“Övladın arzusu, fikri bəzi valideynlər üçün önəmli deyil”

15:41 - 14 Mart 2018 - Cəmiyyət

Vəfa Rəşidova: “Təəssüflər ki, bir çox hallarda valideynlər uşaqlarını özləri olmaq istəyib, lakin ola bilmədikləri  mövqeylərdə görmək istəyirlər”

Məmmədova Arzu deyir ki, övladı üçüncü sinifdə oxuyur və qızını musiqi məktəbinə qoymaq istəyirlər: “Bunun üçün qızımı bir neçə dəfə kurslara göndərdim, nəticə istədiyim kimi olmadı. Musiqidən əlavə uşağı başqa sahələrə də yönəltmək istəmişik. Amma heç biri alınmadı”.  

Digər valideyn Abbasova Səbinə deyir ki, qızı 8-ci sinifdə oxuyur: “Fikrimiz var ki, 9-cu sinifdən çıxarıb texnikuma qoyum, tibb bacısı olmasını istəyirəm. Çünki qız üçün tibb baçısı ən yaxşı peşədir. Gələcəkdə rahat evində işləyib pulunu qazana bilər. Qızım özü isə informatika müəlliməsi olmaq arzusundadır.Lakin müəllimin maaşı azdır. Ona görə də, onun bu sahəyə getməsini istəmirik”. Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Vəfa Rəşidova bildirdi ki, bu mövzu ən maraqlı və həssas məsələlərdən biridir: “Ümumiyyətlə valideynlər, xüsusilə də azərbaycanlı ata və analar çalışırlar ki, övladlarını özlərinin istədiyi və seçdiyi ixtisaslara yönəltsinlər və gələcəkdə müxtəlif vəzifələrdə görsünlər. Əslində valideyn övladına özünü tanıması, bir şəxsiyyət kimi formalaşması üçün vaxt verməlidir. Çünki onun da öz istəkləri var. Təəssüflər ki, çox hallarda valideynlər uşaqlarını özləri olmaq istədikləri, lakin ola bilmədikləri mövqeylərdə görmək istəyirlər. Çünki buna həmin dövrdə onların ya savadları, ya da maddi imkanları çatmayıb, öz həyatlarını istədikləri kimi yaşaya bilməyiblər. Və bu da onların həyatında yaşanmamış bir arzu olaraq qalıb. Valideyn yaşaya bilmədiyi, ürəyində illərlə bəslədiyi arzunu uşağında görmək istəyir. Məsələn, ola bilər ki, valideyn nə zamansa həkim olmaq istəyib, amma alınmayıb”.

Psixoloqun sözlərinə görə, nəyisə istəmək də, arzulamaq da normaldır: “Amma uşağı nəyəsə məcbur etmək, onun fikir və düşüncələrini almadan, eyni zamanda repititorlara pul tökmək və alınmayanda da müəllimlərdən, uşaqlardan narazı qalmaq tamam başqa bir şeydir. “Bizim nəsildə  müəllim, yaxud həkim varsa, o da sən olmalısan” düşüncələri həddindən artıq çox yayılıb. Valideynlərin, “ sənin üçün nə deyirsən alım, amma təki sən həkim ol” fikirləri uşaqlar üçün bir zərbədir”.  
V.Rəşidova deyir ki, əslində mənə həmişə maraqlı olan məqam var, düzdür cavabını bilirəm, amma yenə də deyəcəm: “Valideyn üçün önəmli olan nədir? Axı niyə özünü dağa-daşa atır? Niyə özünü bahalı nələrsə almağa fəda edir? Nədi axı onların dərdi? Çox təəssüf hissi ilə bunu deyirəm. Nəticə etibarilə ortaya çıxır ki, valideyn bütün qohum-əqrəbasına, sülaləsinə, tanışlarına sanki nəyisə təsdiqləmək üçün bunu edir, bir özündən razı havasına girir. Valideynin özgüvəni o qədər aşağıdır ki, uşağı onların istədiyi yerə qəbul olanda, özgüvənləri qalxır və onun qabağında dayanmaq olmur. Vay o hala ki, həmin sahə üçün məcbur edilən uşaq, yeniyetmə yaxud gənc həmin ixtisasa qəbul olmasın. Bundan sonra dünya dağılır, dannaqlar, ittihamlar başlayır:  “ Filankəsin uşağına bax, o qəbul oldu, sən yox. Sən bacarıqsız oldun, kaş sənə bu qədər pul tökməzdim”. Amma başa düşmürlər ki, bu məqsəd deyil. Axı, niyə uşağı cəmiyyət üçün yarasız edirsiniz.. Belə olanda ailə konfliktləri başlayır, münasibətlər demək olar ki pozulur. Övlad qızdırsa, ata obrazı onun gözdə düşür. Ona görə ki, ata-ana onun bütün arzularını ən arxa planda qoyub, öz planlarını övladının üzərində reallaşdırmağa çalışırlar. Bax budur, övladının fikirlərinə hörmət etməyən valideynin davranışı. Kənardan nə qədər əcaib, məntiqəsığmayan, məntiqə əsaslanmayan bir davranış kimi görünür”. 

Psixoloq onu da əlavə etdi ki, məcburiyyət heç kimə xeyir verməyib. “Əksinə kin, küdurət, aqressiya yaradan bir hissdir. Məcburiyyət olan yerdə yarımçıq qalan işlər, münasibətlər ağıla gəlir. Aqressiya olan yerdə isə işdən, uğurdan söhbət gedə bilməz. Heç bir halda uşaq nəyəsə məcbur olunmamalıdır, onlarla söhbətlər aparmalı, sərbəstlik verilməlidir ki. seçimlərini özləri etsinlər”.
V.Rəşidova əlavə etdi ki, uşaqlar ən çox hüquqşunas və həkim peşələrini seçməyə məcbur edilir: “Qızlara isə daha çox müəllimlik yaraşır deyirlər. Niyə görəsən, qıza hüquqşünaslıq və ya psixoloqluq yaraşmır ki? Valideynlər uşaqlarına icazə verməlidir ki, istədikləri, arzuladıqları  peşələri seçsinlər. Öz istədikləri sahədə işləsinlər və həmin sahənin peşəkarı olsunlar. Peşə seçmək o qədər məsuliyyətli və önəmli bir məqamdır ki, onu düzgün seçmədikdə gələcəkdə ciddi problemlər yarana bilər. Çox təəssüf ki, valideynlərin çoxu bunu anlamırlar. Tanış ailələrdən birinin uşağının çox gözəl rəssamlıq qabiliyyəti var idi. Amma valideyn ona rəssamlığın arxasınca getməyə imkan vermədilər. “Qız uşağı şəkillər çəkəcək? rəssamlıqda pul yoxdur”  bu kimi düşüncələr var. O valideynlər bunun gözəlliklərini anlamırlar, həmin uşağın bütün arzularını içində boğdular. İnsanın daxilində arzuları boğulanda stress keçirir, həyata marağı azalır. Düşünürəm ki, fikir azadlığı peşə seçimində ilk sırada dayanmalıdır”. 

Könül Əhmədova

Xəbər xətti