Ana səhifə
25 İyun 2018

Jurnalistin atasının öldürməsi ilə bağlı YENİ MƏHKƏMƏ

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində olan hökmdən Qarabağ müharibəsi veteranı, mərhum Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
 

"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.
 
Daha sonra jurnalist İ.Əlizadənin nümayəndəsi Abil Bayramov vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaq aparılmaqla keçirilməsini istəyib.
 
Vəsatət təmin edilməyib. Lakin hakim bildirib ki, iclaslar zamanı zərurət yarasanrsa, məhkəmə qismən istintaqla keçiriləcək.
 
Məhkəmə baxışı  martın 1-də davam edəcək.
 
 
Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi "GAC" markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub. 
 
Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
 
Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə 166 min 531 manatı).
 
Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
 
Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökm apellyasiya şikayəti başa çatandan sonra qüvvəyə minəcək. 
 
Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.
 
Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.
 
Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Tarix
19 Fevral 2018 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin