Sumqayıtın İcra Hakimiyyətindən 6 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

13:27 - 5 Mart 2018 - HADİSƏ

Xəbər verdiyimiz kimi Sumqayıtda bir mənzildən 6 nəfərin meyiti tapılıb. Onların hamısı üzvü dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.
 

"Ucnoqta.az" xəbər verir ki, hadisə ilə əlaqəli Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a bunları deyib:

“Hadisə ilə bağlı artıq prokurorluq açıqlama verib. Əlavə  nəsə deyə bilmərik. Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin  nümayəndələri, rəsmi şəxslər hadisə yerində olublar. Hazırda araşdırma aparılır”.
 

E.Qocayev qeyd edib ki, ölənlərdən heç biri məcburi köçkün deyil:

“1965-ci il təvəllüdlü Yeganə Hüseynova Bakı qeydiyyatındadır. Digər şəxslər isə Sumqayıt qeydiyyatındadırlar”.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 

Xəbər xətti