“Tələbəsi ilə evlənən professor”

13:21 - 22 Fevral 2018 - Müsahibə

“Artıq 26 yaşımda elmlər namizədi idim”

“Hər cür yeməyi yemirdim. Ətli yeməklər, borş, sup xoşlamırdım. Həmişə şirin çay içərdim, kartof qızartmasından çox xoşuma gəlirdi. Amma əsgərlik mənə bunları yeməyi öyrətdi, gördüm ki, yeməsəm acından ölərəm. Balığın üstünə günəbaxan yağı tökürdülər, hətta əsgərlik məni onu belə yeməyə alışdırdı. Hərbi xidmətdə müxtəlif millətlər - gürcü, uyğur, qırğız və s. gördüm. Mən hərbi xidmətdə anladım ki, insan dözümlü olanda istənilən uğuru əldə edə bilir” – bu sözləri bizimlə söhbətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov dedi. Müsahibimizlə keçmiş illərə, xatirələrə qayıtdıq. Həmin müsahibəni təqdim edirik.

“Evimiz həmişə qonaq-qaralı olub"

1966-cı il iyul ayının 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Ailədə 6 qardaş olublar, bacıları isə olmayıb:
“Mən beşinci qardaş olmuşam. Atam müxtəlif vəzifələrdə - kənd sovet sədri, rayon deputatı, kənd klubunun müdiri olub, mədəniyyət şöbəsində işləyib. Mədəniyyət sahəsinin müxtəlif işlərində olub. Saatlarla dayanmadan şeir deyir, aşıq ədəbiyyatını sinədəftər bilirdi, folklora marağı çox idi. Yeyib-içməyi də sevən adam idi (Gülür). Anam isə evdar qadın idi, çox həlim, sülh adamı olub. O, 6 qardaşın tək bacısıydı və hamısından da böyük idi. Mən hələ anamın kiminsə xətrinə dəydiyini görməmişəm. Biz Bakıda yaşayanda anam artıq mənim saat neçədə evdə olacağımı bilirdi. Evə gələndə süfrənin üzərində hər şey hazır şəkildə üzəri ağ dəsmalla örtülü olurdu. Bu cür mətbəx mədəniyyətini anamdan, insanlara sədaqətli olmağı, əl tutmağı, ədalətli olmağı isə atamdan öyrənmişəm. Ona görə də indi tanıdığım bütün insanlara sədaqətliyəm, duz-çörək kəsdiyim adamların qədrini bilirəm. Bunu mən artıq genetik bir amil kimi öz həyat tərzimə çevirmişəm. Mən uşaq olanda evimiz həmişə qonaq-qaralı olub. Nəinki qohumlar, hətta uzaq yerlərdən də bizə qonaqlar gəlirdi. Bunlar böyük bir mədəniyyət idi. Nənəm də bizimlə qalırdı, amma 37-ci ildə repressiya etdikləri üçün babamı görməmişəm. Ancaq ana babamı və nənəmi uşaqlıqdan görmüşəm, onlar 1990-cı ilin ortalarına qədər yaşadılar. Bizim nəsil çox repressiya olunduğu üçün ölkənin müxtəlif ərazilərində Gəncə, Daşkəsən, Bakının özündə, Gürcüstan ərazisində məskunlaşmışdılar. Atamın Bakıda çoxlu alim dostları var idi.
 

“O tərəfdən türk uşaqları gəlirdi, bir-birimizə baxırdıq, danışırdıq”
 

Müsahibimiz bildirir ki, yaşadıqları bölgə yaşıllıq və müxtəlif növ güllərlə zəngin olub. May ayının 1-də gül yığmağa gedirmişlər. Deyir ki, oradakı güllərin çoxunun adı bəlkə də kitablara düşməyib.
Güllərin qoxusu bütün aləmi bürüyür, qucaq-qucaq yığıb evə aparırmışlar: “Kəndimiz tam Türkiyənin sərhədində idi. Yadımdadır, hətta yay günlərində biz sərhədlərə gedirdik. O tərəfdən türk uşaqları gəlirdi, bir-birimizə baxırdıq, danışırdıq. Türkiyə bizim üçün o qədər yaxın idi ki, onun radiodalğalarını daha asan dinləyirdik, nəinki Bakınınkını. Bizim rayonda ermənilər çox az idi, vəzifələrdə də həmişə azərbaycanlılar olurdu. Ordakı bütün ailələr gecələr türk kanallarına baxırdı. Sovet kəşfiyyatı da bunu bilirdi və ona görə də gecələr kəşfiyyata çıxırdılar ki, hansı ailələrin türk kanallarına baxdıqlarını öyrənsinlər. Projektorlarla ərazini işıqlandırırdılar, artıq insanlarda bir xof yaranmışdı. Ona görə insanlar gecələr pəncərələrini xüsusi örtüklərlə örtürdülər ki, görünməsin. Sovetin Türkiyə ilə olan münasibətimizə bir qısqanclığı var idi”.
 

“Böyük qardaşım tarix müəllimim idi, qiymətimi kəsmişdi”
 

Buludxan müəllim deyir ki, ailələrində belə bir ənənə var imiş ki, kiçik qardaşlar böyük qardaşların paltarlarını geyinirdi. Ta ki, o paltarlar atılmalı hala gəlirdi... Özündən böyük və kiçik qardaşı ilə daha yaxın imişlər: “Onlarla tələbəlik illərim də birlikdə keçib. Məktəbdə hərəkətlərimə nəzarət edən şagird olmuşam, yaxşı qiymətlərlə oxumuşam. Hər zaman dərsdə sakit oturmağa, müəllimin etimadını qazanmağa çalışmışam, amma dəcəlliklərim də olub. Böyük qardaşım tarix müəllimim idi, bir dəfə qiymətimi kəsmişdi, ona qarşı çox böyük bir dəcəllik etdim, ondan ancaq uzaq gəzirdim. Mən elə hesab etdim ki, o mənə haqsızlıq edib. İdmana çox böyük marağım olub. Məktəbimizin həyətində turniklər, qaçış üçün yerlər var idi. Futbol oynayırdıq, gül yığmağa gedirdik, qışda qar yağanda da xizək sürürdük. Bütün bunlarla yanaşı dərslərimi oxumuşam. 9-10-cu sinifdən etibarən dil-ədəbiyyat fənninə xüsusi sevgim yaranmışdı. Məcnun adlı müəllimim məndə bu fənnə maraq yaratdı. Yaxşı ki, mən hazırda bu sahədəyəm, filologiya üzrə mütəxəssisəm. Filologiya bizim dünənimiz və bu günümüzlə bağlı sahədir. İndi uşaqlar ancaq bir sahə üzrə oxuyub, testlə imtahan verib keçirlər. Amma biz bütün fənləri oxuyurduq”.
 

“Elə bil o qərarı mənim üçün imiş...”
 

Buludxan müəllim 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub.
Deyir ki, o ali məktəbə qəbul olan ili qəribə bir qərar çıxıb: “Hələ də bu günə qədər o qərarın mahiyyəti mənə aydın olmayıb. Qərara çıxdı ki, artıq əyani təhsil alanlar da hərbi xidmətə getməlidir. I kursda yaşım çatmadığı üçün məni aparmadılar, lakin II kursu qurtaranda artıq yaşım düşdüyü üçün hərbi xidmətə getdim. Mən hərbi xidmətdən qayıdıb gələndən sonra isə həmin qərarı dəyişdilər və əyani təhsil alanlar yenə hərbi xidmətə aparılmadı. Elə bil o qərar mənim üçün imiş... Təhsilə çoxlu məhəbbətim var idi, sanki aludə olmuşdum. Əsgərlikdən qayıtdıqdan sonra kiçik qardaşım BDU-ya qəbul olub, Bakıya gəldi. Birlikdə Pedaqoji Universitetin yataqxanasında qaldıq, ona burda böyüklük etdim. Tələbə olarkən Cəfər Cabbarlı adına yüksək təqaüdlə oxudum və 80 manat yüksək adlı təqaüd alırdım. Eyni zamanda gecələr xəstəxanada gözətçi işləyirdim, 80 manat da oradan alırdım. Özümün və kiçik qardaşımın ehtiyacını, bütün dolanışığımızı mən təmin edirdim, heç kəsə ehtiyacımız yox idi. 88-ci il hadisələrindən sonra hər kəs yurdundan çıxıb, Azərbaycana gəldi. Ən sonda çıxan isə biz olduq. 89-cu ilin axırlarında artıq sərhədlər də bağlı olduğu  üçün məcbur olub çıxdıq”.

“Həmişə şirin çay içərdim”

1985-ci ildə iyulun ortalarından sonra Uzaq Şərqdə hərbi xidmətə yollanıb. Ali məktəbdən hərbi xidmətə getdiklərinə görə üç ay serjant məktəbində oxutdurublar:
“Starşina oldum, əsgərlik məni formalaşdırdı. Mən hər cür yeməyi yemirdim. Ətli yeməklər, borş, sup xoşlamırdım. Həmişə şirin çay içərdim, kartof qızartmasından çox xoşuma gəlirdi. Amma əsgərlik mənə bunları yeməyi öyrətdi, gördüm ki, yeməsəm acından ölərəm. Balığın üstünə günəbaxan yağı tökürdülər, hətta əsgərlik onu belə yeməyə alışdırdı. Hərbi xidmətdə müxtəlif millətlər – gürcü, uyğur, qırğız və s. gördüm. Mən hərbi xidmətdə anladım ki, insan dözümlü olanda istənilən uğuru əldə edə bilir. Hərbi xidmətdə olduğum yerdə əvvəllər insanlar yaşamırmış. Çünki çox soyuq olurdu. Göbəkdən yuxarıya qədər tam çılpaq şəkildə hər səhər idman etməli idik. Baxmayaraq ki, hava şaxtalı və soyuq idi. Bir dəfə şaxtalı qış günü əsgərləri idmana aparırdım, uşaqlar soyuqdan titrəyirdilər. Orda binaları qızdırmaq üçün xüsusi yer var idi. Əsgərlər xahiş etdi ki, bir qədər onun küncünə sığınaq, sonra qayıdaq. Mənim də yazığım gəldi deyə razılaşdım. Bu zaman naçalnik bizi tutdu. Düzdür, o başa düşdü ki, bu soyuq  havada çətindir. Amma hərbinin də özünün qayda-qanunları var idi. Hərbi xidmətdə təltifnamələr almışam, yaxşı xidmətimə görə döş nişanı ilə təltif olunmuşam”. 
 

“Bu əslində mənim günahım deyildi”

Müsahibimiz deyir ki, hərbi xidmətin özündə də insan çox işlər görə bilər. Amma yaş az olduğu üçün insan həmin vaxt anlamır: “İndiki ağlım olsaydı, gedib o regionu, ordakı millətlərin adət-ənənələrini öyrənərdim. O vaxt partiyaya keçmək çox çətin və dəbdə olan bir şey idi. Partiyaya daxil olan əsgəri nümunəvi hesab edirdilər. Hərbi xidmətdə hər kəs məni nümunəvi bir əsgər kimi tanıyırdı. Artıq partiyaya keçmək üçün zəmanət aldım. Amma günlərin birində mənim partiyaya daxil olmağıma az qalmış bir hadisə baş verdi. Dəstəmin içində əsgərlərdən biri gecə çastı tərk edib. Onun getdiyi isə səhər komanda verəndə məlum oldu. Sırf ona görə məni partiyaya keçirmədilər. Bu əslində orda olan növbətçinin işi idi, mənim günahım deyildi. Daha sonra partiya dağıldı, dedim elə nə yaxşı ki, ora daxil olmamışam”.

“Şirin vədlər verir, qulluğumda dayanır, bol-bol tərifləyirdilər”
 

Buludxan müəllimin tələbəlik illəri çox maraqlı keçib. Deyir ki, ən yaddaqalan dövr  isə imtahan ərəfəsi idi:
“İmtahanlar çatanda tələbə yoldaşlarım məni rahat buraxmırdılar. Universitetə girən kimi məni dövrəyə alıb, kitabxanaya aparırdılar. Şirin vədlər verir, qulluğumda dayanır, məni bol-bol tərifləyirdilər. Əvəzində isə istəyirdilər ki, imtahan suallarının cavablarını onlara danışım. Bir neçə dəfə bəzi tələbə yoldaşlarım birləşib çalışırmışlar ki, seminarda məndən yaxşı cavab versinlər. Bunun üçün ciddi şəkildə hazırlaşıblar, amma alınmayıb. Çünki mən hər seminara yaxşı şəkildə hazır olurdum. Onlar bunu sonralar etiraf etdilər. Bütün kitabxanalarda məni tanıyırdılar. Yataqxanada qaldığım otağın pəncərəsi kitablarla dolu idi. Bir dəfə həyətdən baxan uşaqlar görüblər ki, kimsə kitabların içində iş görür. Öz aralarında mərc ediblər, biri deyib Buludxan olacaq, biri deyib yox, o indi burda olmaz. Gəlib araşdırıblar ki, mənəm. Həmin kitablar mənə çox şey verib”.
 

“Bəzən eşidirdim ki, filan qız məni istəyirmiş”

Müsahibimiz deyir ki, o tələbə olan vaxtı biri qız sevirdi, onunla kinoya gedirdi, biri eşqini elan edirdi. Amma o elə olmayıb, həmişə elmlə, oxumaqla məşğul olub:
“Hətta bəzən eşidirdim ki, filan qız məni istəyir, belə şeylərə fikir vermirdim. Çünki məqsədim, fikrim ancaq oxumaq idi. Tələbə olanda çoxları mənə hörmət edirdi, professor deyə müraciət edirdilər. Qoltuğumda həmişə kitablar qalaq-qalaq olurdu. İndinin gəncləri bir dəftəri belə gizlədir, kitab götürməyə utanırlar. Metroya girəndə kimin tələbə olub-olmadığı bilinmir. Bizim evin yanında zavodun yaşlı bir gözətçisi vardı, o həmişə mənə fikir verirmiş. Bir dəfə nəyləsə bağlı kitabları ağsaqqalın yanına qoyub, ondan xahiş etdim ki, kitablara baxsın. Sən demə müvəffəqiyyət kitabçam da kitabların üstündə qalıb. Kişi də çoxdandır, mənimlə maraqlanırmış, tez mənə demədən açıb ona baxıb ki, qiymətlərimin hamısı beşdir. Bundan sonra mənə hörməti daha da artdı, dedi ki, mən sizinlə fəxr edirəm. Ali məktəbi bitirəndə Təhsil Nazirliyi göstəricilərimi, kafedra müdiri, professor Həsən Mirzəyev və rektorun təqdimatını nəzərə alaraq məni universitetdə saxladı. Ona görə qısa müddətdə müəllim işləməyə başladım. 23 yaşımda laborant işləyə-işləyə dərs demişəm. Artıq 26 yaşımda elmlər namizədi idim. Auditoriyalara girib çıxırdım, bir qız xoşuma gəlirdi, onu sevdim, öz məhəbbətimi elan etdim (Gülür). Və 28 yaşımda ailə həyatı qurdum. Hazırda çox xoşbəxtik, iki övladımız var, biri oğlan, biri qızdır. İnsan məhəbbətlə, sevib yaşamalı, sevgisinə hörmət etməlidir. Sevgisiz heç nə yoxdur, amma hər şeyin öz yaşı var”.

Könül Asimqızı


Xəbər xətti