"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

16:20 - 13 Mart 2018 - İQTİSADİYYAT

Novruz bayramı günlərində abunəçiləe fasiləsiz olaraq elektrik enerjisi ilə təmin ediləcəklər. 


"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

"Bayramı günlərində ehtiyat tədbirləri gücləndiriləcək. İstehlakçıların, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, martın 20-dən 27-nə qədər “Azərişığ”ın Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. 

Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq", - deyə o, qeyd edib. 

Xəbər xətti