Elmar Məmmədyarov Paraqvay Senatının sədrini qəbul edib

17:35 - 16 Mart 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycana səfərindən və V Qlobal Bakı Forumda iştirakından, eyni zamanda keçirilmiş ikitərəfli görüşlərdən məmnunluq duyan F.L.Mendez Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə görüşündə məhsuldar fikir mübadiləsi aparıldığını bildirib.

Habelə, qonaq sözügedən forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin Azərbaycan və Paraqvay münasibətlərinin gələcək perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib. 

Nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il və 25 oktyabr 2017-ci ildə Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırım ilə əlaqədar bəyanatların qəbul edilməsi və bu faciənin qurbanları ilə həmrəyləyin ifadə olunmasına görə Paraqvay Respublikasının Milli Konqresinə təşəkkürünü ifadə edib.

Görüşdə regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Xəbər xətti