Azərbaycandan gizli yolla çıxarılan qadınlar tutuldu - FOTO

10:13 - 20 Fevral 2018 - HADİSƏ

Son günlərdə DSX əməkdaşlarının səyi nəticəsində iki halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keç­mək cəhdinin, bir halda külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.
 
"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, 17 fevral tarixində Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub. Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan 4 nəfər qadının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.
 
17 fevral tarixində Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.
 
16 və 17 fevral tarixlərində DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su səthində və kolluqlarda 39 qutuda 470 ədəd əksəriyyəti 1 litrlik şüşə qablarda alkoqol içkiləri aşkar olunaraq götürülüb.
 
Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti