“Bugünədək sevdiyimə qovuşduğuma inanmağım gəlmir”

14:15 - 15 Mart 2018 - Müsahibə

Zeynal Məmmədli: “Uşaq vaxtı yaşımdan çox böyük görünməyə çalışdığımdan, tez-tez məzəli durumlara düşmüşəm”

“Normal insan ömründə bir dəfə sevər. Bu baxımdan “ilk sevgi” ifadəsini yadırğayıram. Mənim gözümdə “ilk” və “son” sevgi eyni anlamlı anlayışdır.
Bəlkə də bəxtim gətirib deyə belə düşünürəm. Sevərək evlənmişəm və bugünədək sevdiyimə qovuşduğuma inanmağım gəlmir. Ailə həyatı qurduğum xanımla tələbə yoldaşı olmuşuq, eyni qrupda oxumuşuq. Evləndiyim xanım həm sevgilimdir, həm sirdaşım - dostumdur, həm də ən sevimli həmkarımdır” – bu sözləri bizimlə söhbətində müstəqil media eksperti, “Azadlıq” radiosunun baş redaktoru Zeynal Məmmədli dedi. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlərə təqdim edirik.

“Kim yuxusunda haranı görürsə, orada doğulub”

Zeynal Məmmədli 1953-cü il may ayının 5-də dünyaya göz açıb. Deyir ki,  5-6 yaşından etibarən Bakı şəhərində yaşayır: “Uşaqlıq illərim Bakı ilə bağlıdır. Birmənalı şəkildə düşünürəm ki, kim yuxusunda haranı görürsə, orada doğulub. Mən də yuxumda həmişə Bakını görürəm, bu şəhərdə doğulmasam da, bilincli uşaqlığım da Bakıda keçib”.

“Əlac qalır 1 yaşlı nəvəmlə ünsiyyətə...”

Zeynal müəllim uşaqlığını yaşlı adam kimi keçirdiyini deyir: “Əlac qalır 1 yaşlı nəvəmlə ünsiyyətə... Bəlkə də, inanmazsınız, gerçək uşaqlığı indi nəvəm Onurla yaşayıram....Başqa sözlə desək, uşaq vaxtı yaşımdan çox böyük görünməyə çalışdığımdan, tez-tez məzəli durumlara düşmüşəm (Gülür) Yeddi yaşım olanda 60 yaşlılarla söhbətə meylli olmuşam. İndi əvəzi çıxır, yaşım 60-ı xeyli aşdığından, ovaxtkı həmsöhbətlərimi məlum səbəblərdən tapa bilmirəm ”.

“...özümdən güclü ilə fiziki təmasdan qaçmağı öyrənmişəm” 

Müsahibimizin sözlərinə görə, o vaxtlar Hüseyn Cavidin adını daşıyan və yetərincə məşhur olan 132 saylı məktəbdə oxuyub: “Sinfimizdə 45 şagird var idi, sonradan gəlib-gedənlər olsa da, hamısının ad-soyadını əzbər bilirəm. Çox sayqı-sevgili müəllimlərimiz və sinfimiz olub. Bir az məzə qatsam, idman müəllimimdən ruhdan düşməməyi və özümdən güclü ilə fiziki təmasdan qaçmağı, ədəbiyyat müəllimlərimdən, məsələn, sevimli Bilqeyis Təhmasibdən riyaziyyatı, müdrik və zəhmli riyaziyyat müəllimim Zeynəb Atakişiyevadan ədəbiyyatı öyrənmişəm. Orta məktəbi 1970-ci ildə bitirmişəm”. 

“Vaxt və baxt sarıdan korluq çəkməmişəm...”

Tələbəlik dönəmimin 4 ilini Bakıda – o vaxt tək universitetin jurnalistika fakültəsində, 2 ilini də Moskva Dövlət Universitetinin eyni fakültəsində keçirmişəm. Bəzən biliyim çatmayıb, bəzən də pulum... Vaxt və baxt sarıdan isə heç vaxt korluq çəkməmişəm. Tələbəlik illərində fəal olmuşam. Bakıda tələbə yoldaşlarımla “Ovod”u tamaşaya qoymuşam. Gənc Tamaşaçılar Teatrı bu təşəbbüsü anlayışla qarşılayıb, dönəmin geyimlərini də vermişdi. Moskvada isə, ara-sıra şənbə günləri “Dust” tələbə satirik teatrı üçün səhnəciklər yazmışam. Uğurlu alındığını demək olar. Qalan fəallığım isə  birbaşa jurnalistikaya yönəlmişdi”. 

“Göyərti tapanda dovğa bişirməyi öyrənmişdim” 

Zeynal müəllim Bakıda yox, amma Moskvada təhsil alarkən, yeməkxanadakı xörəklərin ağız dadı fərqləndiyindən, yemək bişirdiyini deyir: “Şorba, borş, küftə, kotlet, qayğanaq, göyərti tapanda da dovğa bişirməyi öyrənmişdim. Amma orasını da deyim ki, özəl bir kulinariya qabiliyyətim olduğunu düşünmürəm”.

“Rüşvət təklif etsəm də, azad etməyiblər” 

Zeynal müəllim qeyd etdi ki, hərbi xidmətdə olmayıb: “Amma həqiqi hərbi xidmətə getsəm, 1 il xidmət yetəcəkdi, əvəzində 6 dəfə iki aylıq hərbi toplanışlarda olmuşam. Rüşvət təklif etsəm də, azad etməyiblər. Beləcə, 1 il 2 ay, üstəgəl 2 ay da universitetin hərbi toplanışı – 1 il 4 ay müvəqqəti hərbçi zabit olmuşam...”

Keçmişlə bağlı xatirələri və gözyaşını sevmir... 

Müsahibimiz deyir ki, keçmişlə bağlı xatirələr insanı qocaldır deyə o barədə danışmağı, o illəri xatırlamağı sevmir: “Keçmiş illərin xatirələrini əsasən, başqalarından dinləməyi üstün tuturam. Savaş və əmək veteranlarına baxaraq bu fikrə gəlmişəm. Ən sevincli günlərində də onların gözündə kədər-dərd acı görmüşəm. Veteranları sevir və anlayıram, amma gözyaşını heç xoşlamıram...”

“Evləndiyim xanım həm sevgilim, həm sirdaşım - dostumdur, həm də...” 

 Zeynal müəllim düşünür ki, normal insan ömründə bir dəfə sevər: “Bu baxımdan “ilk sevgi” ifadəsini yadırğayıram. Mənim gözümdə “ilk” və “son” sevgi eyni anlamlı anlayışdır. Bəlkə də bəxtim gətirib deyə belə düşünürəm. Sevərək evlənmişəm və bugünədək sevdiyimə qovuşduğuma inanmağım gəlmir. Ailə həyatı qurduğum xanımla tələbə yoldaşı olmuş, eyni qrupda oxumuşuq. Evləndiyim xanım həm sevgilim, həm sirdaşım - dostum, həm də ən sevimli həmkarımdır. Hazırda iki övladımız və 1 nəvəmiz var”.

“Bütün sevdiklərim o dövrün yadigarlarıdır – peşəm, dostlarım... və əlbəttə, nəvəmin nənəsi...” 

Gəncliyin ömrün ən isti, qaynar çağı olması düşüncəsi ilə razılaşmadığını vurğulayan Zeynal müəllim əlavə etdi ki, sadəcə, o dövrün yanılmaq və bağışlanmaq haqqı var: “Məşhur deyim var: “Gənclik tez sovuşan qüsurdur”. Bəli, elədir. Mən o dövr haqqında 2-ci məşhur deyimi daha çox sevirəm: “Bir az gec gəlsəydi, gənclik ideal durum sayılardı”... Bütün bunlar bir yana, amma təbii ki, bütün sevdiklərim o dövrün yadigarlarıdır – peşəm, dostlarım, sevimli həmkarlarım, əziz tanışlarım və əlbəttə, nəvəmin nənəsi...”

“Həyatda doğru zamana baxt, doğru məkana vaxt, doğru adama taxt, doğru suala fakt...” 

Müsahibimizin sözlərinə görə, jurnalistikanın 4 doğru qaydası var: doğru zaman, doğru məkan, doğru adam, doğru sual: “Mediada keçərli olan bu dörd doğrunun həyatda, üstəlik, gənclikdə üst-üstə düşməsi çox çətin bir məsələdir. Məncə, həyatda doğru zamana baxt, doğru məkana vaxt, doğru adama taxt, doğru suala fakt lazımdır. İstəyirsiniz məzə kimi qavrayın, istəyirsiniz ciddi... Bir dəfə gənc olan bir daha olmaz! (Gülür) 

“... 22 manat kitablara, 15 manat siqaretə, təxminən 30 manat çaya vermişəm ” 

“Qızıl qələm”, "Həsən bəy Zərdabi" və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülən Zeynal müəllim ilk iş yerinin indiki Azərbaycan Televiziyasında (AzTV) olduğunu deyir. O qeyd edir ki, xəbərlər baş redaksiyasında kiçik redaktor kimi işə başlayıb: “Qonorarla birgə hər ay 192 manat almışam. Bundan 22 manatı kitablara, 15 manatı siqaretə, təxminən 30 manatı çaya vermişəm. Yerdə qalanını isə xatırlamıram. Ümumiyyətlə,  Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində fəaliyyət göstərmişəm. Televiziya sahəsindəki fəaliyyətimdən sonra universitetdə müəllim kimi çalışmışam. Hazırda isə “Azadlıq” radiosunun baş redaktoru kimi fəaliyyət göstərirəm”. 

“Gəncləri öyrətməyə deyil, onlardan öyrənməyə meylliyəm” 

Zeynal müəllim deyir ki, təcrübəsinə dayanaraq ciddi məsləhəti birbaşa buna ehtiyacı olan gənclərə söyləməyi üstün tutur: “Elektron poçtum onların üzünə həmişə açıqdır. Təbii ki, media ilə bağlı suallarını bildiyim dərəcədə cavablayacağam. “Həyatını dəyişəcək 10 addım” tipli məsləhətlər daha çox maqazin mediasının özəlliyidir. “Məsləhətlər ona əməl etməmək üçün verilir” tipli yersiz atmacaları da sevmirəm. “Malıdır-məlidir” sonluğuyla bitən cümlələri anlasam da, onların faydalı olduğuna inanmıram. Bütövlükdə mən gəncləri öyrətməyə deyil, onlardan öyrənməyə meylliyəm”. 

“Hədəf götürdüyün problemi özün anlayıb qavraya bilirsən”

Müsahibimizin sözlərinə görə, gəncliyin ən önəmli özəlliklərindən biri məktəb həqiqətləri şəklini alan şeylərə şübhə ilə yanaşmasıdır: “Başqa sözlə, hətta nisbilik nəzəriyyəsinə yeni bucaqdan yanaşmağa can atmalısan. Beləcə, hədəf götürdüyün problemi özün anlayıb qavraya bilirsən. Sadəcə, Eynşteyn demiş, eyni yolu elə hey təkrarlayıb başqa nəticə almağa ümid edəcəksənsə, demək, səndən bir şey çıxmaz...”.

Könül Asimqızı


Xəbər xətti