"Bu ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir"

00:37 - 18 Mart 2018 - SİYASƏT

"Bako Saakyanın ABŞ-a səfəri ABŞ-Azərbaycan münasibətlərinin ənənəsinə və ruhuna ziddir" "Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri hər şeydən əvvəl ABŞ-Azərbaycan münasibətlərinin ənənəsinə və ruhuna ziddir".   Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.   H. Babaoğlu deyib ki, ABŞ-ın müvafiq dairələrinin bu səfərə imkan yaratması beynəlxalq hüquqa və bu hüquq qarşısında  ABŞ-ın mövcud öhdəliklərinə ziddir: "ABŞ həm də BMT Təhlükəsizlik Şurasının mandatı ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ probleminin həll etmək üçün mükəlləfdir. Ancaq problemi yaradan və etnik separatçılıqla məşğul olan bir cinayətkarı qəbul etməklə ABŞ Minsk Qrupu çərçivəsindəki öhdəliyini də pozmaqla artıq münaqişənin həllində vasitəçi deyil, tərəf rolunu oynamış olur. Üstəlik bu, Azərbaycan kimi ABŞ-ın regionda ən əsas tərəfdaşı kimi çıxış edən, Qərbin enerji təhlükəsizliyində yeni alternativ təhlükəsizliyi formalaşdıran, NATO  çərçivəsində bu təşkilatın Şərq siyasətində mühüm rol oynayan bir ölkəyə qarşı edilir. Göründüyü kimi heç bir halda bu cür nonsensin izahını soyuq məntiqlə vermək mümkün deyil. Bu, ABŞ-ın ikili standartlar siyasətinin təzahürüdür və beynəlxalq münasibətlərin gələcəyi, o cümlədən ABŞ- Azərbaycan münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ona görə də ABŞ-ın müvafiq qurumları dərhal separatçı xuntanın nümayəndəsi haqqında beynəlxalq hüquqa uyğun addımlar atmalı və bir daha belə halların baş verməyəcəyi ilə bağlı Azərbaycana təminat verməlidir. Əks təqdirdə onsuzda  beynəlxalq münasibətlərin hegemon aktorlarından biri kimi get-gedə öz missiyasını ədalətli şəkildə yerinə yetirə bilməyən bu ölkənin beynəlxalq ictimai reputasiyası daha çox zədələnəcək. Bu, nəticə etibarilə ABŞ-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərməklə, bütövlükdə Cənubi Qafqaz regionunda heç də ABŞ-ın maraqlarına uyğun olmayan yeni geostrateji vəziyyət üçün ilkin şərtlər yaradacaq".

Xəbər xətti