Ana səhifə
16 Noyabr 2018

Qızlarımız əcnəbilərə ərə gedir; etnik tərkib dəyişir

Əhməd Qəşəmoğlu: «Qız və oğlanları öz ailəsinə, xalqına, millətinə bağlayan tellər 30 il bundan öncəki səviyyədə deyil»

 

«Ölkəmizdə ailə dəyərləri sahəsində maariflənməyə böyük ehtiyac var»

 

Son vaxtlar xarici vətəndaşlarla ailə quran qızlarımızın sayı artmaqdadır. Əvvəllər daha çox yaxın ətrafla ailə quran qızlarımız bu gün çəkinmədən müxtəlif ölkələrdən olan vətəndaşlarla evlənirlər. Ləman Caras da Türkiyə vətəndaşı ilə ailə qurub. O, hazırda xoşbəxt olduğunu deyir: “Tanışlığımız Azərbaycanda olmuşdu. Düzünü deyim, xarici vətəndaşla ailə quracağım üçün tərəddüd edirdim. Evliliyimizin ilk illərində yüngülvari uyğunlaşma çətinliklərimiz olsa da, sonradan bu problem aradan qalxdı və bir-bizimizə çox uyğunlaşdıq. Artıq heç bir uyğunlaşma problemimiz yoxdur”.

Qızlarımızın xaricilərlə evlənməsi haqqında “Üç nöqtə”yə danışan sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, bunun bir çox səbəbləri var: “Bu səbəblər son 20-30 ildə formalaşıb. 30 il əvvəl azərbaycanlı qızın xarici millətdən olan bir şəxslə ailə qurması nadir hallarda baş verirdi. Son 30 ildə dünyada gedən qloballaşma, Azərbaycanın özündə gedən proseslər bu səbəbləri ortaya çıxardı. Bunun həm maddi, həm də mənəvi tərəfləri var. Əvvəla Azərbaycanda bütün yer üzündə olduğu kimi, maddi dəyərlər getdikcə önə keçməkdədir. Bəzən deyirlər ki, qızlarımız xarici vətəndaşlarla evlənməyə ona görə üstünlıük verir ki, öz oğlanlarımız kasıbdır, xaricilər imkanlı. Amma 30-40 il öncə Azərbaycanda maddi vəziyyət indikindən də ağır idi. O zaman qızlarımız başqa millətlə evlənmirdilər, nəinki xarici vətəndaşla. Məsələnin kökündə maddi yox, mənəvi faktor durur. Hansı cəmiyyətdə maddi amillər önə keçirsə, orada günü-gündən fəsadlar, gərginliklər yaranır. Mənəvi amillər önə keçirsə, orada günü-gündən daha çox ahəng yaranır. Azərbaycanda bu gün maddi dəyərlər önə keçib. Ona görə də mənəvi dəyərlər zəifləyib. Hazırda azərbaycanlı qız və oğlanları öz ailəsinə, xalqına, millətinə bağlayan tellər 30 il bundan öncəki səviyyədə deyil. Qloballaşmanın getdiyi vaxtda insanlarda informasiya dəyişikliyi çox baş verir. İnsanlar bütün günü hər tərəfli məlumat ala bilirlər. Sosial şəbəkədə ünsiyyətdə olurlar. Başqa millətdən olan insanlara qarşı xoş münasibət baş verir. Bu təkcə Azərbaycanda deyil, bütün yer üzündə baş verir”.

Sosioloq deyir ki, ölkəmizdə ailə dəyərləri sahəsində maariflənməyə böyük ehtiyac var: “Ailə institutunun bərkiməsi sahəsində görüləcək çoxlu işlər var. İstər qanunvericilik, istər maariflənmə, istərsə də inzibati baxımdan boşluqlar var. Ailəyə boş bir şey kimi baxmamalıyıq. Əcnəbilərlə qurulan ailələrin hansısa fəsadları ola bilər. Buna diqqət yetirək. Artıq Rusiya və başqa ölkələrdən də göründüyü kimi, qızlar xarici vətəndaşlarla ailə quranda ölkədə etnik tərkib dəyişir. Zamanla bu proses baş verir. Etnik tərkibin dəyişməsi xalqın mənəvi dəyərlərinin dəyişməsinə, özünün bir xalq olaraq əvvəlki şəkildə davam edə bilməməsinə gətirib çıxarır. Ona görə bütün bunların hamısı bir faktdır. Bu məsələlər təhlil olunsa, başqa faktlar da ortaya çıxa bilər. Ölkədə etnik tərkibin dəyişməsinin müəyyən bir sərhədi var. Ora qədər bir qorxusu yoxdusa da, sərhəddi keçdikdən sonra etnik tərkibin dəyişməsi ölkədə ciddi mənəvi problemlər yaradır”.

Ə.Qəşəmoğlu deyir ki, gənclər xarici vətəndaşlarla ailə quranda beyinlərində tamamilə fantastik aləm qururlar: “Xarici ilə ailə quracam, xaricə gedəcəm, bağ belə, bostan belə. Qeyri-adi romantik bir əhval-ruhiyyə və ümidlərlə ailə qururlar. Amma xarici ölkələrdən Azərbaycana gələnlər heç də zəngin adamlar deyillər. Onlar bəzən öz ölkələrində yarımayan, işini qura bilməyən və didərgin olaraq başqa ölkələrdə iş axtaran insanlardır. Necə ki bizim ölkədə iş tapa bilməyənlər gedib xaricdə iş axtarırlar. Bizim ölkəyə də gələnlərin böyük əksəriyyəti imkanlı deyillər. Onların arasında iş adamları ola bilər, amma azdır. Qızlarımızda əvvəldən belə bir fikir yaranıb ki, xaricdə hər şey daha yaxşıdır, Azərbaycanda pisdir. Ailə qurduqdan sonra gedib öz həyat yoldaşının evini, işini görəndə böyük xəyal qırıqlığı yaşayır. Və ona böyük nəvazişlə yanaşılmadığını, bir çox şeylərdə aldandığını, özü-özünü aldatdığını hiss edir».

Qızların xarici ölkələrə uyğunlaşma çətinliyindən danışan sosioloq bildirdi ki, bu ailələrin dağılmasına gətirib çıxarır: “Qız xarici ölkəyə gedir və bəzən uyğunlaşa bilmir. Orada belə bir yad ömür görür. İndiki vaxtda qızlarımız daha sərbəst olduqları üçün yad ömürü yaşamaq istəmirlər. Ona görə də ailələr dağılır”.

Əhməd Qəşəmoğlu deyir ki, ölkədən çıxmaq üçün xarici vətəndaşlarla ailə quran qızlar da var: “Xarici vətəndaşlıq aldıqdan sonra qurduqları ailə də onlar üçün vacib olmur. Ailədən ölkədən çıxmaq, xaricdə özlərinə fəaliyyət dairəsi tapmaq üçün istifadə edirlər”.

 

Aygün Asimqızı

Tarix
9 Oktyabr 2014 [21:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin