Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları əsasında qurur

18:19 - 14 Mart 2018 - KİVDF

1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilib.

Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənib, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artıb, yerli özünüidarə orqanları formalaşıb. Konstitusiyada Azərbaycanın xarici siyasətinə də toxunulub. Bu barədə Milli Məclisin üzvü Hikmət Babasoölu bildirib: “  Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsipləri mövcuddur. Bu prinsiplər bir qayda olaraq daxili-siyasi reallıqların təsiri altında müəyyənləşir. Biz artıq əsaslandırmışdıq ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər sistemində davamıdır. Yəni ölkənin daxili həyatında cərəyan edən siyasi proseslərlə və həyata keçirilməli olan vəzifələrlə əlaqəli olan siyasi kurs dövlətin beynəlxalq arenada mövqeyinin və xarici siyasətinin prinsiplərini, istiqamətlərini müəyyənləşdirir. Bu mənada, xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi nəzərdən keçirmək lazımdır.

Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsipləri 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasında və ümummilli lider Heydər Əliyevin çıxışlarında öz əksini tapmışdır. Ölkə Konstitusiyasının 10-cu maddəsində Azərbaycanın xarici siyasətinin başlıca prinsipi önə çəkilərək qeyd olunur ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Ölkənin ali qanununa uyğun olaraq, Azərbaycan Respublikası konkret sahələr üzrə xarici siyasətini reallaşdırarkən konkret prinsiplərə əsaslanır. Bu Azərbaycan Respublikasının xarici siyasi kursunun özünəməxsusluqlarını səciyyələndirən əlamətlərdəndir. Belə ki, siyasi, iqtisadi, mədəni və digər sahələrin xarakterinə uyğun olaraq konkret prinsiplər rəhbər tutulur. Məsələn, Azərbaycan Respublikasının siyasi müstəvidə xarici siyasətinin mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq, regional və dövlətlərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdən, bütün dövlətlərin suveren hüquqlarına, dövlət sərhədlərinə və ərazi bütövlüklərinə hörmətlə yanaşmaqdan ibarətdir. Uyğun olaraq iqtisadi sahədə də xarici siyasətin əsas mahiyyətini qarşılıqlı-faydalı əməkdaşlıq etmək, iqtisadi maraqların uzlaşdırılması, uyğunlaşdırılması, qarşılıqlı təminat mexanizminin yaradılması və onun qorunması təşkil edir.

Mədəni sahədə Azərbaycan Respublikasının xarici siyasətinin mahiyyəti dövlətlərarası əlaqələrə və ünsiyyətlərə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan, mənəvi sərvətlərin maneəsiz, azad və demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi irsinə hörmətlə yanaşmaqdan və s. ibarətdir. Azərbaycan Respublikasının xarici siyasətinin səciyyəvi xüsusiyyətləri vardır. Xarici siyasətimizin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin aktorları arasındakı münasibətlərin inkişaf istiqamətlərinə və dinamikliyinə uyğun olaraq, praqmatik və tarazlı xarici siyasəti həyata keçirir, qonşu dövlətlərlə hərtərəfli sıx əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir”.

Bu gün xarici siyasətimiz bu prinsiplər üzrə qurulur. Məhz Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti dünyanın qabaqcıl , inkişaf etmiş dövlətlərindən biridir. Bu barədə Prezident İlham Əliyev deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir... Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Bu gün bu siyasətin nəticəsidir ki, çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır.  Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki,  bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır. “Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir.İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda bu kimi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti bizə imkan verəcəkdir ki, regionlararası inkişaf üçün gələcəkdə də fəaliyyətimizi daha intensiv şəkildə quraq.Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlıdır. Bu regional məsələlərin həllində sülh və tərəqqi təşviqi baxımdan strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün ciddi addımlar atmışdır və görülən işlər regionun inkişafına və dünya birliyinə inteqrasiyasına öz töfhəsini vermişdir”

Nazirin sözlərinə görə. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz infrastruktur layihələri, eləcə də yaxın vaxtlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur. Bu əməkdaşların bünövrəsində isə hüquqi sənədlər durur. 

(ardı var)

Xəbər xətti