"Keçən günlər barəsində daha tez-tez düşünürəm"

12:01 - 19 Fevral 2018 - Ədəbiyyat

                                                                                                             II HİSSƏ

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimi də güman etmədiyim bir həyat başladı

Kənddə məni pis qarşılamadılar… Ən yaxşı anam qarşıladı. Dünyanın ən böyük dilçisi, ədəbiyyatşünası, tarixçisi (və ictimai xadimi!) saydığım, on yaşımda itirdiyim atamı əvəz etməyə çalışan (və əvəz edən!) anam… Kim gəldisə, süfrə açdı… Bir də onda gördüm ki, imtahan verən, Universitetə qəbul olan mən yox anam imiş. Məndən çox onu təbrik edirdilər…

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimi də güman etmədiyim bir həyat başladı. Yaxşı ki, məndən altı yaş böyük bir dayım var imiş… Vaqif dayı… Bir il onunla kirayədə qaldım, bir ildən sonra güc-bəla ilə Universitetin yataqxanasında yer ala bildim…Ümumiyyətlə, yataqxanada yer almaq əzabı hər il takrarlanırdı. İmtahanları kifayət qədər uğurla verib kəndə qayıtdıqdan bir az sonra daha çox onu düşünürdüm ki, yataqxanada yer ala biləcəm ya yox?.. Çünki orderi birillik verirdilər…

Elə tələbələr vardı ki, hətta kənddən gəlsələr belə, məişət işlərini, görürdüm ki, çox münasib bir şəkildə qaydaya salır, özlərini xeyli rahat hiss edirlər. Əlbəttə, burada maddi imkan da az rol oynamırdı, ancaq o qədər imkanı olmayanlar içərisində də məişət bacarığı olanlar vardı ki, özlərinə bir gün ağlayırdılar. Mənimsə Universitetdən kənar həyatım, demək olar ki, yox idi… Məişət qayğılarını bir təhər yola verir, bu barədə heç düşünməməyə çalışırdım.

…Aclıq da olurdu, müxtəlif xarakterli maddi, ya mənəvi gərginlik də… Ancaq oxuduğumuz romanlardan da bilirdik ki, bütün bunlar keçicidir, mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır.

Müəllimlər hər dərsdə Mir Cəlal müəllimdən sitat gətirirdilər…

…Elə ilk günlərdən adını eşidib özünü görmədiyimiz çox görkəmli müəllim-professorlardan dərs almağa başladıq: Abbas Zamanov, Mir Cəlal,Vaqif Vəliyev, Ağamusa Axundov… Böyük yazıçı, ədəbiyyatşünas Mir Cəlalı, təbii ki, daha yaxşı tanıyırdıq, bədii əsərlərinin çoxunu, elmi əsərlərinin isə bir hissəsini oxumuşdum. «Bir gəncin manifesti»ni bilməyən yox idi… Mir Cəlal müəllim ahıllaşmışdı, bir cümləni demək üçün xeyli fikirləşir, ancaq elə cümlə deyirdi ki, saatlarla fikirləşib o səviyyədə demək çətin idi. Ədəbiyyatşünaslığın ən mürəkkəb məsələlərindən elə sadə bir dildə danışırdı ki, «modern terminologiya»nın əsiri olmağa hazırlaşan bizlər tərəddüd içərisində qalırdıq.

Auditoriyada asta addımlarla o başa-bu başa gəzinir, mühazirə deyir, hərdən də tələbələrdən birinin qolundan tutub adını soruşur, suallar verirdi. Bir dəfə mənə yaxınlaşdı, ayağa durdum, sual elədi ki, «müsbət qəhrəman nədir?» Cavab verdim ki, «həyatdakı müsbət insanların bədii ədəbiyyatdakı obrazına müsbət qəhrəman deyilir». Məmnunluqla gülümsəyib «bə müsbət insan nədi?» deyə soruşdu. Bir az fikirləşib dedim ki, «Mir Cəlal müəllim, onu bilmirəm»… Sonuncu sualı bir-iki nəfərə də verdi, ancaq cavab ala bilmədi. Auditoriyanın qarşısına keçib əlini belinə qoydu, ahəstə səslə «cəmiyyəti irəli aparan, ictimai tərəqqiyə xidmət edən insana müsbət insan deyilir» – dedi.

Tələbələrə kurs işi mövzuları paylamışdı – hər dərsin birinci, ya ikinci hissəsində bir-iki nəfəri qaldırıb soruşurdu ki, «sənin əsərinin mövzusu nədi?» Hamının üzündə təbəssüm əmələ gəlirdi, bizim cızmaqaralarımıza «əsər» deməsi, özü də belə böyük yazıçı- ədəbiyyatşünasın, əlbəttə, qəribə idi.

Bir dəfə də lap arxada əyləşmiş tələbələrdən birinin qolundan tutub asta-asta yazı taxtasının qarşısına gətirdi. Ona bir-iki sual verdi, heç bir suala cavab verə bilməyən tələbə pərtliyini gizlətmək üçün xəfifcə gülümsəməyə başladı. Mir Cəlal müəllim onu yazı taxtasının yanında qoyub yenidən arxaya getdi, həmin tələbənin parta yoldaşını qaldırıb astadan soruşdu ki, «sənin yoldaşın əvamdı?..» Mir Cəlal müəllim «əvam» tələbənin yanına qayıdana qədər verdiyi ritorik sualı tələbələr bir-birinə ötürə-ötürə həmin tələbənin özünə çatdırmışdılar…
Mir Cəlal müəllim artıq ahıllaşsa da, vaxtilə yetişdirdiyi istedadlı tələbələri – Vaqif Vəliyev, Firidun Hüseynov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev… bizə dərs dedilər.
Onlar, demək olar ki, hər dərsdə Mir Cəlal müəllimdən sitat gətirirdilər… 

Azərbaycan (indiki Bakı) Dövlət Universiteti filologiya fakültəsinin birinci kurs tələbəsi idim.
…Mənim ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərimə son verən, yəqin ki, professor Ağamusa Axundov oldu.
Müasir Azərbaycan dilinin fonetikasından mühazirə gedirdi… Professor Ağamusa Axundov özünəməxsus romantik bir intonasiya ilə auditoriyaya müraciət elədi:
- Sait nəyə deyilir?
Az-çox hazırlığı olan hər bir orta məktəb şagirdinin yaxşı bilməli olduğu bu sualı eşidəndə tələbələr yer-yerdən əllərini qaldırdılar. Və belə məlum oldu ki, auditoriyada bu sualın cavabını bilməyən bircə nəfər də yoxdur… Professor üç-dörd tələbənin verdiyi «ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səslərinə sait deyilir» cavabını təmkinlə dinləyib hər dəfə «daha kim deyər?» deyə soruşdu.

Mən gördüm ki, sualı bildiklərinə tamamilə əmin olan tələbə yoldaşlarımın əvvəlki inamı tədricən azalır, həvəslə əl qaldıranlar əllərini aşağı salırlar… Azərbaycan dilçiliyində xüsusi nüfuzu olan müəllimimizin diqqətini cəlb etmək məqamı çatmışdı. Əlimi qaldırıb: 
- Ağız və boğaz boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan… - demişdim ki, Ağamusa müəllim məni saxladı:
- Tamamilə dorğrudur. Çünki «h» səsi ağız boşluğunda yox, boğaz boşluğunda maneə ilə qarşılaşır…- dedi.

Sonra isə aramla saitin «universitet tərifi»ni dedi: «Ağız və boğaz boşluğunda məneəyə rast gəlmədən tələffüz olunan, heca əmələ gətirən, musiqili tona malik danışıq səslərinə sait deyilir».

«Doktorluğu otuz iki yaşında müdafiə edib mənim rekordumu təkrar edəsən»…

Namizədlik dissertasiyasının ilk variantında professor Həsrət Həsənovu möhkəm tənqid eləmişdim. Çünki qeyri-müəyyən şəxsli cümlə ilə müəyyən şəxsli cümlə arasında nəzəri olaraq ona qədər fərq göstərildiyi halda, nümunə verəndə həmin cümlələri fərqləndirə bilməmişdi. Tofiq müəllim əvvəl bir söz demədi… Sonra görüşəndə sözarası dedi ki, Həsrət müəllimi çox sərt tənqid eləmisən, bir az yumşalt… Yumşaltdım… Bir müddət də keçdi… Görüşlərimizdən birində məsləhət gördü ki, Həsrətlə bağlı tənqidi ümumiyyətlə çıxart, yaz ki, bu mövzuda o da tədqiqat aparıb, xətrinə dəyməyək, eşitmişəm, özünü yaxşı hiss eləmir.

Doktorluq dissertasiyamın müdafiəsi 1991-ci ilin dekabrının axırlarında Azərbaycan EA Dilçilik İnstitutunda oldu. O zaman Ağamusa müəllim İnstitutun direktoru, müdafiə şurasının da sədri idi. Və təbii ki, onun razılığı olmasaydı, vaxt uzana bilərdi… Müdafiədən sonra məni təbrik elədi, qucaqlaşdıq, köhnə kişilər kimi… Dedi ki, çox istəyirdim ki, doktorluğu otuz iki yaşında müdafiə edib mənim rekordumu təkrar edəsən…

Sonralar hər yeni kitabı çıxanda mənə təxminən belə bir avtoqrafla bağışlayırdı: «Mənim təkrarım (və inkişafım) olan Nizamiyə»… Mən də bundan həm ləzzət alır, həm də qürur duyurdum. Və hərdən deyirdim ki, Ağamusa müəllim, «təkrar» kifayətdir…

«İstedadlı adamın səhvini kəndir edib onun boğazına keçirmək olmaz»…

1987-ci ilin yayında Qazaxda kəndimizdə oturub akademiyadakı işimin artıq bir-iki aya bitəcəyi, harada nə iş tapacağım barədə düşünürdüm ki, Nəriman Həsənzadədən teleqram gəldi. Məni tənqid və ədəbiyyatşünaslıq şöbəsinə müdir dəvət edirdi… Kənddən necə çıxdığım, Bakıya necə gəldiyim yadımda deyil, onda gördüm ki, redaksiyada, baş redaktorun kabinetindəyəm. Və dərhal işə başladım… Sonralar öyrəndim ki, mənim bu təyinatım Nəriman müəllim üçün o qədər də asan başa gəlməyib. Hətta İsmayıl Şıxlını da yola gətirməyə məcbur olub…

…Maraqlı hadisələrdən biri də tanınmış müəlliflərin öz şeirlərini Davud Nəsibin rəhbərlik etdiyi şöbəyə yox, birbaşa Nəriman müəllimə təqdim etmələri idi. Böyük poetik zövqü olan baş redaktorun saatlarca orta səviyyəli şeirləri (və şairləri!) dinləməyə məcbur olmasını görmək ağır idi. Nəriman müəllimin, bir, iki, üç yox, daha çox şeirini oxumağı israrla tələb edən tanınmış bir şairə «ayə, məni niyə öldürürsən?» deməsi yadımdadır… İnsanlarla münasibətdə mədəniyyətə ən çox üstünlük verən baş redaktorun yorulanda «bu şairlər olmasaydı, daha yaxşı qəzet buraxardıq» deməsini də tamamilə təbii saymaq olardı.

Nəriman müəllimin bir sözü də vardı: «İstedadlı adamın səhvini kəndir edib onun boğazına keçirmək olmaz»…

Etiraf edim ki, Nəriman Həsənzadə baş redaktorluqdan çıxdıqdan sonra onun yaratdığı sağlam işguzar mühit yerində qalsa da, bir az qəribsədim. Və yeni baş redaktor, ilhamlı şair Cabir Novruzun təkidinə baxmayaraq, yalnız bir neçə ay davam gətirdim…

Hüseyn Arifin apardığı intriqalar daha çox sənət idealı ilə əlaqədar idi

Hüseyn Arif laübalı adam olsa da, onunla hər hansı mövzuda (xüsusilə ədəbiyyatdan) mübahisə etmək çətin idi. Gözləmədiyin halda ən modern terminologiya, ən müasir məntiqlə üzərinə hücuma keçir, səni tərk-silah edirdi. Moskvada oxumuş, dünya ədəbiyyatını müəyyən səviyyədə mənimsəmiş, görünür, təbiətindəki «kəndli diplomatiyası»nı bir az da orada inkişaf etdirmişdi. Bakıya qayıdanda isə o zamankı yazıçı mühitində, məhz həmin qabiliyyət hesabına, kifayət qədər sərbəst hərəkət edə bilmiş, bir sıra əsaslı intriqaların hətta qəhrəmanlarından olmuşdu. Lakin o əqədə də böyük vəzifə həvəsində olmadığına görə, Hüseyn Arifin apardığı intriqalar daha çox sənət idealı ilə əlaqədar idi. Hərdən bir yerliçilik zəminində münaqişələrə də girirmiş, lakin deyilənlərin əksinə olaraq, mənə elə gəlirdi ki, qağada elə bir yerliçilik hissi yoxdur. O, doğulub böyüdüyü torpağı sevir, həmin diyarın etnoqrafiyasını özündə əks etdirirdi – buna yerliçilik deyirdilər, S.Vurğunu özünün ustadı sayırdı – buna yerliçilik deyirdilər, yaradıcılıq enerjisini xalqdan, xalq ədəbiyyatından götürürdü – buna yerliçilik deyirdilər.

… Bir dəfə qağa Aşıqlar Birliyinin qurultayını keçirir. Ancaq nümayəndələrin çoxunu Salyandan çağırır. Qazax, Göyçə, Borçalı aşıqlarını «unudur». Soruşurlar ki, bu, nə deməkdir, Qazax, Göyçə, Borçalı aşığı olan yerdə, özün də bilirsən ki, Salyan aşığı bir şey deyil… Qağa tövrünü dəyişmədən:

- Axmaq-axmaq danışmayın, Qazax aşığı balıq, kürümü gətirəcək, qaça-qaça gələcək üstümə ki, Aşıq Ələsgərdən sonra mənəm… Bəs mən dünyanın müxtəlif yerlərindən çağırdığım qonaqları nəynən yola salacam. İngilis, alman, fransız nə bilir Ədalət kimdi, Kamandar kimdi, onlar bircə qağanı (özünü nəzərdə tuturdu – N.C.) tanıyırlar… Bakıya da mənə görə gəlirlər.

«…bu nömrədə Kamran Bağırovun hekayəsi gedəsi oldu, sizinki gələn nömrə gedər…»


Dördüncü gün qəzetə yazı göndərəndə fikirləşirdi ki, beşinci gün çıxmalıdır. Və buna haqqı da vardı… Bir dəfə Nəriman müəllimə həmin qaydada hekayə göndərir, beşinci gün görür ki, çıxmadı. Zəng edib narazılığını bildirir. Nəriman müəllim üzr istəyib deyir ki, gələn nömrədə çıxacaq… Ancaq gələn nömrə Kamran Bağırovun hansı plenumdasa etdiyi məruzə olur. Və bunu qətiyyən nəzərə almayan İsmayıl müəllim yenidən zəng edir…Dünyagörmüş, müdrik bir insanın onu başa düşmək istəmədiyini görən Nəriman müəllim küskün bir bir təmkinlə «İsmayıl qağa, bu nömrədə Kamran Bağırovun hekayəsi gedəsi oldu, sizinki gələn nömrə gedər…»

… Mən İsa Hüseynovu birinci dəfə 80-ci illərin sonlarında «Ədəbiyyat və incəsənət» qəzetində işləyərkən gördüm. Tənqid və ədəbiyyatşünaslıq şöbəsində müdir idim. Başımı aşağı salıb nə isə yazırdım. Bir nəfər içəri girib salam verdi. Başımı qaldırmadan salamını alıb dedim ki, əyləşin, buyurun, eşidirəm… Gələn adam, yəqin ki, məşğul olduğumu, ona lazımi diqqət göstərmədiyimi görüb «sağ ol, gedirəm» dedi. «Gedirəm» sözünü eşidəndə başımı qaldırdım… Qarşımda İsa Hüseynov dayanmışdı, sifətində mülayim bir təbəssüm var idi.

Bilmirəm oturduğum yerdən necə qalxdım, necə üzrxahlıq elədim, o əyləşdi, ya əyləşmədi… Yadımda qalan odur ki, İsa müəllim gəldiyi kimi də getmişdi, stolun üstündə bir-iki səhifəlik yazısı qalmışdı.

…Yavaş-yavaş xatırladım ki, bu yazını yazmağını ondan mənim özüm telefonla xahiş etmişdim. «Yeni il» sorğusuna cavab idi.
Və elə yazmışdı ki, bu halında Azərbaycanın heç bir mətbuat orqanında gedə bilməzdi…
Qəzetin baş redaktoru, Nəriman Həsənzadə ilə məsləhətləşəndən sonra İsa müəllimə zəng edib dedim ki, icazə verin yazınızı bir az (!) redaktə edək. Güldü. Dedi ki, mən onu çap olunmaq üçün yazmamışam. Sən dedin yaz, mən də yazdım…

Qapıları taybatay «xalq»ın üzünə açdım...

Dekan olan kimi birinci növbədə, qapıları taybatay «xalq»ın üzünə açdım. Əslində, başqa cür də mümkün deyildi. Sənin müəllimin olmuş görkəmli alimlərə necə «rəhbərlik» etmək olardı?..

Xırda münaqişələr də oldu, incikliklər də… Ancaq sonda hər şey sülhlə qurtardı.
Nə az, nə çox, düz yeddi il dekan oldum. Bu müddətdə üç rektor dəyişdi: Murtuz Ələsgərov, Misir Mərdanov, Abel Məhərrəmov. Hər üçünün öz idarəçilik, rəhbərlik üslubu var idi. Və təbii ki, dekanlıqlar Universitetin «mətbəx»i olduğuna görə rektorlar bütün işlərini dekanlarla əlaqələndirməli, dekanlar isə rektorun iş üslübüna uyğunlaşmalı idilər... 
Günlərin bir günü tədris ilinin əvvəlində Universitetin tanınmış bir professoru məndən xahiş etdi ki, işi Tələbə Qəbulu Komissiyasında «dolaşıq düşmüş» bir qızın dərslərdə iştirakına icazə verim. Belə şeylər olurdu. Bir də görürdün ki, Komissiya hansısa texniki səhv ucbatından qəbul siyahısına adı düşməyən bir nəfərin əmrini dərs başlayandan bir-iki ay sonra göndərdi… Xahişdə məqsəd o idi ki, uşaq dərsləri dinləsin, yoldaşlarından geri qalmasın. Yeri gəlmişkən, filologiya fakültəsində belə bir ənənə də vardı ki, hətta tələbə olmayanlar belə icazə alıb böyük alimlərin mühazirəsində sərbəst dinləyici kimi iştirak edə bilərdilər… Mən də razılaşdım, müavinimi çağırıb tapşırdım ki, bu xanım dərslərdə otursun, əmri gələndən sonra adını jurnala yazarsınız.

Qış sessiyasının qızğın vaxtında məni rektorluğa çağırıb dedilər ki, böyük bir cinayət eləmisiz. Qəbul əmri olmayan uşağı tələbələr siyahısına daxil edib oxudursuz. Güldüm, dedim ki, elə şey ola bilməz. Sən demə olubmuş…
Müavinimdən soruşdum ki, bu nə məsələdir?.. Dedi, qəbul əmrini gətirib göstərdilər, mən də adını yazdım jurnala… Əmri axtarıb tapa bilmədi. Və məlum oldu ki, fağırı aldadıblar…
Onu müavinlikdən çıxartdılar. Və mənə də töhmət verdilər. Demokratiyanın belə-belə fəsadları da olurdu…

(ardı var)

 

Xəbər xətti