Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir

18:25 - 9 Mart 2018 - KİVDF

Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur

Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur. Konstitusiya, həmçinin ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Təsadüfi deyildir ki, siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və s. sahələrdə insan fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən konstitusiyalar bu və ya digər dövlətin hüquq sistemində ən ali yer tutur. Bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Onun sözlərinə görə. müasir demokratik dövlətlərin qanunvericilik sistemlərinin əsası olan konstitusiyaları bütün digər hüquqi aktlardan fərqləndirən səciyyəvi xüsusiyyətlər mövcuddur. “Bunların sırasında konstitusiyaların xalq tərəfindən qəbul edilməsi, təsisedici mahiyyət daşıması, cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi, aliliyi və ən yüksək hüquqi qüvvəsi, qəbul olunması və onlara əlavə və dəyişikliklərin edilməsinin xüsusi qaydasının nəzərdə tutulması kimi xüsusiyyətləri sadalamaq mümkündür.

Konstitusiya təsisedici mahiyyət daşıyır və konstitusiya tənzimləməsi ictimai münasibətlərin bütün sahələrini əhatə edir. Konstitusiyanın təsisedici mahiyyəti həm də onun dövlət, cəmiyyət və şəxsiyyət arasındakı münasibətlərin əsasını təşkil etməsində, dövlətin və cəmiyyətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən etməsində özünü göstərir. Konstitusiya dövlət hakimiyyəti orqanlarının və konstitusiya hüququnun digər vacib subyektlərinin hüquq və vəzifələrini əks etdirir və bununla da, onların Əsas Qanunun ümumi konsepsiyasına müvafiq fəaliyyətini istiqamətləndirmiş olur”.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. “Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Əsas qanunda nəzərdə tutulur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”.

Göründüyü kimi Azərbaycan xalqı öz suveren hüququnu həm də ümumxalq səsverməsi – referendum vasitəsilə həyata keçirir. Məsələn, Konstitusiyada əlavə və dəyişikliklər də referendumla həyata keçir. Ötən il, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib. Bu referendumun müstəqil Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edirdi. Çünki müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan ötən müddət ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində mühüm addımlar atılmışdı. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” reverendum qrupu tərəfindən fəkil edilmiş Kamaləddin Qafarov deyim. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirirlən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. “Bununla belə zamanın tələbindən irəli gələrərək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilib, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31dəyişiklik və əlavələr olunub. Həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv olunub, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənib, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşib, eyni zamanda hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapıb”.  Millət vəkili qeyd edib ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində isə 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunub. “Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi. Lakin dünya düzənində cərəryan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir. Yeri gəlmişkən, Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Millət vəkili bildirib ki, Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulub. Kamaləddin Qafarov deyib ki, dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırıb, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırıb. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilib. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir”.

Beləliklə, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu günün tələbidir, Azərbaycanın hüquqi dövlət quruculuqu istiqamətində atılan önə\mli addımdır.

 

 

Xəbər xətti