“MDB Startap platforması” layihəsi keçiriləcək

11:25 - 21 Fevral 2018 - Xəbər

Azərbaycanda keçiriləcək “MDB Startap platforması” layihəsinə MDB və Avrasiya ölkələrindən 50 nümayəndə iştirak edəcək.

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan” dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə 2018-ci ilin iyul ayında MDB və Avrasiya ölkələrini əhatə edən “MDB Startap platforması” layihəsi keçiriləcək. 

Layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələri qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şəraət yaratmaqdır.

Layihə zamanı Azərbaycan, Belarus, Kazaxstan, Qırğızstan, Özbəkistan, Moldova, Rusiya, Tacikistandan, Ukrayna və Gürcüstan ölkələrinin 50 nümayəndənin Bakıya gəlişi gözlənilir. Layihədə region ölkələrdə fəaliyyət göstərən gənc sahibkarların və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində fəaliyyət göstərən qurumların və təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində nümayəndələr gənc sahibkarların üzləşdiyi problemləri və onların həlli yollarını müzakirə edəcək, uğurlu startap nümunələri təqdim olunacaq. Əsas mövzulardan biri ölkələrdə startap ekosisteminin formalaşdırılması və gənc sahibkarlar dəstək mexanizmlərinin təkmilləşdirilməsi olacaq.

“MDB Start-ap platforması” layihəsi haqqında www.startup.nayora.az səhifəsində rus və ingilis dillərində ətraflı məlumat qeyd olunub. 

Məlumat üçün bildirək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Xəbər xətti