Ana səhifə
15 Noyabr 2018

Baş ağrısı həyat üçün ciddi təhlükə mənbəyi ola bilər

 “Hər baş ağrıyanda ağrıkəsici dərman qəbul etmək olmaz”

 

Qalib Əsədov:Gərginlik baş ağrılarının digər baş ağrılarından fərqi ondadır ki, bu zaman deyirlər ki, elə bil başım gicgahlardan sıxılır”

 

Çox nadir insan ola bilər ki, baş ağrısından şikayət etməsin. Amerika İnstitutlarından biri tərəfindən aparılan sorğuda iştirak edən hər dörd nəfərdən üçü bir dəfə də olsa baş ağrısından şikayətlənib. Lakin baş ağrısına digər xəstəliklərdən fərqli olaraq önəm verilmir. Çox vaxt müəyyən ağrıkəsicilərdən istifadə etməklə ağrı müvəqqəti aradan qaldırılır. Amma heç də bütün baş ağrılarına laqeyd yanaşmaq olmaz. Nevropatoloq Qalib Əsədov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, baş ağrısı bütün dünyada həkimə müraciətlərdə ən çox dilə gətirilən şikayətdir: “Statistika göstərir ki, qadınların 5, kişilərin isə 3 faizi ilin 180-gündən çox müddətini baş ağrısı şəraitində yaşayır. Baş ağrısının ümumilikdə, 300-dən çox növü var. Bəzi hallarda baş ağrısı həyat üçün ciddi təhlükə mənbəyi ola bilər. Hər bir insan qısa da olsa baş ağrısı ilə qarşılaşır. Baş ağırısı diqqət mərkəzində saxlanılmalıdır. Buna etinasız münasibət fəsadlarla nəticələnə bilər. Baş ağrısı siptomatik ya birincili ola bilər. Siptomatik baş ağrısı hər hansı digər xəstəlik nəticəsində əmələ gələn şikayət növüdür. Məsələn, soyuqdəymə nəticəsində xəstənin qızdırması qalxır və baş ağırısı olur. Yaxud arterial təzyiq qalxdıqda, alkoqol, narkotik, dəm qazından zəhərlənmədə, zob, şəkər xəstəliklərində, qaymarit və osteaxandroz zamanı da baş ağrısı ola bilər. Amma bu ağrıların beyinə dəxli yoxdur. Bu siptomatik baş ağrısıdır. Bir də var beyinin özündə olan xəstəlik zamanı baş ağrısı yaransın. Kəllə-beyin travmalarından sonra beyində hansısa qalıq qalır və ağrı verir. Beyində şiş yarananda da ağrı olur. Şiş olan zaman ağrılar adətən səhərlər olur. Səhər yuxudan duranda kəllədaxili təzyiq yüksək olduğu üçün baş ağrısı verməyə başlayır. Beyində iltihabi proses olduqda da baş ağrısı verir. Ən çox yayılan baş ağrıları damar mənşəli baş ağrılarıdır. Bu qadınlarda daha çox olur - miqren baş ağrıları deyilir”.

Q.Əsədov deyir ki, yorğunluq, çətin iş rejimi, gərginlik, əsəbilik, istirahətin düzgün təşkil olunmaması da baş ağırısı yarada bilər: “Tibbdə “gərginlik baş ağrısı” deyə bir termin var. Gərginlik baş ağrılarının yuxarıda qeyd etdiklərimlə heç bir əlaqəsi yoxdur. Gərginlik baş ağrıları emosional konfliktlər, stress, gərgin iş rejimi, şəxsi həyatındakı uğursuzluqlar, fikirlərdən əmələ gəlir. Gərginlik baş ağrılarının digər baş ağrılarından fərqi ondadır ki, bu zaman deyirlər ki, elə bil başım gicgahlardan sıxılır. Baş ağrısının xarakterinə görə onun nədən olmasını müəyyənləşdirmək olur. Elə adam var ki, isti havada başı ağrıyır. Saçın çox möhkəm yığılması baş ağrısı yarada bilir. Həddindən artıq fiziki yorulma, gərgin iş rejimi baş ağrısı yaradır. Nə qədər gözəl olsa da, qüvvətli qoxular və ətirlər bəzi adamlarda baş ağrısı yarada bilər. Ona görə bir az yumşaq ətirlərdən istifadə edilsə daha yaxşı olar”.

Baş ağrısı zamanı ağrıkəsici dərmanlardan istifadəyə gəlincə həkim bildirdi ki, mütəmadi baş ağrıları zamanı ağrıkəsici istifadə olunmamalıdır: “Ayda, ildə bir dəfə başı ağrıyan adam ağrıkəsicidən istifadə edə bilər. Həkimin məsləhəti ilə istifadə etsə daha yaxşı olar. Baş ağrısı tez-tez təkrarlanırsa, həkimə müraciət etmək vacibdir. Hər baş ağrıyanda ağrıkəsici dərman qəbul etmək olmaz. Elə hallar var ki, həkimə dərhal müraciət olunmalıdır. Qəflətən başlayan, huşsuzluq, yaddaşın zəifləməsi, hərarətin yüksəlməsi, əldə-ayaqda istiliklə, ürəkbulanma, qusma ilə müşahidə olunan baş ağrıları zamanı dərhal həkimə müraciət etmək lazımdır. Çünki saydığım əlamətlər hansısa problemin ilkin göstəricisi ola bilər. Uzun müddət dərman qəbulu ilə bağ ağrısı sakitləşdirilə bilər. Yadda saxlamaq lazımdır ki, ağrıkəsici dərmanlar birinci növbədə mədəyə ziyan vurur. Sonradan mədə yarası, qastrit, hansısa pozğunluqları həmin ağrıkəsicinin mütəmadi istifadə olunmasına görə yaranır. Mədə, böyrək, qaraciyər zədələməsi yarada bilər. İstənilən dərman kimyəvi maddədir və onun əlavə əks təsirləri də olur. Bir də istənilən halda baş ağrısının səbəbi tapılmalı və aradan qaldırılmalıdır. Bu gün istənilən cür baş ağrısını kəsmək üçün imkanlar var. Sadəcə olaraq xəstə həkimlə təmasda olmalıdır”.

 

 

Aygün Asimqızı

 

Tarix
1 Dekabr 2014 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin