Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır

18:02 - 13 Mart 2018 - KİVDF

Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılacaq

Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat gələn həftədən - martın 19-dan başlayır. Bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb. Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlər səsvermə gününə 23 gün qalmış, yəni martın 19-da təşviqata başlaya bilərlər. Bu barədə Seçki Məcəlləsinin 75-ci maddəsində bildirilir. 75-ci maddənin 1-ci bəndində isə qeyd olunub ki,  səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Yəni,  Təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - aprelin 10-da dayandırılacaq. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentliyinə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti martın 12-də saat 18:00-da başa çatıb. MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Orucdur.
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə martın 12-də prezidentliyə namizədlik vəsiqələri təqdim olunub., Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Zahid Orucu və Araz Əlizadəni təbrik edib, vəsiqələrini onlara təqdim edib. MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib. Onun sözlərinə görə,  qarşıdan gələn president seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirəcək. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırıb.
Hazırda nəinki ölkəmizdə, həm də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin prezident seçkilərinə hazırlıq işləri ilə bağlı açıqlamasında məlumat verilir. Qeyd edilir ki, Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə kömək göstərir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur.Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə martın 13-də Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən işçi qrupun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub.
Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının – aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib.Azərbaycan Respublikasının 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.
Xatırladaq ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycandaki prezident seçkilərinə müşahidəçilər göndərəcəklər. Onlardan biri də İslam Əməkdaşlıq Təşikatıdır. Hazırda müşahidə missiyası üzvlərinin sayı və tərkibi formalaşdırılır.  Belə təşkilatlardan biri də ATƏT-dir.ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda səfərdədir. Xatırladaq ki, daha əvvəl N.Sena ATƏT PA-nın prezidenti Giorgi Tsereteli tərəfindən aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru təyin edilib. "Qarşıdakı prezident seçkilərində ATƏT-in xüsusi koordinatoru kimi xidmət edəcəyim üçün qürur duyuram. Bu səfəri faydalı hesab edirəm. Azərbaycan və ATƏT-ə öz töhfəmi verəcəyimə görə şadam", - N.Sena bildirib.O, Bakıya səfəri çərçivəsində PA nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirmək, həmçinin Milli Məclis və İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilən "İqtisadi əməkdaşlıq və mədəni əlaqələrin möhkəmləndirilməsində parlamentarilərin rolu" adlı konfransda iştirak etmək niyyətindədir.
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq. Bu  missiyaya isə Hollandiyadan olan Korien Yonker başçılıq edir. Ümumiyyətlə, uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən etibarən ölkənin regionlarına göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir. Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün DTHİB əlavə olaraq 280 qısamüddətli müşahidəçi göndərəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkəni təmsil edirlər. Aprelin 12-də ATƏT DTİHB missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.

 

Xəbər xətti