“Ən böyük istəyim Azərbaycan Xalq Çalğı alətləri orkestrinin səs diapazonunu 7 oktavada görməkdir”

12:56 - 14 Mart 2018 - Müsahibə

Məmmədəli Məmmədov: “Məqsədimiz unudulmuş Azərbaycan milli musiqi alətlərimizi bərpa edib xalqa təqdim etməkdir”

“Musiqi alətlərimizin təkmilləşdirilməsi zamanı dünyəvi musiqi alətlərində aparılmış elmi tədqiqat işlərinin Azərbaycan milli musiqi alətlərində tətbiq olunmasına çalışırıq. Avropa musiqi alətlərinin ifasında biz elə bir problem görə bilmərik. Çünki həmin alətlərin təkmilləşdirilməsi elmi əsaslara, müəyyən ölçülərə, əmsallara əsaslanır” - bu sözləri bizimlə söhbətində Azərbaycan Milli Konservatoriyasının Elmi tədqiqat laboratoriyasının rəhbəri  Məmmədəli Məmmədov dedi. O bildirdi ki, Azərbaycan musiqi alətlərini bu səpkidə təkmilləşdirmək üçün, ilk öncə alətlərin ölçü sistemlərinə fikir vermək lazımdır. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlərə təqdim edirik.

- Milli musiqi alətlərimizin daim təkmilləşdirilməsi vacibdirmi?
- Əlbəttə, birmənalı olaraq vacibdir. Çünki əgər biz öz milli musiqi alətlərimizi başqa Avropa dəyərlərinə söykənən musiqi alətləri ilə müqayisə etsək görərik ki, milli musiqi alətlərimizin həll olunmamış problemləri var. Tarımızda, kamançamızda, sazın özündə də kök sistemində, müəyyən pərdələrində və s. zaman-zaman təkmilləşmə prosesi gedərək bugünkü səviyyəyə çatmışdır. Əgər zamanında, yüz il bundan öncə Sadıqcan müəllim o təkmilləşmə işlərini görməsəydi, tarımızın səs diapazonu bu qədər olardımı? Kamança musiqi aləti əvvəllər 1-2 simli, bugünkü gün 4 simli olub. Yeni hazırladığım layihədə isə kamança 6 simlidir. Hansı ki, mən bu layihəni artıq Alim Qasımovun ansamblına təqdim etmişəm və Rauf müəllim ilk dəfə bu kamançanı ABŞ-da ifa edəcək. Bu kamançanın həm səs diapazonunu, həm də imkanlarını genişləndirmişik.

- Musiqi alətlərində yaranan problemləri necə anlayırsınız? 
- Əslində bu problemləri bizə musiqiçilər deyirlər. Yüksək səviyyəli tarzənlərimiz, Möhlət Müslümov, Ağasəlim Abdullayev kimi peşəkar müəllimlərimiz bu problemləri deyir və biz də bunları həll etməyə çalışır, onun haradan qaynaqlandığını araşdırırıq. Məsələn, son günlərdə bir nəfər tarından vızıltı səsi gəldiyinə görə şikayətlənirdi. Bununla bağlı çox yerə müraciət etsə də problemi aradan qaldıra bilməmişdilər. Həmin tara baxıb məsələni aradan qaldırdıq. Problemin nəyin nəticəsində yarandığını və s. araşdıraraq kökündən həll etdik. Ətrafımızda olan peşəkar musiqiçilərdən demək olar ki, hər zaman bəhrələnirik. Onlar alətlərdə olan problemləri bizə deyir və biz də həmin problemləri elmi əsaslarla həll etməyə çalışırıq. Çünki tar milli musiqimizin dəyərli incisidir.

- Təkmilləşdirdiyiniz alətlər bu gün istifadə olunurmu ?
- Təbii ki, təkmilləşdirdiyimiz alətlər, məsələn, bəm kamança, çəng, qoşaçanaq kontur kamança, qoşaçanaq bas kamança və s. bu gün istifadə olunur. Tələbələrimiz təkmilləşdirdiyimiz tarlara, kamançalara və s. müraciət edirlər. Eyni zamanda gördüyümüz təkmilləşmə-bərpa işləri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçir və bu alətlərə şəhadətnamələr verilir. Elmi tədqiqat laboratoriyamızda mənim 60-a yaxın elmi tədqiqat işim Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib.

- Alətləri təkmilləşdirərkən əsasən nələrə fikir verirsiniz ? Alətin səs effekti və ölçülərini nəzərə alırsınızmı ? 
- Burada hər bir şey önəmli rol oynayır. Musiqi alətlərimizin təkmilləşdirilməsi zamanı dünyəvi musiqi alətlərində aparılmış elmi tədqiqat işlərinin Azərbaycan milli musiqi alətlərində tətbiq olunmasına çalışırıq. Avropa musiqi alətlərinin ifasında biz elə bir problem görə bilmərik. Çünki həmin alətlərin təkmilləşdirilməsi elmi əsaslara, müəyyən ölçülərə, əmsallara əsaslanır. Azərbaycan musiqi alətlərini bu səpkidə təkmilləşdirmək üçün, ilk öncə alətlərin ölçü sistemlərinə fikir veririk. Məsələn, Azərbaycan tarını təkmilləşdirərkən biz yüzlərlə tarı bu laboratoriyaya cəlb etdik və onların hər birinin ölçü sistemlərini çıxartdıq. Bu proses çox uzun illər ərzində davam etdi. Götürdüyümüz ölçülərin hamısını bir-biri ilə müqayisə etdik. Heç bir tarda ölçü sistemləri üst-üstə düşmədi.

- Laboratoriyada alətləri təkmilləşdirərkən başqa yeni alətlərin də yaranması üzərində çalışırsınızmı? 
- Bəli, laboratoriyamızda yeni musiqi alətləri də yaranır. Biz əsas üstünlüyü alətlərimizin daha yaxşı səs effekti verməsi üçün təkmilləşdirilməsinə veririk. Laboratoriyamızda yaylı tar, yaylı saz, elektro kaman və s. kimi alətləri misal göstərmək olar. Laboratoriyamızda bu günə qədər 16 adda yaylı-kamanlı musiqi alətləri yaranıb. Yaylı əsa, qoşaçanaq bas kamança, qoşaçanaq kontur kamança, təkmilləşmiş bəm kamança, yaylı qopuz, yaylı ərğanun və s. bu tipli alətlərdəndir. Bu musiqi alətlərindən elələri var ki, Azərbaycan Xalq Çalğı alətləri orkestrinin səs diapazonunu artırmaq üçün nəzərdə tutulub. Belə ki, bunlar kontrabası, violonçeli, altı əvəz edən musiqi alətləridir. Yeni yaranan alətlərimizdən ibarət ansambl, orkestrin olmasını çox istərdim. Fəxrəddin Dadaşovun rəhbərliyi altında bu səpkidə ərsəyə gələn “Əsrlərin sədası” adlı ansamblı mövcuddur.

- Yeni yaranan alətlərdən hal-hazırda istifadəyə verilənlər varmı?
 - Əlbəttə, var. Təkmilləşmiş bəm kamança, çəng, təkmilləşdirilmiş tarlar və s. hal-hazırda orkestrda istifadədədir.

- Milli Konservatoriyada “Qədim alətlər ansamblı” fəaliyyət göstərir. Bu ansamblın fəaliyyəti sizi qane edirmi? 
- Onlar təbii ki, öz dövrünün musiqi alətləridir. O alətləri təkmilləşdirmək çox çətindir, çünki onlar öz zamanının tələblərinə uyğunlaşmışdır. Bu alətləri təkmilləşdirənləri də alqışlamaq lazımdır. Sadıqcan müəllim, Məcnun Kərimov və başqa tədqiqatçılar alətlər üzərində çox zəruri təkmilləşdirilmələr aparmışlar. Qeyd edim ki, təkmilləşdirmə və bərpa işlərimiz müəyyən ehtiyaclar və zərurətdən doğur. Bizim məqsədimiz Azərbaycan Xalq Çalğı alətlərinin səs diapazonunu artırmaq, onlardakı problemləri aradan qaldırmaq, unudulmuş Azərbaycan milli musiqi alətlərimizi bərpa edib xalqımıza təqdim etməkdir.

- Yeni yaranan alətlər orkestrda nə kimi müsbət təsirlər göstərə bilər ?
- Yeni yaranan musiqi alətləri diapazonu artırmaq funksiyası daşıyır. Hansı ki, bu alətlər Xalq Çalğı alətləri orkestrinin diapazonunu simfonik orkestrin diapazonuna bərabər etməyə qadirdir. Bir məqamı da qeyd etmək istərdim ki, əgər dövlətimiz Azərbaycan Xalq Çalğı alətlərinin təkmilləşdirilməsi və bərpası ilə bağlı institutu yaratsaydı, ora külli miqdarda vəsait ayrılmalı və çoxlu mütəxəssis cəlb olunmalı idi. Amma bunu öz imkanlarımız daxilində yaratdıq. Lakin artıq bizə də dəstək lazımdır. Ona görə ki, biz milli alətlərimizi təkmilləşdirərək Xalq Çalğı alətləri orkestrinin səs diapazonunu Simfonik orkestrin səs diapazonuna bərabər edək. Hansı ki, bu orkestrda bütün dünya bəstəkarlarının əsərlərini ifa etmək mümkün olsun.

- Yeni yaranan musiqi alətlərinə tələbələr maraq göstərirmi? 
- Bəli, tələbələr də maraq göstərirlər. İmkanları çatsaydı hər alətdən 3-4 ədəd alardılar. Sadəcə buna maddi imkanları çatmır.

- Alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaranmasına göstərilən diqqət sizi qane edirmi? Yoxsa bu sahədə hələ bir az da çalışmaq lazımdır? 
- Biz bu işləri görən zaman Müəllif Hüquqları Agentliyi ilə də əməkdaşlıq edirik. Belə desək, sırf mənə göstərilən diqqət birmənalı olaraq məni qane edir. Hətta, buna görə sevinirəm. Çünki məni çox yüksək səviyyədə qəbul edir və işlərimə hörmətlə yanaşırlar. Onu da qeyd edim ki, bu laboratoriyaya Heydər Əliyev fondunun dəstəyi ilə gəlmişəm. Həmçinin, Mədəniyyət Nazirliyi də mənə yüksək səviyyədə qayğı göstərir. Bura gəldiyim zaman Siyavuş müəllim də mənə böyük diqqətlə yanaşdı. Hətta onun dediyi sözlər indi də yadımdan çıxmır: “Məmmədəli müəllim Allah Təala sizi bizə hədiyyə göndərib”. Təbii ki, bu cür etimad göstərilməsi üzərimə çox böyük məsuliyyət hissi qoyur. Onu da vurğulayım ki, 16 il müddətində Azərbaycan SSRİ Elmlər Akademiyasının elmi-tədqiqat laboratoriyasında işləmişəm. Ümumiyyətlə, tədqiqat işlərini Elmlər Akademiyasında tam şəkildə anladım.

- Son olaraq, bu sahədə ən böyük istəyiniz nədir ? 
- Mənim ən böyük istəyim Azərbaycan Xalq Çalğı alətləri orkestrinin səs diapazonunu 7 oktavada görməkdir.

Nazlı Allahverdiyeva

Xəbər xətti