“Hərə bir cür tərbiyə edir - kimisi sözlə, kimisi kötəklə”

12:37 - 14 Mart 2018 - Cəmiyyət

Aydan Nəzərova: “Uşaq bir səhv hərəkət edən zaman “olmaz” demək düzgün deyil, onun səbəbini uşağa izah etmək lazımdır ki, o öz səhvini başa düşsün”
Lalə Mehralı: “Əksər valideynlər uşağa evə gələn qonağı göstərib “əmiyə bir söy görüm” deyir, uşaq böyüyəndən sonra ağzı söyüşlü biri olanda isə valideyn harda səhv etdiyini düşünür”

Uşağın gələcək həyatında düzgün tərbiyənin rolu böyükdür. Hər valideynin də özünəməxsus tərbiyə üsulu var. Amma bəzən valideynlər sonradan peşman olurlar ki, bu üsulda tərbiyə etdim, yanaşdım deyə istədiyim nəticəni almadım. Bəs əslində necə etmək lazımdır, uşaqları düzgün tərbiyə etmək üçün döymək çarədirmi? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən uşaq psixoloqu Aydan Nəzərova bildirdi ki, hazırda valideynlərimiz arasında sovet dövrünün cəzalandırma metodikası ilə gedənlər çoxdur: “Küncdə dayan, bir ayaq üstündə dayan, noxudu yerə tök, onun üstündə dayan, yaxud otağa salıb qapını üzünə bağlayırdılar. Bəzən uşaqlara qorxu gəlirdilər ki, yeməyini yeməsən qara paltarlı kişi gəlib səni aparacaq, sənin anan olmayacam, səni uşaq evinə verəcəyik və s. bu kimi mənfi təsirli cümlələr, sözlər işlədirdilər. Bu da uşaqlarda şəxsiyyətin formalaşma dönəmində uşaqlarda çox böyük qüsurlar - itirmə qorxusu, natamamlıq kompleksi, fobiyalar, həyəcan təşvişi yaradırdı. Stressə davamsız, özgüvənsiz olurdular. Valideynlərin bu cür davranışları uşaqlarda psixoloji narahatlıqların formalaşmasına gətirib çıxarır.  Ona görə də valideynlər uşaqlarla davranarkən hər zaman çox diqqətli olmalıdırlar. Misal üçün, uşağın əli dəyib stəkanı sındıran zaman bəzi valideynlər ona kobud şəkildə “korsan, görmürsən?!” kimi sözlər deyirlər. Amma daha yaxşı olar ki, bir az yumşaq şəkildə, “balam, sən bunu görmədin sındırdın? Bax indi biz buna təzədən pul verib almalıyıq” kimi sözlərlə giriş etsinlər. Amma valideynlərin çoxu uşaqla münasibətdə səbrsiz davranır, uşaqla zaman keçirməyi böyük bir iş kimi görürlər. Özlərinə əziyyət vermir, özləri sovet dövrünün təsiri altında böyüdükləri üçün uşaqlarını da bu təsirdə böyütmək istəyirlər. Amma bununla uşağa aqressiya yönləndirmiş olduqlarını düşünmürlər”.

Psixoloqun sözlərinə görə valideynlərin cəzalandırma növləri müxtəlifdir: “Məsələn, valideynlər uşaqlara söz-əl şiddəti yönləndirməməlidir.  Çünki uşaqların beyni ağ kağızdır, biz onlara nə desək onu etməyə başlayacaqlar. Söz-əl şiddət olaraq valideynlər tərəfindən uşaqlara qarşı işlədilən bəzi ifadələr (söyüşlər) var ki, onları istifadə etmək olmaz. Bu düzgün bir addım deyil. Texnologiya əsri olduğu üçün uşaq bilmədiyi sözün mənasını girib internetdə araşdırıb öyrənəcək. Həmin sözü axtaran zaman orada ona bənzər bir neçə sözü də öyrənmiş olacaq. Valideynlər göz görə-görə övladlarını mənfiyə istiqamətləndirməli deyillər. Uşağı qarşımıza qoyub onunla söhbət etməli, izah etməliyik.  Uşaq bir səhv hərəkət edən zaman “olmaz” demək düzgün deyil, onun səbəbini uşağa izah etmək lazımdır ki, o öz səhvini başa düşsün. Əgər biz uşağa ancaq “etmə, eləmə, olmaz, dəymə” sözlərini desək, bir gün səbri daşacaq. Düşünəcək ki, görəsən bu olmazlar nədir, qoy gedim bunu edim görüm nə olur... Və gedib onu edəcək, yanlışlara, uçuruma gedəcək”.

Psixoloq uşaqlarla düzgün davranmaq üçün Bihevioral Koqnitiv Terapiya (cəza-mükafat) növündən istifadə etməyi məsləhət gördüklərini vurğuladı: “Uşaqları eyni anda nə yaxşı hətrəkətlərinə görə mükafatlandırmalı, nə də pis hərəkətlərinə görə cəzalandırmalıyıq. Valideynlər uşaqların həm cəzasını, həm də mükafatını verməyi bacarmalıdırlar. Uşağa qorxu gəlməklə, döyməklə, etik qaydalara uyğun olmayan hər hansı bir ifadələr səsləndirməklə cəza vermək olmaz. Uşaq nəsə bir səhv hərəkət edəndə ana deyir ki, axşam atan evə gələndə deyəcəm səni döysün, öldürsün. Atanı uşağın gözündə əzrailə çevirmək olmaz”. 

A.Nəzərova deyir ki, bu gün yaşanılan problemlərin bir çoxu nənə-babalarla bağlıdır: “ Düzdür, nənə-babalar başımızın tacıdır, amma burda bir nüansı qeyd etmək lazımdır. Nənə-babalar bir az səbrsizdir, nəvələrinin ağlamasını istəmirlər, ona görə də valideynlərə deyirlər ki, uşağı ağlatma, nə istəyirsə ver. Bu düzgün tərbiyə metodu deyil, uşaq hər ağlayıb, qışqıranda istədiyini vermək olmaz. Bir amili də də qeyd edim ki, uşaqların şəxsiyyətini cəmiyyət içində sındırmaq, alçaltmaq olmaz. Misal üçün, yeniyetmə bir uşaq gəlib valdieynlərinə deyir ki, dostlarımla filan yerə getmək istəyirəm. Ana” olmaz”, ata isə “hə qoy getsin, burda nə var ki?” deyir. Belə ailələr əsassız ailələrdir. Ata, ana başqa-başqa sözlər deyir, uşaq da ortalıqda qalır. Nəticə olaraq ata və ana dalaşır, uşaq da gedib istədiyini edir. Ona görə uşaqikən övladlarımızı düzgün yöndə tərbiyə etməliyik ki, artıq böyüyəndə bu kimi problemlərlə rastlaşmayaq. Uşaqların etdiyi yaxşı hərəkətlərə görə mütləq şəkildə onları mükafatlandırmaq lazımdır ki, həvəslənsinlər. Valideyn olmaq asandır, hər kəs valideyn ola bilər. Əsas olan o statusu daşımaq, vəzifə və öhdəliklərini yerinə yetirməkdir. Əgər biz bunu edə biliriksə, deməli əsil valideynik”.   

A.Nəzərova onu da qeyd etdi ki, nə fiziki, nə də sözəl şiddəti uşaqlara uyğulamaq olmaz: “Uşaqlar nə görürsə, gələcəkdə də onu təkrar edirlər. Düzgün tərəfdən istiqamətləndirmək lazımdır ki, onlar da gələcəkdə öz övladlarını düzgün tərbiyə etməyi bacarsınlar.  Valideyn uşağını tərbiyə etmək üçün döyürsə, bu kimi cəzalar verirsə onun daxilində aqressiya yaranır, psixologiyası pozulur. Valideynlər çalışmalıdır ki, bu aqressiya ilə gələcəyin psixopatını yetişdirməsinlər”.

Psixoloq əlavə etdi ki, xarici ölkələrin təcrübəsində isə tərbiyə metodu daha yaxşıdır: “Orda uşaqları döymək, qışqırmaq yoxdur.  Avropada Bihevioral Koqnitiv Terapiya istiqamətli tərbiyə metodu aparılır. Yəni, uşağa məsuliyyət yükləyərək, izahat və emosional cəzalar verərək uşaqları tərbiyə edirlər. Uşaq artıq etdiyi səhvi başa düşməlidir. Bizim cəmiyyətdə uşağın səhvini ona izah etmək sistemi bir az zəifdir”.

Jurnalist-sosioloq, Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı isə bildirdi ki, gələcəyimizin qurucularını hərə bir cür tərbiyə edir - kimisi sözlə, kimisi kötəklə... Təəssüfləndirici bir haldır ki, indi uşaq tərbiyəsində ən çox əl atılan üsul fiziki cəzadır: “Halbuki tərbiyələndirmədə cəza verməyin onlarla növü var və onların heç biri zorakılıq tətbiq etmək demək deyil. Valideynlər cəza verməyə, adətən, uşağı küncə qoymaqla başlayırlar. Sonrakı mərhələləri, zənnimcə, deməyə ehtiyac yoxdur. Əvvəlcə bir şillədən başlayır, sonra iki, üç və daha çox şillə, qulaqdartma, saçlarını çəkmə, əllərinə vurma. Vəziyyət getdikcə pisləşir, valideyn daha əllərinə güvənmir, uşağa cəza verəndə başqa əşyalardan istifadə edir. İlkin vaxtlarda uşağın arxasınca atılan bir ayaqqabı, hansısa bir oyuncaq, televizorun pultu, stol üstündəki qəndqabı, stəkan olurdu. Amma vaxt keçdikcə valideyn bununla da kifayətlənmir, indi mətbəxdəkı "köməkçilər" işə düşür, böyük taxta qaşıq, oxlov... və bu cür valideynlər bütün bu üsulları "cəza" adlandırmaqla övladlarına "tərbiyə" verməyə çalışırlar”. 

L.Mehralının sözlərinə görə, bir çox valideyn var ki, uşağı zorla yedirir: “Mən psixoloq deyiləm, amma bir uşağın zorla yedirilməsinin ona mənəvi əziyyət olduğunu anlamaq üçün psixoloq olmağa ehtiyac yoxdur. Uşaqları heç vaxt məcburən yedirtməyin. Bu zaman uşaq anadan sevgi yox, zorakılıq görür. Çünki o anlamır ki, siz onu yedirtməklə onu sağlam böyütmək niyyətindəsiniz, o sizin niyə belə etdiyinizə təəccüb edir. Belə uşaqlar isə gələcəkdə hər şeyin yalnız zorakılıq sayəsində mümkün olduğuna inanırlar. Bunun nəticəsidir ki, həmin usaqlar böyüyüb valideyn olduqları zaman onlara göstərilən zorakılığı öz uşaqlarına tətbiq edirlər. Uşağa özündən böyüklərlə istədiyi kimi rəftar etməyə icazə verdiklərindən onlar böyüklərin saçını dartır, əllərindəkini istəyirlər. Ana isə bunlara şıltaqlıq kimi baxır. Lakin uşaq böyüyən kimi bu xasiyyəti birdən-birə qadağan edirlər. Uşağa elə gəlir kı, onunla ədalətsiz rəftar edirlər. Buna görə o, tərslik edir, sözə qulaq asmır. Əvəzində valideyn uşağı cəzalandırır”. 

Jurnalist-sosioloq qeyd etdi ki, əksər valideynlər evə gələn qonağı uşağa göstərib “əmiyə bir söy görüm” deyir, uşaq böyüyəndən sonra ağzı söyüşlü biri olanda isə valideyn harda səhv etdiyini düşünür: “Düzdür, bir çoxumuzun övladı həddindən artıq dəcəldir, hiperaktiv adlandırılan, çətin tərbiyə olunan tipdəndir. Zorakılığa əl atmağımızı, cəza verməyimizi də çox vaxt bununla əlaqələndiririk. Tərbiyə vermək deyəndə bir çoxunun ağlına ilk olaraq cəzalandırma gəlir. Hələ el arasında belə bir məsəl də var, "qızını döyməyən dizini döyər". Burada "döyməyən" sözünü dırnaqda qəbul edib, tərbiyə verməyən kimi anlamaq lazımdır. Əslində, tərbiyə etmək və cəzalandırmaq bir-birindən çox fərqli anlayışdır. Tərbiyə - uşağa müsbət davranışların aşılanması, özünü aparma qaydaları, başqalarına münasibət, ətraf aləmə sevgi kimi dəyərləri özündə birləşdirir. Cəzalandırma isə mənfi məna verir, uşağın bilərəkdən və ya bilməyərəkdən etdiyi bir hərəkətə görə çıxarılan "hökm"dür. Uşaqlar zamanla verilən cəzaya bir növ adaptasiya olurlar, onlar artıq növbəti cəzanın necə olacağını düşünmürlər. Düşündükləri bircə şey var: "keçən dəfə də pis hərəkət etmişdim, bir şillə ilə cəzalandırıldım, qoy bu dəfə lap iki şillə olsun, heç nə olmaz". Bu hallarda onları tərbiyə etməyin ən yaxşı yolu iki şillə yerinə tənəli bir baxış, danlamaq və yaxud da ondan küsməkdir. Uşaqlar valideynin onlardan küsməsinə daha çox reaksiya verirlər. Onlar ata-analarını çox sevdiklərindən onları bir də məyus etməmək haqda düşünürlər”.

Könül Əhmədova

 

Xəbər xətti