Azad və ədalətli seçkilər hüquqi dövlət quruculuğunun əsas elementidir

18:17 - 22 Fevral 2018 - KİVDF

Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması demokratik və şəffaf seçkilərin təşkilindən keçir

Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması, təşəkkül tapması digər şərtlərlə yanaşı demokratik və şəffaf seçkilərin təşkilindən keçir. Elə buna görə də bəzən azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər. Müasir demokratik dövlətlərin qarşısında duran önəmli prinsip seçkilərin ədalətli, azad, şəffaf keçirilməsi, əhalinin bu proseslərdəki iştirakının tam təmin edilməsidir. Çünki istənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə həyata keçirilir. Deməli, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Xalqın iradəsi isə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən azad seçkilərdə öz təzahürünü tapır. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Buna görə də qeyd etmək vacibdir ki, hakimiyyət məhz seçkilər vasitəsilə, başqa sözlə, seçicilərin razılığı ilə legitimlik qazanır.

Azərbaycan Konstitusiyasında  qeyd olunmuş prioritetlər rəhbər tutularaq, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Bu baxımdan Azərbaycanda keçirilən seçkiləri hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfə adlandırmaq olar. Qarşıdan gələn növbədənkənar prezident seçkisi də bu qəbildəndir. Aprelin 11-də vətəndaşlar seçki məntəqələrinə gedərək dəstəklədikləri namizədlərə səs verəcəklər.
 

Əsas qanunda bildirilir ki, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Konstitusiyanın 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər yer alıb.  Bu maddədə bildirilir ki, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. 101-ci maddədə isə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. 

Qeyd edək ki, Seçki Məcəlləsinin  müxtəliv maddələrində seçkilərdə namizədlərin irəli sürülməsi ilə bağlı maddələr var.  Məcəllənin 53 maddəsi Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsinə həsr olunub. Bildirilib ki, namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddənin 2-ci bəndində isə qeyd olunub ki, namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir.  Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

Digər tərəfdən  namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir.
Seçki Məcəlləsinin 53-cü maddəsinin 6-cı maddəsində bildirilir ki, müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.  

Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Seçki Məcəlləsinin  54 maddəsi isə  namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsindən ibarətdir. Bildirilir ki, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Bu maddənin 3-cü bəndində qeyd olunub ki, namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir.

 

Xəbər xətti