“Bəzi ailə problemlərinin efirə çıxarılması bir dəbə çevrilib”

12:24 - 15 Mart 2018 - Cəmiyyət

Elnur Rüstəmov: “Bu cür məsələlərin televiziyaya, mətbuata daşınması məqbul hesab edilmir”
Cavid İmamoğlu: “Ailədaxili məsələlərin ailə içində, mütəxəssislərin iştirakı ilə həll olunması arzuolunandır”
Zeynal Məmmədli: “Aktual məsələlərdən, ictimai-siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün kiminsə şəxsi ailədaxili məsələlərini ön plana çəkirlər”

Ailədaxili məsələlərin mətbuatda, televiziyada yayımlanması, ictimailəşdirilməsi son zamanlar geniş şəkildə yayılıb.  Bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, ümumiyyətlə, bu məsələlərin televiziyaya, mətbuata daşınması məqbul hesab edilmir:
“Atalarımızın bir sözü var, “ev bizim, sirr bizim”. Sadəcə məsələnin başqa bir tərəfinə nəzər yetirmək lazımdır. Qloballaşan dünyada yaşayırıq. Məsələ sırf verilişlərin televiziyaya daşınmasından getmir. Statistikaya baxanda çəkilən serialların da elə həmin ailədaxili konfliktlər üzərində qurulduğunu görürük. Son zamanlarda istər Azərbaycanda, istərsə də qonşu ölkələrdə çəkilən filmlərə və onlara olan maraq böyükdür. Daha sonra 90-cı illərdə çəkilən əcnəbi Braziliya, Meksika seriallarında da süjet xətti yenə ailə problemləri idi. Çünki XX əsrin ikinci yarısından bu məsələ bütün dünyada aktuallaşmışdı. Əlbəttə, çəkilən filmlərlə televiziya verlişləri fərqli olur. Filmin ssenarisi olur, süjet xəttini əvvəlcədən hazırlayırlar. Orada bir çox epizotları qabaqcadan rejissor çıxara bilir. Amma veriliş elə deyil, onların əksəriyyəti canlı getdiyi üçün əvvəlcədən nəyisə kəsib götürmək mümkün deyil. Hər şey spontan baş verdiyinə görə, verilişlər həmin seriallardan fərqlənir. Mahiyyət eynidir, sadəcə həmin problemin tək Azərbaycanda deyil, bütün dünyada mövcud olduğunu göstərir. Bu problem televiziyaya daşınmasa belə sosial şəbəkədə, yaxud başqa yerdə işıqlanır. Ona görə də, ya hamı bu məsələni tamamilə sonlandırmağa qərar verməlidir, əks halda bu məsələ daha geniş içıqlandırılacaq”.

Psixoloq deyir ki, 90-cı illərdən bəri maraq doğuran bütün seriallara baxanda hamısının ailə problemləri ilə bağlı olduğunu görürük: “Bəzi məqamlar var ki, orada diqqətli olmaq lazımdır. Söhbət vətəndaş mövqeyindən gedir. Elə ailədaxili məsələlər var ki, onlar çılpaqlığı ilə deyilməməlidir. Digər tərəfdən isə çıxış yolu göstərilməli, o mesajlar ötürülməli, ailədə problem varsa hansı qabaqlayıcı tədbirlərin görülməli olduğu müəyyənləşdirilməlidir. Biz bu gün dinamik dövr yaşayırıq. Dünən 50 yaşında olan bir insan üçün həyat bitirdisə, bu gün həmin  yaşda olan adam yeni sənət öyrənir, işə daxil olur, ailə həyatı qurur, həyatını yenidən başlamaq istəyir, miqrasiya edir və s. Burda hər şey sürətli baş verdiyi üçün diqqətli olmaq lazımdır ”. 

E.Rüstəmov onu da qeyd etdi ki, bu cür xəbərlər uşaqlara mənfi təsir göstərə bilər və göstərir də: “O uşaqlara mənfi təsir göstərən təkcə bu verilişlər deyil. Uşaqların böyük bir qisminin əlində hazırda mobil telefon, planşet və internetə çıxış var. Belə olan halda bütün valideynlər övladlarına nəzarət edə bilirlərmi? Bir qismi edir, hamısı yox. “Youtube” kanallarında həmin verilişlərə xeyli baxış sayı var. Onları baxmağa məcbur edən yoxdur axı, onlar üçün maraq kəsb edir deyə baxırlar”. 

Psixoloqun sözlərinə görə, xarici ölkələrdə hər şeyi öz axarına buraxıblar, insanlar baxacaqlar, doyacaqlar və bezəcəklər: “Ondan sonra bu məsələlər onlar üçün o qədər də maraqlı olmayacaq. Çünki postmodernizm onlar üçün ordan başladı. Ailə və dini dəyərlərin hamısını müzakirəyə qoydular. 60-70-ci illərdə Amerika və Avropadakı verilişlərin formatı indiki verilişlərimiz kimi idi. Ondan sonra insanlar doyum nöqtəsinə çatdılar. Düzdür, kənardan nəzarət, maarifləndirmə işləri aparılmalıdır. Ən azından problem olanda nə etmək lazım olduğunu bilməlidirlər. Bu gün inkişaf etmiş Avropa ölkələrində çoxfunksiyalı mobil telefon o qədər də işlədilməsə də, bizdə istifadə olunur. Biz də bu mərhələni keçəcəyik”. 

E.Rüstəmov qeyd etdi ki, dünənki gündə nişanlı qız yenidən ailə qurmaqda çətinlik çəkirdisə, bu gün iki dəfə ailə qurub boşanmış qadın ailə qurmağa hazırlaşır: “İctimai qınaq əvvəlki kimi deyil, çünki hər kəs öz həyatını yaşayır. Sovet dövründə o ideologiyanı insanların beyninə yeridirdilər, təsir edirdilər ki, ailə bu formada olmalıdır və bundan kənara çıxmaq olmaz. Bu gün fərqli bir dönəm yaşayırıq. Həmin verilişlər insanların psixologiyasına mənfi təsir göstərir və qaçılmazdır. Çox yaxşı olardı ki, maarifləndirmə işləri aparılsın və həmin verilişlərin içərisində o maariflənmə ilə bağlı mütəxəssis rəyinə diqqət yetirilsin”. 
 

Sosioloq Cavid İmamoğlu isə bildirdi ki, ailədaxili məsələlərin ailə içində, mütəxəssislərin iştirakı ilə həll olunması arzuolunandır:
“Dünya praktikasında ailədaxili problemlər ailə terapiyası, ailə psixoloqu, ailə hüquqşünası, ailə məsləhətçilərinin və ağsaqqallarının vasitəsilə ailə içində həll edilir. Əgər məqsəd məsələni həll etməkdirsə, onun ailə daxilində araşdırılıb həll edilməsi daha düzgün olar. Azərbaycan reallığında bəzi ailə problemlərinin efirə çıxması məsələsi artıq sanki bir dəbə çevrilib. Düzü, mən bir çoxlarının real həyat hekayələrinin olduğuna inanmıram. Bəzən mənə elə gəlir ki, onlar aktyordu və gəlib rol oynayırlar. Çünki bu bizim normal tanıdığımız Azərbaycan mental düşüncə tərzinə uyğun bir şey deyil. Azərbaycan ailəsinin bu qədər qapalılığı ilə on milyona yaxın kütləyə özünü açması insanı bir az düşünməyə vadar edir. Lap real olduğunu götürsək də, televiziyanın, medianın gücü və rolu danılmazdır”. 

C.İmamoğlu deyir ki, media vasitəsilə insanlar özlərinin müəyyən problemlərinə diqqət çəkə bilərlər: “Misal üçün, evsizlik, işsizlik problemləri ola bilər. Amma ailədaxili münaqişələr, söz söhbətlər ortalığa gəlir. Elə bir Azərbaycan ailəsi yoxdur ki, orada ər-arvad, yaxud digər üzvlər arasında hər hansı bir anlaşılmazlıq olmasın. Bu baxımdan belə bir trendin formalaşması arzuolunmaz və qəbuledilməzdir. Çünki bu əxlaq qaydalarından kənara çıxır. Əxlaq qaydaları dedikdə ailədaxili etika postunu nəzərdə tuturam. Bunu bərpa etmək çox çətindir, ailə elə bir müqəddəs institutdur ki, onu zədələmək, incitmək olmaz. Çünki o nə qədər tez zədələnsə, o qədər də tez dağıla və bütün cəmiyyət bundan zərər görə bilər. Mümkün qədər ailənin unikallığını, özəlliyini ailədaxili problemləri mütəxəssisləri ailəyə cəlb etməklə ailədaxilində həll etmək lazımdır”.   


Televiziya üzrə ekspert Zeynal Məmmədli bildirdi ki, ciddi media daima bir şeyi nəzərə alır:
“Ailədaxili məsələnin çox ciddi ictimai önəmi varsa, cəmiyyətin gələcəyi üçün çox əhəmiyyətlidirsə, cəmiyyət bundan bir nəticə çıxarmalıdırsa, yaxud ziyanı varsa belə məsələlər televiziyaya çıxarıla bilər. Yoxsa ancaq konkret şəxslərə aid olan, çox ailədaxili cəmiyyət içində önəmi olmayan məsələlərin cəmiyyətə çıxarılması ictimai maraqdan yayınmaq deməkdir. Ciddi ictimai media belə yayılmalara yol vermir, verdikdə isə cəzalanır. Onu cəzalandıran isə bazar olur, oxucuların, dinləyicilərin, tamaşaçıların sayı azalır. Ölkədə əgər bu cür ailədaxili informasiyalar, tabloid media üsulları yayılırsa, deməli o ölkədə azadlıqlarla bağlı problemlər var. O cümlədən ifadə azadlığı, biznes fəaliyyəti ilə bağlı problem var. Yəni, gündəmdəki əsas hadisələrdən diqqəti yayındırmaq üçün belə mövzulara diqqət yetirilir”.  

Z.Məmmədlinin sözlərinə görə, müxtəlif  medialar var, onun özəl olmasından və hansı maliyyə ilə fəaliyyət göstərməsindən asılı olmayaraq, media özü üçün ictimai dəyərləri əsas qəbul edirsə, onun yanaşma prinsipləri ayrıdır: “Əgər biri maqazin, yaxud konkret birliyin, siyasi qüvvənin mənafeyini güdən mediadırsa, o zaman  onların maraqlarına xidmət edir. Aktual məsələlərdən, ictimai-siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün kiminsə şəxsi ailədaxili məsələlərini ön plana çəkirlər. Bu gün çox təəssüf ki, dünyada ictimai medianın mövqeyi xeyli zəifləyib. Yəni, koorporativ ticari maraqlar önə çıxıb. “Media dünyada krizis keçirir” məsələsini bir çoxları informasiya kommunikasiya texnikasının inkişafına bağlayır. Amma bu səbəb deyil, nəticədir. Ciddi media materialı harada getməsindən asılı olmayaraq insanları maraqlandıracaq”. 

Könül Əhmədova 

Xəbər xətti