İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

18:17 - 28 Fevral 2018 - KİVDF

Məzahir Pənahov: Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirilir və istənilən tərəf bu prosesdə müşahidə apara bilər”

“Bütün maraqlanan tərəflər, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər”. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın fevralın 27-də keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirilir və istənilən tərəf bu prosesdə müşahidə apara bilər: “Bu format axıra kimi davam edəcək. Onlar nə vaxt istəsələr, prosesdə iştirak edəcəklər”.
 

Ombudsman Elmira Süleymanova isə bildirib ki,  Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır.O qeyd edib ki, əvvəllər seçiçilərin qeydiyyatda olduğu yer üzrə səs verməsi müəyyən problemlər yaradırdı: “Ancaq indi seçicilərin qeydiyyatda olduğu yerdə səs verməsi tələb olunmur. Artıq hər bir vətəndaş harada olmasından asılı olmayaraq, şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər ki, bu da seçicilərin rahat şəkildə seçkidə iştirak etməsinə şərait yaradır”.E.Süleymanova vurğulayıb ki, Azərbaycanda əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb, seçki məntəqələrində panduslar quraşdırılıb: “İnanıram ki, əvvəlki seçkilər kimi qarşıdakı prezident seçkiləri də azad və demokratik şəraitdə keçiricək".

 Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə də baxılıb. Qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb.İclasda bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün MSK-ya 45 min seçici imzası və müvafiq sənədlər təqdim edilib. İmzaların və sənədlərin düzgünlüyü işçi qrupu tərəfindən yoxlanılıb. Seçki sənədləri kifayət qədər yüksək səviyyədə və Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanıb. Təqdim olunan 45 min imzanın 42 mini yoxlanılıb və bu imzalar namizədliyin qeydə alınmasına kifayət etdiyi üçün imzaların yoxlanması prosesi dayandırılıb. Bildirilib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar mövcuddur.Daha sonra məsələ səsə qoyularaq İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.Bəs, namizədin qeydə alınması mərhələsi necə həyata keçirilir? Seçki prosesinin bu mərhələsi prezidentliyə namizədliyin irəli sürülməsinin təsdiq olunmasından sonrakı seçki hərəkətlərini özündə cəmləşdirir. Bu, ilk növbədə, prezidentliyə irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, onun rəsmiləşdirilməsi, namizədin qeydə alınması üçün zəruri olan digər seçki sənədlərinin hazırlanması və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini əhatə edir. Adıçəkilən seçki hərəkətləri, o cümlədən bu prosesin məntiqi nəticəsi kimi namizədin qeydə alınması Seçki Məcəlləsinin 56-60, 181 və 182-ci maddələri, eyni zamanda, "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında" təlimatla tənzimlənir.  Artıq biz Ceçki Məcəlləsinin 56-60-cı maddələri barədə məlumat vermişik.  Seçki Məcəlləsinin 181-ci maddəsi isə Prezidentliyə namizədi müdafiə üçün imza toplanmasına həsr olunub. Bu maddədə deyilir ki, siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır. Bu zaman nəzərə almaq lazımdır ki, bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. Bununla belə, namizədin müdafiəsi üçün imza etmək könüllüdür və seçicinin hər hansı bir vasitə ilə bu hüququnu reallaşdırmasına mane olmaq qadağandır. Seçici imzalarını namizədin özü, səlahiyyətli nümayəndələri, həmçinin Azərbaycan Respublikasının 18 yaşına çatmış fəal seçki hüququ olan hər bir vətəndaşı toplaya bilər. Lakin dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərin imza toplamasında iştirakına yol verilmir. Yuxarıda göstərildiyi kimi İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün MSK-ya 45 min seçici imzası və müvafiq sənədlər təqdim edilib. Bu da nəzərdə tutulduğundan artıqdır.

Seçki Məcəlləsinin 182-ci maddəsi isə Prezidentliyə namizədin qeydə alınmasını tənzimləyir. Bu maddədə bildirilir ki, Prezidentliyə namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Seçki Məcəlləsinin 189-cu maddəsi isə Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblərdən ibarətdir, Bu maddədə bildirilir ki, qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulub. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

Göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.  Seçki Məcəlləsinin bu maddəsində Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri göstərilib. Bildirilib ki, Teleradio verilişləri təşkilatlarının namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna pulsuz efir vaxtı verilməsi ilə əlaqədar çəkdikləri xərclər həmin teleradio verilişləri təşkilatlarına dövlət büdcəsindən ödənilir.

Teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

Qeyd edək ki,  Prezident seçkiləri zamanı xüsusi seçki hesabları olur. Bu məcəllənin  190-cı maddə bildirilir ki,  Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar. Prezidentliyə namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açır. Bundan başqa,  Prezidentliyə namizəd səlahiyyətli nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır.

 

(ardı var)

Xəbər xətti