Ana səhifə
20 İyul 2018

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir

Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən ləğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Dövlət insan hüquqları və azadlıqlarının bütün mümkün vasitələrlə real surətdə həyata keçirilməsini təmin etməyə borcludur. Bu səbəbdən də, insan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş prinsiplərindən biri də hüquq və azadlıqların təminatlı olmasıdır. İnsan hüquq və azadlıqların təminatlı olması hər bir insana öz əsas hüquqlarından və azdlıqlarından istifadə üçün imkan yaradılmasını ifadə edir. İnsan hüquqları və azdalıqlarının təminatlı olması “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 2-ci maddəsində təsbit olunub. Məddənin 1-ci bəndində bildirilir ki, hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi onların bu hüquqlarını təmin etməyı öhdəsinə götürür. 2-ci maddədə isə qeyd olunur ki, əgər bu, mövcud qanunvericilik tədbirlərilə və yaxud digər tədbirlərlə nəzərdə tutulmayıbsa, hazırkı Paktda iştirak edən hər bir dövlət, öz konstitusion prosedurlarına və hazırkı Paktın müddəalarına uyğun olaraq, Paktda qəbul edilən hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi öhdəsinə götürür. 3-cü bənddə isə hər bir dövlətin aşağıdakıları öz öhdəsinə götürürdüyü öz əksini tapıb. Həmin maddədə nəzərdə tutulur ki, hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:a) elan olunmuş hüquq və azadlaqları pozulmuş hər hansı şəxsi, əgər həmin pozuntu rəsmi səviyyədə fəaliyyət göstərən şəxs tərəfindən törədilmiş olsa da, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;

b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə tərəfindən müdafiənin imkanlarını inkişaf etdirmək;

c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək.

Bundan başqa, dövlətlər hazırkı Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan kişilərin və qadınların bərabər hüquqda istifadə etmələrini təmin etməyi öhdələrinə götürürlər. 

Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair  BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulub. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunub. İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır. Məsələn, Beynəlxalq Paktın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasının  12-ci maddəsinin birinci hissəsində insan hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədlərindən biri kimi elan edilir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir.

Konstitusiyanın  26-cı maddəsində təsbit olunur ki, dövlət hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddənin birinci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə  hakimiyyəti orqanlarının borcudur. Maddənin dördüncü hissəsində isə qeyd edilir ki, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Beləliklə, insan hüquq və azadlıqlarının təminatlı olması dövlət tərəfindən həmin hüquq və azadlıqların həyata keçirilməsinin və müdafiəsinin səmərəli hüquqi mexanizmlərinin və zəruri qanunvericilik bazasının yaradılmasıını nəzərdə tutur. Belə hüquqi mexanizm kimi ilk növbədə məhkəmələr çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən ər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Bu məhkəmənin ikinci hissəsində qeyd edilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, onların inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ var. Bundan başqa, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ var.
Konstitusiyanın 61-ci maddəsində isə vətəndaşın hüquqi yardım almaq hüququ öz əksini tapıb. Yəni vətəndaşın yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Digər tərəfdən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə edə bilər. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına isə yol verilmir. Məhkəmələr tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların pozulması ilə əlaqədar mübahisələrin həlli əsasən inzibati məhkəmə icraatı, mülki məhkəmə icraatı, konstitusiya məhkəmə icraatı və cinayət məhkəmə icraatı çərçıvəsində həyata keçirilir.

Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz.

Tarix
17 Mart 2018 [00:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin