“Öz işimi çox sevirəm və heç nəyə dəyişmərəm”

14:05 - 7 Mart 2018 - Müsahibə

Lalə Abdullayeva: “Həmişə arzum olub ki, kiçik bir yerim olsun, orada öz işlərimi nümayiş etdirim”

“Uşaq yaşlarımdan həmişə tikməyə, modellər çəkməyə, dizayn işlərinə çox böyük həvəsim olub. İki il otelyedə çalışmışam. 2007-ci ildə “İtal dizayn” şirkətində dizayner vəzifəsində çalışdım. Daha sonra sənətimi biraz  da genişləndirmək qərarına gəldim. 2008-ci ildə “Fruitcoutre” şirkətində doğranmış meyvələrin yığılması, dizaynı vəzifəsində çalışmışam. Belə ki, dizaynla bağlı olan hər bir xırdalıq, hər bir nüans məni cəlb edirdi. Hətta, kollecdə oxuya-oxuya sten qəzetlərini çap edirdim. İndiyə qədər bir-birindən maraqlı  işlər görməyə, fərqlənməyə çalışmışam”– bu sözləri bizimlə söhbətində bir-birindən maraqlı və yaradıcı əl işləri hazırlayan müsahibimiz Lalə xanım dedi. Lalə xanım müxtəlif cür bəzək əşyaları, suvenerlər, toy və nişan üçün kreativ şəkildə bəzənilmiş xonçalar, təbii güllərlə dekoratsiya, gözoxşayan bijuteriyalar və s. hazırlayır. Bu söhbətdən alınan maraqlı müsahibəni sizlərə təqdim edirik. 

“Modelyer Konstruktor” fakültəsini qırmızı diplomla bitirmişəm”

Abdullayeva Lalə 1985-ci ildə Bakı şəhərində gəmiçilər ailəsində dünyaya göz açıb: “Ulu babalarım Hacı Vahab və Məşhədi Bəhmən Azərbaycanın birinci ilk kapitanlarından olublar. Hacı Vahab babam haqqında Tarix Muzeyində məlumat və şəkillər də var. 2003-cü ildə  Səbail rayonu 189 nöməli məktəbi bitirib, Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olmuşam. 2007-ci ildə “Modelyer Konstruktor” fakültəsini qırmızı diplomla bitirmişəm. Nişan, toy mərasimlərinin təşkili, xonçaların bəzənilməsi, konfet buketləri, təbii güllərlə dekoratsiya və s. bunlar hamısı mənim sənətim oldu, həyatımın bir parçasına çevrildi. Hər bir xonçanı bəzəyəndə onu sevərək ürəkdən edirəm. Hər dəfə “Qoy bu sevinc hər subay qıza qismət olsun, Amin”- deyirəm”.

“Qaynanamla bir-birimizə stimul olduq”

Müsahibimiz deyir ki, uzun müddətdir bu işlə məşğul imiş: “Ailə həyatı quran zaman toy və  nişan bəzəklərini, bəylik xonçalarını özüm hazırlamışam. Qaynanam hazırladığım xonçaları görəndə çox bəyəndi və bundan sonra onda da həvəs yarandı. Beləcə bir-birimizə stimul verdik. Qaynanamın da çox gözəl əl işləri var, sərgilərdə demək olar ki, əksəriyyət vaxtı bir yerdə iştirak edirik. Qaynanam Zibaxanım mənə biraz da həvəs verdi. Hətta, lazım olanda onunla məsləhət edirik, bir-birimizin fikirlərini öyrənirik. Onun fikirləri mənim üçün önəmlidir. Atalarımız yaxşı deyib, gəlin ocağa çəkər. Mən də qayananama oxşamışam. Hər ikimizin də işi bir-birinə yaxındır. Daha sonra Azad Azərbaycan televiziyasında yayımlanan “5 gəlin” verilişinə dəvət aldım. Orada “Əl işləri” rubrikasında biri-birindən fərqli işlər, bəzək əşyaları hazırlamağı öyrədirdim. Bundan sonra ATV səhər verilişinə “bunu bacararam” rubrikasına dəvət aldım, orda iştirak etdim”.

“Öz işimi, sənətimi çox sevirəm və heç nəyə dəyişmərəm"

Lalə xanım deyir ki, hər insan qarşısına bir şərt, məqsəd qoymalıdır. Və o məqsədə çatmaq üçün var gücü ilə çalışmalıdır: “Öz işimi, sənətimi çox sevirəm və heç nəyə dəyişmərəm. Müxtəlif cür, növbənöv əl işi nümunələrim var. Hazırda isə əsas bijuteriyalar hazırlayıram. İnşallah qızım böyüyəndə özü istəsə, marağı olsa ona da bu sənəti öyrədəcəyəm. Çünki insan bu sənətdən zövq alır, yeni-yeni işlər hazırladıqca insanın abu-havası dəyişilir, ancaq işləmək, qurub-yaratmaq istəyirsən. Elə əsas olan da öz işini sevmək, ona sevgi ilə yanaşmaqdır. Bu günə kimi mənə dəstək verən hər kəsə - qaynanama, anama və xüsusilə də verilişə çıxmağıma icazə verən həyat yoldaşıma daima minnətdaram (gülür). Əgər atam rəhmətə getməsəydi, əminəm ki, mənim yerimə çox sevinərdi. Bu sənəti seçdiyim və sevdiyim üçü çox xoşbəxtəm. Mən hər günümə görə şükür edirəm”.

“Hazırladığım həmin abadoklardan birini həmin qızcığazın saçına taxdım…”
 

Müsahibimiz bildirdi ki, çox sevdiyi işinin həm maraqlı, həm də çətin tərəfləri var: “Allah hər zaman insanları çətin sınaqlarla sınayır. Həyatda heç nə asan şəkildə başa gəlmir. Mən hər bir müştərinin sifarişini yerinə yetirərkən onun zövqünü oxşamağa çalışıram ki, sifarişdən narazı qalmasın. Hər bir insanın zövqünü oxşamaq isə çox çətin bir məsələdir. Bu yaxınlarda maraqlı bir hadisə baş verdi. Uşaqlar üçün saç abadokları hazırlayıb satışa aparırdım. Mağazaya yaxınlaşanda balaca bir qız uşağının mənə tərəf baxdığını gördüm. Əlimdəki işlərə çox böyük maraqla baxırdı. Anladım ki, uşağın çox xoşuna gəlib. Amma bildim ki, almağa imkanları yoxdur. Mən həmin abadoklardan birini həmin qızcığazın saçına taxdım. Bu zaman onun anasının necə sevindiyini gördüm. Sizi inandırım ki, bir uşağın üzündəki gülüş, gözündəki sevinc dünyanın bütün nemətlərindən üstündür. Balaca bir uşağı sevindirmək çox böyük bir savabdır”.

“Ev şəraitində işləmək əslində çox çətindir”

Lalə xanım hazırda əl işlərini ev şəraitində hazırladığını dedi: “Uşaqlarım kiçik yaşlı olduqları üçün hələ ki, işə çıxa bilmirəm. Həmişə arzum olub ki, kiçik bir yerim olsun, orada öz işlərimi nümayiş etdirim. İnşallah bu arzum da yerinə yetər. Ev şəraitində işləmək əslində çox çətindir. Çünki uşaqlar körpədilər deyə maneə olurlar. Nə qədər onların başını qatmağa çalışsam da, alınmır, narahatlıqlar olur. Ona görə də onları yatızdırdaqdan sonra vaxt ayırıb işlərimi görürəm”.

“Həmişə müəllimə işləmək, öyrətmək arzum olub”
 

Müsahibimiz deyir ki, ən çox uşaqlar üçün oyuncaqları hazırlamağı sevir: “ Atv səhər verilişində sevərək bu oyuncaqların hazırlanma qaydalarını başa salmışam. Tələbələrim olsa onlara hər xırdalıqları sevə-sevə öyrədərəm. Sözün düzü tələbə olaraq yazılmaq istəyən xanımlar çox olub. Ancaq sonradan nədənsə xəbərləri gəlməyib.  Amma nə zaman öyrənmək istəyən olsa məmnuniyyətlə öyrədərəm. Həmişə müəllimə işləmək, öyrətmək arzum olub. Ancaq təəssüf ki, diplomum bu sahəyə uyğun gəlmir. Bu yaxınlarda oxuduğum 189 saylı məktəbdə ikinci sinif şagirdlərinə Master Klas keçəcəyəm”.

“Kaprizni müştərilər həddindən artıq çox olur”

Lalə xanımın sözlərinə görə, müştəriləri razı salmaq isə çox asan deyil, əksinə çox çətindir: “Çünki kaprizni müştərilər həddindən artıq çox olur. Onların zövqünü anlamağa, nə istədiklərini başa düşməyə çalışıram. Hələ indiyədək işlərimdən  narazı qalan müştərim olmayıb, sifarişlərdən çox razı qalırlar.  Əl işlərinin hazırlanmasına isə xeyli vaxt sərf edirəm. Ümumiyyətlə, bir işi görəndə gərək ora ürəyini, canını qoyasan, dünya içində dünya qurasan. Müştərilərimin sevinci mənim də sevincimdir”. 

Könül Əhmədova


Xəbər xətti