Ana səhifə
20 İyul 2018

“Novruz çərşənbələri ilə bağlı olan adətlərin böyük bir qismi unudulub”

Atəş Əhmədli: “Əslində dörd çərşənbənin hamısı ilaxır çərşənbəsidir”

“Novruzun qeyd olunması uzun müddət yasaq idi”


Novruz xalqımın tarixən qeyd etdiyi, özünəməxsus adət-ənənələri olan bayramlardandır. Müəyyən dəyişikliklər, adətlərin müasirləşdirilməsi baş versə də,  bu gün də hər kəs bayramı keçirməyə, onun adətlərini icra etməyə çalışır. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli ilə bayramın tarixi, bu günü və s. barədə söhbətləşdik.
 

A.Əhmədli deyir ki, hər hansı qadağalar, siyasi təzyiqlər olubsa, yenə də xalq bu bayramı öz evində-eşiyində ürəyi necə istəyibsə qeyd edib: “Düzdür, sovet dövründə onun bəzi adətləri icra oluna bilməzdi. Çünki bilirik ki, bu bayram insanları bir yerə toplayır. Xalqın toplum olaraq bu milli bayramı küçə və meydanlarda qeyd etməsi ənənəsinə sovet dövründə imkan vermirdilər. Uzun müddət yasaq idi. Millətin öz milli mənafeyini qoruması sovet rusiyasının ürəyindən deyildi. Xalqımızın qəhrəman oğlu Şıxəli Qurbanov vaxtilə Novruzun milli bayram kimi qeyd olunması məsələsini ortaya atanda sovet imperiya maşının təzyiqləri ilə qarşılaşdı və o şəxs xüsusi nəzarətə götürüldü və həyatına son verildi. Xalqın sədaqətli oğulları vaxtaşırı bu məsələni qaldırmağa cəhd göstərirdilər. Amma bunların qarşısı alınırdı”.

“Novruzun özünəməxsus xüsusiyyətləri var, onlardan da biri çərşənbələrdir”

Müsahibimiz deyir ki, vaxtilə xalqımız arasında yalnız ilaxır çərşənbə qeyd olunardı. Amma son dövrlər adət-ənənələrin dirçəlməsi, milli mənlik və şüurun oyanışı və s. yenidən bu məsələnin üzərinə gəlməyə tələb etdi: “Müəyyən araşdırmalar aparıldı. İlk dəfə ötən əsrin 90-cı illərində mərhum professor Azad Nəbiyev bu məsələni qaldırdı ki, Novruzun özünəməxsus xüsusiyyətləri var, onlardan da biri çərşənbələrdir. Biz araşdırmalara baxanda, hətta 100 il öncə bu sahədə müəyyən bilgilərin olduğunu görə bildik. “Azərbaycanı öyrənmə yolu” jurnalında 1928-ci ildə nəşr olunmuş Əhməd Paşabəyli adlı bir şəxsin yazısı var. Çərşənbələr indiki sıralanma şəklində olmasa da, dörd ünsür qeyd olunmuşdu. Bəzi alimlər deyirlər ki, çərşənbələr yoxdur, bunun qeyd olunması bizi türk dünyasından ayırır. Amma elə deyil. Sıralanma isə hər bir regionun yerləşdiyi relyefə görə dəyişir. Məsələn, Naxçıvanda od çərşənbəsi sonuncu qeyd olunur. Amma bir çox yerlərdə su çərşənbəsi ilə başlamaq bir qayda kimi qəbul olunub. Su ilk olaraq canlı orqanizmin yaşadığı bir maddə olaraq götürülüb.  Və həyatın əsas inkişafı, çoxalması və törəmə məsələləri bununla bağlı olduğuna görə suya daha çox üstünlük verilir”.

“Əslində dörd çərşənbənin hamısı ilaxır çərşənbədir”

A.Əhmədlinin sözlərinə görə, vaxtilə xalq arasında yeddi çərşənbə olub: “Bunu professor Məhərrəm Qasımlı da deyir. Onun üçü yalançı yaxud oğru çərşənbə, digər dörd ünsürlə bağlı olanlar isə doğru çərşənbələr adlanır. Əslində dörd çərşənbənin hamısı ilaxır çərşənbədir (yəni, ilin axır çərşənbələri). Daha sonralar yeddi rəqəmi öz yerini dörd rəqəminə verdi. Dörd rəqəminin isə birbaşa 4 fəsillə əlaqəsi var. XI əsrə qədər türk təfəkküründə dünyanın iki fəsildən ibarət olması ilə bağlı fikirlər var idi. Amma XI əsrdə Səlcuq hökmdarı Məlikşah komissiya təşkil edib. Orada rübai ustası, şərqin böyük filosofu, astronom Ömər Xəyyam da iştirak edib. Məlikşah orda təklif edir ki, il 4 fəslə bölünsün. 21 mart isə yeni ilin gəlişi kimi qeyd olunsun. Bu  məsələ hələ Yuli Sezarın dövründə də var idi. Sezar təqvimində də 21 mart ilin başlanğıcı kimi götürülür. Həqiqətən də, baharın gəlişi ilə təbiət oyanır, çiçəklər açılır, həyat dirçəlir, törəniş, bolluq, artım meydana gəlir. Əslinə baxanda yenilik yaradır, bu yenilik də ilin başlanğıcı deməkdir”.

“... yalançı çərşənbə anlayışı da oradan irəli gəlir”

Folklorşünas qeyd etdi ki, Qazax, Tovuz, Ağstafa bölgəsində su çərşənbəsinə “yalançı çərşənbə” deyirlər: “Havalar tez-tez dəyişir, gah gün çıxır, gah da soyuq olur. Havalar yaxşı olan kimi insanlar əkin-biçinə başlayır, təmizlik işləri aparırdılar. Birdən qəfil qar yağır, tez damın altına yığışırlar və görürlər ki, bu həqiqi çərşənbə deyilmiş. Çünki havalar hələ tam qızmayıb. Bu yalançı çərşənbə anlayışı da oradan irəli gəlir. Təbiətin müəyyən dəyişikliyə məruz qalması boz ayın xasiyyətidir. Boz ay sərt aydır, iqlim tez-tez dəyişir və insanlarda aldadıcılıq yaradır. Bu da insanlarda həmin çərşənbənin yalançı olması ilə bağlı belə bir fikir formalaşdırıb”.

“Qazma torpaqdan keçmə adəti də vaxtilə olmuş, lakin indi unudulmuşdur...”

A.Əhmədlinin sözlərinə görə, novruz çərşənbələri ilə bağlı olan adətlərin çox böyük bir qismi unudulub: “Hətta 2010-cu ildə YUNESKO-da dövlətimiz tərəfindən bu bayramın bir milli dəyər kimi qeyri-maddi mədəni irs kimi orda qeyd olunması və s. məsələlər araşdırıcıların ortaya çıxmasına gətirib çıxardı. Bizim Folklor İnstitutunda novruzşünaslıq ayrıca bir sahə kimi öyrənilir. Aparılan araşdırmalar da müəyyən məsələləri ortaya çıxarır. Bunlardan vacib olanı, həmin çərşənbələrlə bağlıdır. Od üzərindən atlanmaq adəti bu günə kimi yaşayır. Amma suyun üzərindən atlanmaq o qədər də geniş şəkildə icra olunmur. Hətta qazma torpaqdan keçmə adəti də vaxtilə olmuş, lakin indi unudulmuş adətlərdən biridir. Kənd yerlərində camaat yığışır, həmin qazılmış yerdən xəstə uşaqları, əlilləri, övladı olmayan qadınların əyilərək keçirilməsi adəti həyata keçirilirdi. Hazırda bunu Qubanın bir kəndində icra edirlər. Bunlarla yanaşı havadan keçmə məsələsi də var, kəndirbaz oyununda bu özünü göstərir. Kəndirbaz bu oyunda köhnə dünyadan yeni dünyaya keçir. Bunun virtual mahiyyəti var, təkcə əyləncə xarakteri daşımır. Hər bir çərşənbə keçiddir, ilin tamamlanmasının sonuna təsadüf edir. İlin sonunda hər bir cismin oyanması halı müşahidə olunur”.

“Çillə gecəsi” xüsusi bayram şəklində qeyd olunurdu”

Müsahibimizin sözlərinə görə əvvəllər çillə mərasiminin keçirilməsi adəti də var idi: “İnsanlar həmin gecəni yatmır, oyaq qalırdılar. Cənubi Azərbaycandakı soydaşlarımız bunu illərlə keçiriblər. Çilləyə girmə onlarda böyük bir bayram - “çillə gecəsi” kimi qeyd olunur. Müstəqillik əldə etdikdən sonra eşitdiyim qədəri ilə Naxçıvanda “Çillə Qarpızı ” deyilən bir mərasim keçirilir. Həmin çillə gecəsi o qarpız kəsilir, onun içindəki müəyyən əlamətlərə və rənglərə görə qışın necə keçəcəyi müzakirə olunur. Kəsilən qarpızın rəng çaları baş verəcək təbii dəyişmələri bir mənada anladır. Ağsaqqallar, yaşlı nəsil bunları bilir. Çilləyə düşmək, çətinliyə düşmək deməkdir. Hətta qırx gün söhbəti də ordan götürülüb. Rəhmətə gedən adamın qırxının çıxması, övlad dünyaya gətirən ananın qırxının çıxmasını gözləmək və yanına getmək olmaz. Yəni, qırx gün həmin məsələyə toxunmaq olmaz, ehtiyatla yanaşmaq lazımdır. Əvvəllər bu adətlər bizdə yox idi, amma son dönəmlər novruzşünaslığın öyrənilməsi və tədqiqatlar düşüncələrimizi ortalığa qoymağı tələb edir”.

Hər çərşənbənin özünəməxsus xüsusiyyətləri var

A.Əhmədli əlavə etdi ki, su çərşənbəsi suyun ilkin olması, canlı orqanizmin suda yaşaması və s. məsələlərə bağlı olduğuna görə yaşayışın əsas qaynağı, mənbəyi olaraq götürülür: “Həm də suyun oyanması anlayışı var. Su çərşənbəsinə “əzəl çərşənbə” də deyənlər var. Bəzi rayonlarda isə su çərşənbəsinə “çilləqovan çərşənbə” də deyirlər. İkinci çərşənbə oddur. Od günəşin yerdəki rəmzidir. Yandırdığımız tonqal da məhz günəşə işarədir. Od novruzun ən əsas elementi hesab olunur.  Bəzən odu zərdüştlüyə bağlayanlar da var. Deyirlər ki, od zərdüştlükdən qalan bir adətdir. Amma elə deyil, çünki od zərdüştlükdə müqəddəs sayılır. Əgər od bizdə müqəddəs sayılsaydı, onun üzərindən atlanmazdılar. Deməli, novruz və buna aid olan ayinlər, adətlər zərdüştlükdən daha əvvəllər mövcud olub. Yel həm də nəfəsdir, insanı həyata, fəaliyyətə gətirəcək bir nəsnədir. Bu baxımdan da yelin çox böyük bir rolu var. Yel məhsuldarlığın da mayasını təşkil edən bir ünsürdür.  Belə ki, bitkilərin tozlanması yellə bağlıdır. Torpaq çərşənbəsinə gəldikdə isə, torpa məhsuldarlıqdır, hər şeydən öncə anadır. Ana dedikdə burda törənişin əsasının təşkil edilməsi məsələsi əsas götürülür. Torpaq bolluq yaradır, insanın bütün yaşayışını, yediyi qidaları bitirən bir mənbədir. Torpağın əhəmiyyəti olduqca böyükdür. Həyatda gördüyümüz təbiət, cəmiyyət bu dörd ünsürə bağlıdır”.


Könül Əhmədova

Tarix
20 Mart 2018 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin