Ana səhifə
20 İyun 2018

Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir

Prezidentliyə namizədlik öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər

Azərbaycan  Konstitusiyasının 100-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Konstitusiyanın 101-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Maddənin digər bəndində isə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Bu maddə əsas götürülərək Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Artıq aprelin 11-də növbədənkənar president seçkisi keçiriləcək. Qanunvericiliyin tələbinə görə, seçkilərin təyin edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı rəsmi dərc edildikdən sonra prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsi başlayır ki, bu mərhələdə iştirak edən subyektlərlə bağlı seçki qanunvericiliyində müəyyən tələblər nəzərdə tutulub.

Fevralın 17-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsini təsdiq edib. Mərkəzi Seçki Komissiyasın iclasında prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsini təsdiq edib. Xatırladaq ki, fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı postuna beş iddialının namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bunlar hazırki prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (Milli Məclisin deputatı), Tural Abbaslıdır (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri). Seçki Məcəlləsinə görə, namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər prezidentliyə namizəd kimi qeydə alınması üçün 60 birmandatlı seçki dairəsindən azı 40 min imza toplamalıdır.

Bu gündən seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesinə başlanılır. Qaydaya görə,  Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilərlər.

Qeyd edək ki, bəzi vətəndaşların president seçilməsinə məhdudiyyət var. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə vətəndaşlara dövlət orqanlarına seçmək və seçilmək imkanı yaradılıb. Bu maddədə deyilir: Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. Göründüyü kimi hərbi qulluqçuların (hərbi qulluqda olduqları müddətdə), hakimlərin (hakim olduqları müddətdə), dövlət qulluqçularının (dövlət qulluğunda olduqları müddətdə), din xadimlərinin (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə) seçilmək hüququ məhdudlaşdırılır. Bundan başqa, Konstitusiyanın 101-ci maddəsinin digər bəndlərində isə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki,  Seçki Məcəlləsinin tələblərinə görə, seçkilərdə prezidentliyə namizədliyin irəli sürülməsi hüququ vətəndaşlara, seçicilərin təşəbbüs qruplarına, siyasi partiyalara  və siyasi partiya bloklarına məxsusdur. Başqa sözlə, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilən tələblərə cavab verən şəxsin prezidentliyə namizədliyi öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər.

Vüqar Rəhimzadə bildirib ki,  seçki qanunvericiliyi qeyd edilən subyektlərin prezidentliyə namizədliyinin irəli sürülməsinin qaydalarını və şərtlərini də müəyyən edib. Eyni zamanda, normativ xarakterli akt yaradan bir orqan kimi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyin irəli sürülməsinin qaydaları ilə bağlı bir sıra hüquqi aktlar hazırlayıb qəbul edib. Həmin aktlar seçki prosesində Seçki Məcəlləsinin tələblərinin icrası mexanizmini müəyyən edir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və qərar qəbul olunur. Təqdim edilmiş sənədlərdə hər hansı bir səhv və ya pozuntu aşkar edildikdə, komissiya onların aradan qaldırılması barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Yalnız  həmin sənədlərdə müvafiq dəyişikliklər edildikdən sonra namizədliyin irəli sürülməsi təsdiq edilir.

Xatırladaq ki, Konstitusiyanın 102-ci maddəsində Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir.

Tarix
19 Fevral 2018 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin