MSK seçkilərlə bağlı seminarlara başladı

11:02 - 27 Fevral 2018 - SİYASƏT

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş birinci seminarda MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və Komissiya Katibliyinin təmsilçiləri iştirak ediblər.
 

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar MSK seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpgili irimiqyaslı layihələri davam etdirir.  Seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur: "Azərbaycan dövləti xalqın iradəsinin azad şəkildə yerinə yetirmək üçün şərait yaradıb. Hər bir seçicinin səsi azad ifadə olunmalıdır".
 

N.Məmmədov 10 il əvvəllə müqayisədə seçkilərlə bağlı müraciətlərin azaldığını nəzərə çatdırıb: "Bu, aparılan geniş maarifləndirmə işləri nəticəsində seçki subyektlərinin maariflənməsi ilə bağlıdır".
 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov "Seçki hüquqları ilə əlaqədar Avropa Məhkəməsində baxılmış işlər üzrə mövcud tələblər" mövzusunda çıxış edib. Ç.Əsgərov ötən illər ərzində həyata keçirilən tədbirlər nəticəsində seçki mədəniyyətinin artdığını, nəticədə seçkilərlə bağlı şikayət və müraciətlərin sayının xeyli azaldığını söyləyib: "Aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə heç kimin şübhəsi olmamalıdır".  

MSK üzvü Bəxşeyiş Əsgərov "Seçki hüququnun pozulmasından verilən müraciətlərə dair tələblər, müraciətlərin verilməsində subyekt, aidiyyət, səlahiyyətli orqan və müddət məsələləri", MSK üzvü Ramiz İbrahimov "Seçki hüquqlarının pozulması haqqında müraciətlərin araşdırılması və onlara baxılmasına dair tələblər" mövzularında çıxış ediblər.

Xəbər xətti