"Hansısa futbolçu kənarda qalmalıdı" - Qurban Qurbanov

14:20 - 7 Mart 2018 - Müsahibə

Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərin sualını cavablandırıb.


"Ucnoqta.az" Apasport.az-a istinadən bildirir ki, 46 yaşlı mütəxəssis həm toplantı, həm də milli ilə bağlı danışıb.

 
- Sizin İcraiyyə Komitəsində qalmağınızla bağlı müzakirələr oldumu? Belə söhbətlər gəzirdi ki, burdan ayrılacaqsız.
- Açığı, bu, keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı.
 
 
- Köməkçiniz Elçin Rəhmanovu Türkiyədə oynayan Ufuq Budağı izləməyə göndərmişdiz. Lakin “Samsunspor”un şərəfini qoruyan futbolçu bu dəfə meydana çıxmadı. Köməkçiniz qalıb, növbəti oyunu gözləyəcək?
- Şərt o deyil ki, biz daim onun oyununa canlı baxmalıyıq. Sadəcə, həm baxmaq, həm görüşməklə bağlı səfər idi. Onsuz da televiziya vasitəsilə bütün qarşılaşmalarına baxırıq. Ona görə ciddi problem görmürəm.

 
- Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?
- O, milli komandanın üzvüdü. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.  
 

 
- Almaniyada da kifayət qədər legionerimiz var. Köməkçilərinizin oraya da göndərilmək ehtimalı varmı?
- Yavaş-yavaş bu işə başlamışıq. Açığı, Almaniyadan hələlik Dmitri Nazarovu dəvət edəcəyik. Lazım olduqca səfərlər, görüşlər olacaq.

 
- Berlin “Dinamo”sunda çıxış edən Rüfət Dadaşovu qaytarmaq fikriniz varmı? Aşağı liqada oynasa da, stabil olaraq qollarını vurur...

- Axır vaxtlar onu mən də izləyirəm. Performansı pis deyil, yaxşıdı. Belə deyək, bu gün son 1 ilə baxıb qərar vermək bəlkə düzgün olmaz. Amma siyahıda hansı milli oyunçularımız olubsa, hamısı ilə maraqlanırıq və maraqlanacağıq da.

 
- Dəniz Yılmazın yığmada problemi olmuşdu. Onunla necə maraqlanırsız, yoxsa artıq kənarda qalacaq?
- Hər biri ilə maraqlanırıq.  
 

- Yığmanın oyunlarına görə Premyer Liqada təqvim dəyişikliyi oldu. Martın 14-də çempionatda fasilə yaranacaq. Bu, klublarda hansısa narazılıqlar yaratmayıb ki?
- Heç biri narazılıq etmədi. Tək bizdə deyil, bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu da ilk deyil, illər ərzində təkrarlanıb. Klublar da, rəhbərləri də milli komanda üçün üzərilərinə düşəni yerinə yetirməyə çalışırlar.

 
- Yığmanın heyətini nə vaxt açıqlamağı planlaşdırırsız?
- Son turdan sonra açıqlayacağıq.
 

- Hesabat turunda “Qəbələ” – “Neftçi” matını izləmək üçün Qəbələyə yollanmışdız. Orda diqqətinizi çəkən futbolçu oldumu?
- Diqqətimi cəlb edən futbolçular oldu. Amma məni narahat edən məqamlarla da rastlaşdım.

 
- Son vaxtlar Ramil Şeydayev məsələsi gündəmdədi. Sizcə onun Azərbaycan millisinə daha çox kömək etməyi və stabil oynaması üçün “Qarabağ”dan, hətta Azərbaycandan getməyi məsləhətdi?

- Bütün futbolçuların tək millidə çıxış etməsi üçün deyil, formasını yaxşılaşdırması üçün daim oynaması vacibdi. Əfsuslar olsun ki, futbolda meydanda 11 nəfər mübarizə aparır, artıq oyunçular buraxa bilmirik. Buna görə də istər-istəməz hər hansısa futbolçular kənarda qalmalıdı. Hər bir oyunçunun, xüsusilə də milli üzvlərinin çox istərdim ki, daha yaxşı çempionatda çıxış etsin. Amma ən azından Azərbaycanda əsas heyət üzvlərindən biri olsun, mövsümboyu oyunların minimum 80 faizini oynasınlar. Ramilə gəldikdə, tək o deyil, ümumiyyətlə elə futbolçular var ki, bu gün istərdim ki, onların oyun təcrübəsi çox olsun. Əfsuslar, onlar bir az kənar qalıblar. Amma bu o demək deyil ki, Ramil oynamır. Bilirsiz ki, o, son 4 turdan 3-də əvəzedicilərin yarışında çıxış edib. Ən azından oyun təcrübəsini qoruyub, saxlayıb. Belə problemlər, sıxıntılar daim olub, var və yenə də olacaq. 

Xəbər xətti