Ticarət nümayəndələrinin fəaliyyəti qanunla tənzimlənir

19:41 - 15 Mart 2018 - KİVDF

Bu siyasət Azərbaycan xalqının maraqlarına əsaslanır, universal dəyərlərdən qaynaqlanır

Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun və bizə göstərilən etimadın əhəmiyyətli dərəcədə yüksəlməsi, dost və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi, habelə, yeni diplomatik nümayəndəliklərin təsis edilməsi düzgün müəyyənləşdirilmiş fəaliyyətin bariz nümunəsidir. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun, ümumiyyətlə, imicinin və mövqeyinin formalaşdırılmasında olduqca mühüm rol oynayır. Məhz bu baxımdan dövlətimizin başçısını, bu istiqamətdə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar və qətiyyətli mövqeyi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Deputat bildirib ki, xarici siyasətdə iqtisadi amillər də önə çıxır. Çünki əlkəmiz iqtisadi cəhətdən nə qədər güclü olsa, daha güclü xarici siyasət yeridə bilər. Prezident İlham Əliyevin açıqlamaları da bunu təsdiq edir. Dövlət başçısı deyib: “Biz əvvəlki illərdə daha çox iqtisadi müstəqilliyə diqqət edirdik. Ölkə iqtisadi baxımdan müstəqil olmazsa, o ölkə müstəqil xarici siyasət yürüdə bilməz”. İlham Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi artımı elə bir imkan yaratdı ki, biz müstəqil xarici siyasəti uğurla həyata keçirək. “Bu siyasət Azərbaycan xalqının maraqlarına əsaslanır, universal dəyərlərdən qaynaqlanır. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb, bu, dünya miqyasında rekorddur”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin ixrac ölkənin ixrac imkanlarını artırmaq üçün atdığı addımlar da buna xidmət edir. Bunların hamısı hüquqi əsaslara sökənir. Məsələn, ötən ilin 26 yanvarında dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı fərman imzaladı. Bu fərmana əsasən ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görməlidir. Fərmana əsasən ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Aydındır ki, ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilməlidir. Bu məqsədlə dövlət başçısı “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmanda qeyd edilib ki, ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. Fərmanda bildirilir ki, ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat naziri tərəfindən həyata keçirilir. Ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını da İqtisadiyyat Nazirliyi həyata keçirir.

Qeyd edək ki, ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi də öz həllini tapıb. Bu barədə Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası” təsdiqləyib. Sənədi Baş nazir Artur Rasi-sadə imzalayıb. Qayda Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan Azərbaycan Respublikasının vətəndaşı olan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Bu Qayda diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir. İşçilərinin sayı və ştat cədvəlləri isə ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilib. Aparatının işçilərinin əməkhaqqı bu qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilib. Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödənilir.

Qeyd edək ki, ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət də ödənilir. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində ödənilir. Qaydada qeyd olunur ki, onlar işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunur, bu məqsəd üçün ticarət nümayəndəsinin aparatının saxlanılması üçün nəzərdə tutulmuş xərclər smetasında İqtisadiyyat Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsasında ticarət nümayəndəsinin təyin olunduğu ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsinə uyğun müvafiq vəsaitlər nəzərdə tutulur. Tibbi sığorta mərkəzləşmiş qaydada bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibbi sığorta üzrə bağlanılmış müqaviləyə (tibbi sığorta müqavilələri bu sahədə tibbi sığorta proqramına uyğun olan həcmdə ticarət nümayəndəsinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanı verən sığorta şirkəti ilə imzalanır) əsasən həyata keçirilir.

Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən tibbi sığorta zərfi bu qaydanın 2 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilir.

Xəbər xətti