası ilə görüşdük. Onlar hazırkı prezidentin fəaliyyəti və təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən də prezidentin fəaliyyətinin televiziya və radiolarda işıqlandırılacağını, təbliğat xarakterli materialların isə bu zaman fərqləndiriləcəyini nəzərə çatdırdım. Bu sahədə qızıl balansı qoruyub saxlamağa çalışacağımızı bildirdik. Ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır. Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Ona görə də telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Mən ona görə də namizədlərin pullu efir vaxtı ilə bağlı ödənişlərə normal yanaşmasını istərdim".

Mətbuat Şurasının sədri Ə. Amaşov Mətbuat Şurasının seçki ilə bağlı fəaliyyətindən söz açıb: "15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. Monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla və müəllifin şərhi arasında fərqə də diqqət yetiriləcək. Seçki günü Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Əvvəlki seçkilərdə olduğu kimi hər hansı məsələ ortaya çıxan zaman MSK ilə əlaqə yaradılacaq".
 

MSK sədrinin müavini Natiq Məmmədov "Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri" mövzusunda çıxış edib.

Tədbir müzakirələrlə davam edib. Apa


Xəbər xətti