“Hamilə xanım suçiçəyi virusunu keçirsə, uşaqda eybəcərlik yaranma ehtimalı var”

15:08 - 22 Fevral 2018 - Cəmiyyət

Məlahət Abbasova: “Əgər oğlanlarda suçiçəyinə diqqət edilməzsə gələcəkdə sonsuzluğa gətirib çıxara bilər” 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 56 saylı bağçada tərbiyə olunan uşaq suçiçəyi xəstəliyindən ölüb. Uşaq sağlamlıq durumu ağırlaşdığına görə bu ayın əvvəlindən bağçaya gəlməyib. Bağçanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Dezinfeksiyadan sonra bağçada təlim-tərbiyə prosesi bərpa olunacaq. Gürcüstanın səhiyyə naziri David Sergeyenko bildirib ki, uşağın ölümünə suçiçəyi xəstəliyinin ağır forması səbəb olub.

Qeyd edək ki, bu günlərdə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkədə qızılca epidemiyası təhlükəsinin olduğunu bildirib. Mərkəzin məlumatına əsasən Gürcüstanda 268 qızılca xəstəsi qeydə alınıb. Yoluxmaların 70%-i Acarıstan Muxtar Respublikasının payına düşür. Paytaxt Tbilisidə də qızılcaya yoluxma hallarının sayı artmaqdadır.
Elə son günlər ölkəmizdə də suçiçəyi virusuna yoluxmuş insanlar çoxalıb. Biz də bu mövzunun vacibliyini nəzərə alaraq araşdırma apardıq. Görəsən, bu xəstəlik nəyə görə daha çox soyuq aylarda yayılır? Suçiçəyi hansı fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirdi ki, suçiçəyi ən çox fəsil dəyişəndə rast gəlinən bir xəstəlikdir: “Yəni, əsasən yaydan payıza, qışdan da yaza keçəndə olur. Yayda çox nadir hallarda rast gəlinir, demək olar ki, olmur. Hava-damcı yolu ilə keçdiyi üçün bir qədər havalar soyuyanda, insanın immun sistemi zəifləyəndə onun keçicilik qabiliyyəti artır. Soyuqdəymə ilə əlaqədar olaraq asqırma, öskürmə olur. Soyuq fəsillərdə uşaqlar bağlı yerlərdə çox olurlar, məktəbdə, baxçada bir-biriləri ilə təmasları çoxalır və xəstəliyin yayılması halları da artır”.   
Həkim-terapevtin sözlərinə görə, bəzi insanlar suçiçəyinə adi xəstəlik kimi yanaşırlar: “Amma bu xəstəliyə ötəri yanaşmaq olmaz. Çünki suçiçəyi infeksion xəstəliklər sırasındadır. Çox ağır keçmədiyi halda ev şəraitində müalicə etmək olar. Amma ev şəraitində də olsa, məktəbə, baxçaya, kollektivə, yəni insanlar çox olan yerə getmək olmaz. Həmin xəstəliyi keçirən insanları mütləq ayırmaq lazımdır, əks halda bu xəstəlik daha da çox yayıla və genişlənə bilər”. 

M.Abbasova qeyd etdi ki, ilk günlər qızdırma olur, uşaqlarda daha sonra yara tökür: “Yaranın qaşınma ehtimalı var. Uşaqları mütləq bundan qorumaq lazımdır, çünki qaşıyan zaman əmələ gələn yaranın altından deşik qalma ehtimalı olur. Ən çox da oğlan uşaqlarında orxitə (xayaların iltihabına) gətirib çıxara bilir. Bu səbəbdən dolayı oğlan valideynləri bu xəstəliyə qarşı daha diqqətli olmalıdırlar. Əgər buna diqqət edilməsə gələcəkdə oğlanlarda sonsuzluğa gətirib çıxara bilər”.   

Həkim-terapevt onu da bildirdi ki, suçiçəyindən ölüm halları çox az və nadir hallarda ola bilər: “O zaman ölüm halı baş verə bilər ki, uşağın immun sistemi zəifləyər, bu xəstəliyə ikinci bir infeksiya qoşulur. Misal üçün, ana uşağa yaxşı baxmaz, uşaq soyuqda qalar və ağciyərlərin iltihabı yarana bilər. Bundan əlavə başqa xəstəliklər - pnevmoniya, kəskin bronxit ölüm halına gətirib çıxara bilər. Amma sırf bu xəstəlikdən ölmək ehtimalı çox azdır. Yəni, suçiçəyinin yaratdığı fəsadlar ölümə səbəb ola bilər. O məqama çatdırmamaq üçün də həddindən artıq diqqətli olmaq lazımdır. Ona görə də suçiçəyini ağır infeksion xəstəlik kimi qəbul etmək lazımdır, ciddi yanaşmaq lazımdır”. 

Suçiçəyinin böyüklərə nisbətən uşaqlarda bir qədər yüngül keçdiyini vurğulayan M.Abbasova bildirdi ki, uşaqlarda anadangəlmə infeksion xəstəliklərə qarşı bir dözümlülük, immunitet var: “Ona görə böyüklərə baxan yerdə balacalar bunu bir qədər yüngül keçirirlər. İnsanlar hətta qripə belə adi xəstəlik kimi baxırlar, amma onun da çox ağır fəsadları ola bilər. Bədəndə olan hər bir xəstəliyə, siqnala və hər bir şikayətə qarşı həddindən artıq diqqətli olmaq lazımdır”. 
M.Abbasova sonda onu da əlavə etdi ki, hamilə xanımlar suçiçəyi virusunu keçirsə, uşaqda eybəcərlik yarana bilər: “Ona görə də çox ehtiyatlı davranmaq lazımdır”.

Könül Əhmədova

Xəbər xətti