Ana səhifə
19 Sentyabr 2018

Hüquqi dövlət quruculuğunun formalaşması həm də demokratik və şəffaf seçkilərin təşkilindən keçir

 Azad və ədalətli seçkilər hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir

Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması, təşəkkül tapması digər şərtlərlə yanaşı demokratik və şəffaf seçkilərin təşkilindən keçir. Elə buna görə də bəzən azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər. Bildiyimiz kimi Azərbaycanın dövlət başçısı İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında bağlı sərəncam verib. Həmin sənəd hüquqi-prosesual baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğundur.  Qeyd edək ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Azərbaycan qanunvericiliyi seçki prosesinin hansı prosedurlar üzrə keçirilməsi ilə bağlı bütün bəndləri konkret olaraq özündə əks etdirir və hazırda seçki prosesinin şəffaf, qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri addımlar atılır."Mərkəzi Seçki Komissiyasından (MSK) məntəqə seçki komissiyalarına qədər bütün seçki strukturları aktiv fəaliyyət göstərir, qanunlara və normativ aktlara uyğun olaraq bütün öhdəliklər yerinə yetirilir. MSK-nın nəzdində  "Seçki-2018" Müstəqil Media Mərkəzi də fəaliyyət göstərir. İstənilən kütləvi informasiya vasitəsi oradan istifadə etməklə seçki prosesi ilə bağlı bütün məlumatları izləmək imkanına malikdir.

Artıq aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə namizədlər məlumdur və onlar bu günlərdə təşviqar işlərinə başlayacaqlar. Beynəlxalq təşkilatların da Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağı böyükdür. Bu günlərdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) nümayəndə heyəti ilə görüşüb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən  verilən məlumata görə, Məzahir Pənahov ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Senanı və nümayəndə heyətini salamlayaraq prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən xanım Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb. Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə də görüşüb. Görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd  Zahid Orucov, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.
Prezidentliyə namizəd Tural Abbaslı deyib ki, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fiki mübadiləsi aparılıb: “Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Koordinator bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb. Göründüyü kimi hazırda MSK 7 prezidentliyə namizədin namizədliyini təsdiq edib. Növbəti həftə prezidentliyə namizədlərin təbliğat və təşviqat prosesinə start veriləcək. Təbii ki, bununla bağlı MSK-nın müvafiq qərarları olacaq. 
Xarici işlər naziri Elmar Məmmədyarov isə ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişafı etdirilməsinin vacibliyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan  Dağliq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu deyib.
Görüşdə eyni zamanda Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini vurğulayıb. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırıb.
Georgi Tsereteli ATƏT-in Parlament Assambleyasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini qeyd edib.
Prezident seçkilərinə Azərbaycanın xaricdəki səfirlik və konsulluqları da ciddi hazırlaşır. Aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılıb., 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 46 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb. Səfir Dursun Həsənov  Gürcüstan bürosuna açıqlamasında bildirib ki, məntəqədə səfirliyin və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Tbilisidə səfərdə olan və xidməti vəzifələrini icra edən ölkə vətəndaşları səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Azərbaycanın Batumidəki Baş konsulluğunda yaradılmış məntəqədə də hazırlıq işləri başa çatıb.Baş konsulluqdan bildiriblər ki, burada da konsulluğun əməkdaşları ilə yanaşı, seçki günü Batumidə müvəqqəti səfərdə, ezamiyyətdə olan, eləcə də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr sərbəst şəkildə səs verə biləcəklər.

Tarix
16 Mart 2018 [20:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin