“Yevlax postunda Surxaya pulu verdim...”

12:18 - 6 Mart 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.  
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmiş Mustafa Muradov ifadə verib. 
 

Mingəçevir Telekommunikasiya Qovşağının rəisi M.Miradov deyib ki,  bir dəfə S.Əliyevi görüb:  "Yanıma o qədər jurnalistlər gəlib-gedib ki, kimə pul verdiyim yadmda deyil. Tez-tez jurnalistlər gəlib deyirdilər ki, maşınımız xarab olub, cəbhə bölgəsinə gedirik, qəzet çıxarırıq filan, hər dəfə kömək istəyirdilər. Bir ara internetdə şantaj xarakterli yazılar gedirdi. Surxay da zəng edib dedi ki, sizin də Rabitə Nazirliyinin həbs edilən vəzifəli şəxsləri ilə əlaqəniz olub. Mən ona yalvar-yaxar edib dedim ki, onları tanıyıram, amma bu işdə əlaqəm olmayıb. Surxay dedi ki, sənin haqqında yazılar hazırdı, yayacağıq. Əvvəl 5 min manat istədi, xahiş-minnətlə Hikmətlə 600 manata razılaşdıq. Yevlax postunda Surxaya pulu verdim. Şikayətim yoxdur". 
 

Daha sonra şahidlər ifadə verib. 
 

Gülsarə Xəlilova bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib: "Xəstəxanalara müraciət etdim. Həkimlər hamısı pul istədilər. Əməliyyat olunmalı idi. İmkanın yox idi. Nəşriyyata gedib Maarif Abbasovla görüşüb məsələni danışdım. Həkimlərin yanına gedib söhbət etdik, Maarif pul istəmədi. Mən Həzrət həkimə dedim ki, pul ver qızımı müalicə etdirim”. 
 

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət yaranıb.
 

G. Xəlilovanın istintaq ifadəsi elan edilib. O, istintaqa ifadəsində qeyd edib ki, "Kriminal 107"qəzetində müxbir kimi işə götürülüb: "Bir çox yerləri şantaj edərək hədə qorxu ilə pullar alacaqdıq. Mən də razılaşmışdım. Bir neçə aydan sonra qızımda xəstəlik yarandı. Həzrət Abbasov adlı həkimin yanına getdik. Həkim məndən əməliyyat üçün 100 manat istədi. Mən həkimin səsini yazıb Maarif müəllimə verdim. O da səs yazısı ilə həkimi şantaj etməyə başladı. Orda mənə Maarif dedi ki, pul alsa mənə də maddi köməklik edəcək. Daha sonda qəzetlərdə "Sabunçuda şok rüşvət" adlı yazılar çap edildi. Həzrət həkimin xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Daha sonra pulun alıb-alınmasından xəbərim olmayıb. Səsi sonrada sildim". 
 

Hakim bildirib ki, şahid yalan ifadə verdiyi üçün onun haqqında qərar çıxarılacaq.
 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib. 
 

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

Xəbər xətti