Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulub

18:17 - 12 Mart 2018 - KİVDF

Ölkəmiz dünya dövlətləri birliyində öz layiqli yerini tutub

Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühüm addımlar atıb. Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib. 1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü ilə bağlı xalqımızı təbrik edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatıb. Azərbaycan xalqı öz müstəqilliyinə nail olub. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçib. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”.

Bəli, qarşıda böyük vəzifələr dururdu. Güclü hüquqi dövlət qurmaq üçün xarici siyasət sahəsində də önəmli addımlar atılmalı, balanslaşdırılmış siyasət yeridilməli idi. Bu barədə Hikmət Babaoğlu deyib: “Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Çünki artıq qeyd etdiyimiz kimi, dünyada mövcud olan güc mərkəzlərindən ancaq birinə meyilli xarici siyasətin yeridilməsi dövlətin mövcudluğu üçün böyük təhlükə yaradır və ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Bu baxımdan Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasətin yeridiləməsi prinsipinə böyük həssaslıqla yanaşır. Belə ki, Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir beynəlxalq güc mərkəzi ilə bərabərhüquqlu qarışılıqlı-faydalı əlaqələr qurub. Eyni zamanda, bütün nüfuzlu brynəlxalq və regional təşkilatlara üzv olmaq, onlarla yaxından əlaqələr qurmaq və onların işində yaxından iştirak etmək də məhz bu prinsipdən irəli gəlir. Ümummilli lider Heydər Əliyev bu prinsipin daha önəmli olmasını hakimiyyətinin ilk günündən müəyyənləşdirib. Bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin ən yüksək səviyyədə dayanıqlı olmasını təmin etmək, ardıcıl, düşünülmüş taktiki addımlar atmaqla ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus, layiqli yer tutmasını şərtləndirmək naminə regionun digər dövlətlərinin milli maraqlarına toxunmamaq şərti ilə balanslaşdırılmış xarici siyasi kursu reallaşdırıb”.

Bu siyasətin nəticəsidir ki, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri və 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Bu isə Heydər Əliyevin yeni neft strategiyasının nəticəsinin təzahürü idi.

Respublikamızda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız hüquqi, demokratik dövlət təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək hüquq sisteminin fundamental əsaslarını təşkil edən və məhkəmə-hüquq islahatlarının keçirilməsinə zəmin yaratdı.
2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Respublikası Avropa ailəsinin tamhüquqlu üzvü kimi Avropa Şurasına qəbl olundu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşuldu.

Ulu öndərimiz Heydər Əliyev siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasəti də bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmasına, azad vətəndaş cəmiyyəti formalaşdırılmasına xidmət edir. Bunun nəticəsidir ki,  dünya dövlətləri birliyində öz layiqli yerini tutan respublikamızda iqtisadi müstəqilliyimizin və xalqımızın yüksək maddi rifahının, dünya azərbaycanlıların ümummilli ideya - azərbaycançılıq və milli dövlətçilik, milli-mənəvi dəyərlər ətrafında birləşməsinin möhkəm özülü yaranıb.

Ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığı, milli maraqlara əsaslanır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu, o deməkdir ki, Azərbaycan apardığı həm daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Hərbçilərimiz bu gün Əfqanıstanda NATO-nun komandanlığı altında xidmət edirlər. Həmçinin Azərbaycanın Əfqanıstana yükdaşımalara çox böyük töhfəsi var. Bu modelin əsas xüsusiyyəti inkişafın yeni mərhələsində "qara qızıl"ın insan kapitalına çevrilməsindən ibarətdir. Bunu Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Novruz Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının çoxşaxəli fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional təhlükəsizliyin təmin olunması, terrora qarşı mübarizədə beynəlxalq koalisiyanın tərkibində fəal iştirak və nəqliyyat-enerji sahəsində sıx əməkdaşlıq məsələləri prioritet olub. “Bu sırada diplomatiya tariximizə qızıl hərflərlə yazılmalı olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi qeyd etmək gərəkdir. Müəyyən dairələrin əngəllərinə baxmayaraq, ölkəmiz BMT-nin 155 üzvünün səsini ala bilib! Şübhə yoxdur ki, bu uğurun arxasında gərgin və geniş əhatəli diplomatik fəaliyyət durur”. Novruz Məmmədov bildirib ki,  Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olması faktı özlüyündə çox məqamlardan xəbər verir. “Belə ki, müstəqilliyini yenicə bərpa etmiş bir müsəlman ölkəsi iki mühüm beynəlxalq təşkilatda ciddi və səmərəli fəaliyyət göstərə bilir. Sivilizasiyalar arasında müəyyən ziddiyyətlərin mövcud olduğu bir mərhələdə bu, asan iş deyil”. Onun sözlərinə görə, əsas məqsəd sadəcə beynəlxalq qurumlara üzv olmaqla məhdudlaşmır. “Hər bir təşkilatda fəallıq göstərmək, təşəbbüslər irəli sürmək və dünya təhlükəsizliyinə töhfə vermək lazım gəlir. Azərbaycan diplomatiyası bu çətin vəzifənin öhdəsindən uğurla gəlir. Bakıda bir-birinin ardınca sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əməkdaşlığa və dialoqun təşkilinə aid mötəbər beynəlxalq tədbirlər təşkil edilir”.

Ayrıca olaraq, Azərbaycanın təşəbbüsü ilə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın multikulturalizm dəyərlərinə, beynəlxalq dialoq və dinlərarası anlaşmaya nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Eyni zamanda, Heydər Əliyev Fondunun bu istiqamətdə çox böyük əhəmiyyəti olan proqramları reallaşıb ki, bütün dünya bunu etiraf edir. Həmin kontekstdə UNESCO xətti ilə həyata keçirilən tədbirlərin xüsusi yeri vardır.

(ardı var)

Xəbər xətti