MSK sədri: "Xaricdən KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edilir"

12:52 - 19 Mart 2018 - Xəbər

Bu gündən namizədlərin təşviqat kampaniyası başlayıb.

Prezidentliyə namizədlər bu gündən İctimai Televiziya və Radioda efirə çıxacaqlar. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

M.Pənahov qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00-da, televiziyalarda isə saat 22:00 radələrində olacaq, lakin dəqiq vaxt müəyyən olunacaq.
MSK sədri bildirib ki, 5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur: "Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir".
O əlavə edib ki, dünyanın istənilən nöqtəsindən veb-kameralar vasitəsilə həmin məntəqələrdə səsvermə zamanı bütün prosesləri izləmək mümkün olacaq.
M.Pəhanov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırıb. O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçkiləri müşahidə edəcək: "Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək".

MSK sədri seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: "Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər".

Xəbər xətti