Azad və ədalətli seçkilər hər bir sivil dövlətin inkişaf və tərəqqisini təmin edir

18:17 - 9 Mart 2018 - KİVDF

Azərbaycan məhz bu yolla irəliləyir

Azad və ədalətli seçkilər hər bir sivil dövlətin inkişaf və tərəqqisini təmin edir. Azərbaycan da məhz bu yolla irəliləyir. Aprelin 11-də keçiriləcək növbədənkənar preziden seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi azad və demokratik qaydada keçiriləcək. Bu istiqamətdə həyata keçirilən tədbirlər, prezidetliyə namizədlərin qeydə alınması göstərir ki, seçki yüksək səviyyədə keçiriləcək.

Prezidentliyə namizədlərin  qeydə alınması isə davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) son iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. İclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb. Əvvəlcə Z.Orucun namizədliyinin qeydə alınması məsələsinə baxılıb və qeyd olunub ki, onun namizədliyinin müdafiəsi üçün təqdim edilən imzalar və müvafiq sənədlər namizdədliyin qeydə alınması üçün əsaslar yaradır.Sonra Z.Orucun prezidentliyə namizədliyi qeydə alınıb. Daha sonra A.Əlizadənin namizədliyinin qeydə alınması məsələsinə baxılıb və bildirilib ki, onun namizədliyin qeydə alınması üçün hüquqi əsasların olduğu müəyyən edilib. A.Əlizadənin namizədliyinin qeydə alınması səsə qoyulub və təsdiq olunub. Bundan sonra Q.Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb və onun namizədliyinin müdafiəsi üçün təqdim olunan imzaların və müvafiq sənədlərin yoxlanması nəticəsində namizədliyin qeydə alınması üçün hüquqi əsasların mövcud olduğu diqqətə çatdırılıb. Q.Həsənquliyevin namizədliyinin qeydə alınması səsə qoyulub və qəbul edilib. Beləliklə prezident seçkilərində namizədliyi qeydə alınan şəxslərin sayı 4-ə çatıb. Prezident seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınan şəxslər bunlardır:

Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb; 

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb. 
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmişdi. Bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə deyib. İşçi Qrupun rəhbəri qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməlidirlər. Yəni həmin gün tələb olunan imza vərəqələrinin və digər zəruri sənədlərin təqdim olunması başa çatır. E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “MSK imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.  Yuxarıda qeyd etdiyimiz kimi prezident seçkilərində namizədliyi qeydə alınan  şəxslərin sayı 4-ə çatıb.

Xatırladaq ki, Prezidentliyə namizədin qeydə alınması Seçki Məcəlləsinin 182-ci maddədəsində öz əksini tapıb. Bu maddənin 1-ci bəndində bildirilir ki,  Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar. Bildirilir ki, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilir, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilir. Qeydə alınmış hər bir namizədə isə qeydiyyat vəsiqəsi verilir.  Hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Bu arada seçkilərdə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaq məqsədilə Müstəqil Media Mərkəzi yaradılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, seçkilərdə aşkarlığı təmin ediləcək, ictimaiyyəti daim məlumatlandırılacaq. MSK sədri qeyd edib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub. Qabaqcıl ölkələrdə belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və şəffaf keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu, daha da təkmilləşdirilir. Məzahir Pənahov mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq deyib: “Mərkəz müasir telekommunikasiya imkanları ilə təmin olunub. Seçki subyektləri, namizədlər və onların səlahiyyətli nümayəndələri öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün mərkəzin imkanlarından istifadə edə bilərlər. Bununla yanaşı, yerli və beynəlxalq media nümayəndələrinin mərkəzdən istifadəsi üçün də lazımi şərait yaradılacaq.  Məzahir Pənahov  bildirib ki, Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar.  O qeyd edib ki, bu, qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları - onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”. 

Bildirək ki, çekiqabağı təşviqat martın 19-da başlayır. Artıq İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. Rrezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 25 manat müəyyən edilib. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında çıxış edə bilərlər.
İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq.

Prezidenr seçkilərini müşahidə aparmaq üçün isə dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib. Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.M.Pənahov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun missiyası müşahidəçi kimi sabahdan fəaliyyətə başlayacaq.

Xəbər xətti