YAP seçici imzalarını MSK-ya təqdim etdi

18:17 - 26 Fevral 2018 - KİVDF

Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusu təmin edilir

Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar

Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Seçki Məcəlləsinin tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə,  Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirmiş və  kampaniyanı uğurla başa çatdırıb.

Xatırladaq ki,  Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Bəs, seçici imzalarının toplanması MSK-ya təqdim edilməsi qanunvericilikdə necə tənzimlənir. Seçki Məcəlləsinin 56-cı maddəsində bildirilir ki, öz tәşәbbüsü ilә, seçicilәrin tәşәbbüs qrupları, siyasi partiyalar vә ya siyasi partiyaların blokları tәrәfindәn irәli sürülәn prezidentliyә namizәdlәrin müdafiәsi mәqsәdilә seçici imzalarının toplanmasına Mәrkәzi Seçki Komissiyası tәrәfindәn sәnәdlәri tәqdim etmiş şәxsә namizәdin irәli sürülmәsini tәsdiq edәn qәrarın tәqdim edildiyi gündәn başlanılır.   Bu maddənin 2-ci bəndində  qeyd edilir ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. 56-cı maddənin 4-cü bəndində bildirilir ki, imza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər. Onun müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər. Seçki Məcəlləsinin 57-ci maddəsində isə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası göstərilib. Bildirilir ki, dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.
 

Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

Bu maddənin 4-cü bəndində qeyd edilir ki,  seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.  İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

Bundan başqa, namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.

Seçki Məcəlləsinin 58-ci maddəsi isə namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsidir. Bu maddədə bildirilir ki, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi; bu Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş; namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə). Göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.

Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.

Xəbər xətti