İtkin alpinistlərin axtarışından nə xəbər var...

14:47 - 26 Fevral 2018 - HADİSƏ

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. 3 ay keçməsinə baxmayaraq, alpinistlərin hər hansı izinə rast gəlinməyib.
 

“Gilavar” klubunun rəhbəri Ziya Qasımov əlverişsiz hava şəraitinə baxmayaraq, axtarışların davam etdirildiyini, hələlik yeni məlumatın olmadığını açıqlayıb. 
 

26 dekabr 2017-ci il, axşam saatlarında Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.





//Modern.az//

Xəbər xətti