“Bizim Planet” də aparılan müzakirələr

12:21 - 5 Mart 2018 - SİYASƏT

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında baş tutan "Bizim Planet" verilişinə qonaq olan millət vəkilləri Aydın Mirzəzadə və Rövşən Rzayev bir neçə mövzular ətrafında maraqlı müzakirələr aparıblar. Həftə boyu baş verən əsas hadisələri tamaşaçılarının nəzərinə çatdıran Rufiz Qonaqov yeni informasiyaların analitik təqdimatı ilə çıxış edib. Politoloq ölkədə və xaricdə Xocalı qurbanlarının xatirəsinin anım tədbirlərinin keçirildiyini bildirib. Prezident İlham Əliyevin “Xocalı” memorial abidəsini ziyarəti zamanı Rossiya-24 telekanalına verdiyi müsahibəsini qonaqların və tamaşaçıların diqqətinə çatdırıb. Prezident müsahibəsində: “Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır.” deyə qeyd etmişdir. Dövlət başçısının Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik kimi fikirləri ətrafında söhbət açılıb. Millət vəkili Aydın Mirzəzadə Xocalı soyqırımının dünya tarixinin ən dəhşətli faciəsi olduğunu bildirib. Prezidentin müsahibəsindəki əsas məqamlara toxunan Aydın Mirzəzadə vurğulayıb ki, belə faciənin bir daha yaşayanmaması üçün hər birimiz çalışmalıyıq. “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu cür terror aktlarının qarşısının alınması, Azərbaycanın regionun güclü dövlətinə çevrilməsi və bu siyasətin bu gün də davam etdirilməsi buna əsas verir” deyə millət vəkili bildirib. Xocalı qurbanlarının və Vətənimiz üçün canından keçən şəhidlərimizin xatirəsini rəhmət və hörmətlə yad edən deputat Rövşən Rzayev ermənilər tərəfindən həyata keçirilən bu etnik təmizləmənin mənfur niyyətlərini diqqətə çəkib. O, bildirib ki, ilk dəfə 1992-ci ildə fevralın 12-də Qaradağlı, sonra da Xocalı soyqırımını reallaşdıran erməni siyasəti qarşısında Azərbaycan torpaqlarının növbə ilə işğal edilməsi dayanırdı. “ “Xocalıya ədalət” kampaniyası sayəsində dünyanın bir çox ölkələri, Amerikanın ştatları Xocalı həqiqətlərini öyrənib, Ermənistanı terrorçu dövlət kimi tanıyıb. Əfsuslar olsun ki, bu işğal hələ də davam edir və dünya birliyi bu ədalətsizlik qarşısında susur.”- deyə Rövşən Rzayev qeyd edib. Veriliş boyu Sumqayıt hadisələri və bu hadisələrin baş verməsinin əsas səbəbləri, bunun növbəti erməni taxribatı olması, eləcə də SSRİ rəhbərliyi ilə birgə düşünülmüş və gələcəkdə Azərbaycan torpaqlarının işğalı planlarının tərkib hissələrindən biri kimi şərh edilib. Müzakirələr zamanı diqqətə çatdırılıb ki, həmin hadislərə SSRİ güc strukturlarının laqeyidliyi, bu məsələlərə sakit yanaşması, Azərbaycan istintaq orqanalarının ümumiyyətlə, bu hadisələrə qarışmaması əmrinin verilməsi, Azərbaycan daxili orqanlarını həmin hadisələrdən kənarda saxlamaq prinsipləri bir daha təsdiq edir ki, Sumqayıt hadisələri növbəti siyasi provakasiyadır. "Bizim Planet" verilişindəki mövzulardan biri də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı zamanı prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı idi. Əli Həsənovun təhlükəsizliyin dövlət siyasətinin mühüm hissəsi olduğunu vurğulaması, Azərbaycanın işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə qadir olduğunu bəyan etməsi geniş diskussiyalarda diqqətə çatdırılıb. Bildirilib ki, beynəlxalq arenada Azərbaycan-Ermənistan münaqişəsinə düzgün yanaşılmaması, Avropanın bu münaqişənin həllindəki ikili standarları problemin həllini gecikdirir. Lakin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın hazırki və artmaqda olan qüdrəti, eləcə də milliliyə söykənən daxili və xarici siyasəti münaqişənin həllini sülh ya da hərb yolu ilə Azərbaycanın xeyirinə dəyişəcəyi əminliklə ifadə edilib. Buna zəmin yaradan bir çox əsaslar var ki, onlardan biri də iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq standartlara cavab verən neft layihələrinin icrası, ölkə başçısı tərəfindən aparılan islahatlar, cəmiyyətdə görülən işlər, çox saylı sərəncamlar Azərbaycanın gələcəkdə davam edəcək və daha da yüksələcək nüfuzundan xəbər verir. Qeyd olunub ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, CAR kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Bildirilib ki, Azərbaycan sürətli inkişaf yolundadır və bu uğurlar davam etdiriləcəkdir.

Xəbər xətti