Ana səhifə
13 Noyabr 2018

Müsavat Partiyası durğunluq dövrünü yaşayır

Qubad İbadoğlu: “Müsavat Partiyasında status-kvonun saxlanmasında maraqlı deyilik”

 

 

Arif Hacılı: “Saxtakarlıq, pozuntular barədə partiyaya heç bir rəsmi şikayət daxil olmayıb”

 

 

Vurğun Əyyub: “Əgər o qüsurlarla bağlı müraciətlər öz təsdiqini tapacaqsa, istefa barədə qərarı Arif Hacılı özü verməlidir”

 

 

Müsavatda başqan seçkisi bitdi. Amma hələ də partiyanın rəhbəri seçilən Arif Hacılı ilə bu posta iddialı olanlar arasında gərginlik, söz savaşı davam edir. Başqanlığa keçmiş namizədlər seçki saxtakarlığı ilə barışmır. Tərəfdarları ilə görüş keçirir, sonadək haqqlarını tələb edəcəklərini bəyan edirlər. Görünən odur ki, partiya parçalanma ilə üz-üzədir. Seçkini az səs fərqi ilə uduzan Qubad İbadoğlu bir qədər irəli gedərək partiya rəhbərliyindən maliyyə mənbələri, xərcləri barədə hesabat istəyib. O, Müsavatın yenidən qurulmasını, partiya üzvlərinin təzədən siyahıya alınmasını, ən əsası isə rəhbərliyə yeni simaların gəlməsinin vaxtı çatdığını düşünür. Q. İbadoğlu bildirib ki, onlar Müsavat Partiyasında status-kvonun saxlanmasında maraqlı deyillər. Partiyanın dəyişməsi, yeniləşməsi, eyni zamanda partiyanın işinin yenidən qurulması ilə bağlı tövsiyələr paketini hazırlamaqla Müsavat partiyasını gücləndirmək istəyirlər. Onun sözlərinə görə, xüsusilə seçki günü və ona bir neçə gün qalmış seçicilərin iradəsinə təzyiqlər oldu, ədalətlilik prinsipi pozuldu. “Müsavatın icra aparatının resurlarından, İsa bəyin adından bir namizədin xeyrinə sui-istifadə olundu və qarşı tərəfin 3 il bundan əvvəl başlayan səyləri  nəticəsində müəyyən pozuntularla Müsavat başqanlığında məlum nəticə alındı. Biz onların hər birini sistemli şəkildə qruplaşdıraraq arayış hazırlamışıq və onu araşdırmalar aparmaq üçün oktyabrın 10-da partiyanın müvafiq strukturlaına təqdim edəcəyik. Biz Müsavat partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Odur ki, partiyanın işini gücləndirmək üçün təkliflər paketi hazırlayıb, onu da təqdim etmişik. Biz istəyirik ki, bizim təkliflərimiz nəzərə alınmaqla Müsavat Partiyasının yeniləşməsi, dəyişməsinə və yekunda da güclənəsinə nail olaq. Müsavat Partiyasının dəyişməsini, yeniləşməsini istəyən müsavatçıların sayı gündən günə çoxalır və onların sayı minlərlədir. Biz istəyirik ki, Müsavatın işini yenidən quraq və partiyanı gücləndirək. Amma qarşı tərəfin müsahibələrdən gördüm ki, onlar özlərini bixəbər aparırlar, guya onların bu təkliflərdən xəbəri yoxdur. Bizi partiyadan çıxarmaq istəyirlərsə, buyurub çıxarsınlar. Amma xatırlayırsınızsa o deyirdi ki, mən başqan seçilsəm hamıya qucaq açacam.İndi isə yalnız ol, hətta partiyanın strukturlarında təmsil olunanlar bəziləri də  düşünür ki, onların fikirləri ilə razılaşmayanlar partiyadan çıxarılmalıdır”- deyə Q.İbadoğlu bildirib.

Başqanlığa digər iddialı, sonradan namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy da partiya başqanı Arif Hacılını istefaya çağırıb. Əlisoy sosial şəbəkədə yazıb: “Arif Hacılı saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver!”.

Müsavat başqanı Arif Hacılı bütün baş verənlərin görüntü xatirinə olduğunu düşünür: Onun sözlərinə görə, saxtakarlıq, pozuntular barədə partiyaya heç bir rəsmi şikayət daxil olmayıb. Arif Hacılının sözlərinə görə, bir nəfər istisna olmaqla kimsə partiyadan istefa verdiyini bəyan etməyib. O, hesab edir ki, hansısa ciddi gərginliklərin olması barədə səslənən fikirlər şişirdilib. “Demokratik quruluşlarda müəyyən fikir ayrılıqların olması, açıq müzakirələrin getməsi təbii bir haldı. Bu plüralizmin bir təzahürüdü. Buna normal yanaşıram. Ancaq Müsavat partiyasında parçalanmalar olmayacaq, Müsavat partiyasının maliyyə mənbələri yoxdur. Bu da mənim hesabatım”. A. Hacılının təbirincə, ayın sonu partiyada söz-söhbətlərə son qoyulacaq. Başqan müavinlərini, müşavirlərini təyin edəcək, məclis üzvləri bilinəcək.

Partiyanın Divan üzvü Vurğun Əyyub isə bildirdi ki, bu qurultay və burada baş tutan seçkilər, əslində Azərbaycan cəmiyyəti üçün bir yenilik və nümunədir. V.Əyyub bununla yanaşı seçkidə qüsurların olmasını da istisna etmədi. “Mənim fikrimcə, bu seçkilərin keçirilməsində də müəyyən qüsurlar olub və biz bu barədə açıq danışırıq. Digər partiyalar isə bu cür və ya  bundan da böyük qüsurlar barədə susmaq, üzərini ört-basdır etməklə əslində Azərbaycanda demokratik inkişafa əngəl olurlar. Mən bu gün Müsavatda baş verənləri də Azərbaycan demokaratiyasına bir töhfə kimi qiymətləndirirəm”.

V.Əyyub yeni başqanın istefası ilə bağlı səslənın iddialara da toxundu. “Arif bəyin istefasının nə qədər adam tərəfindən tələb olunduğunu bilmirəm. Əgər o qüsurlarla bağlı müraciətlər öz təsdiqini tapacaqsa, bu barədə qərarı Arif Hacılı özü verməlidir. O ki qaldı Müsavat Partiyasında yenidən qurultayının keçirilməsinə, V.Əyyub indiki halda bu barədə heç bir söz deyə bilməyəcəyini bildirdi. Onun sözlərinə görə, birinci növbədə ortya qoyulan faktlar araşdırılmalı və ona obyektiv cavab verilməlidir. V.Əyyub partiyanın yenidən qurulması ilə bağlı Q.İbadoğlu tətəfindən səslənən fikirləri də təbii hesab etdi. “Nəyə görə Partiya yenidən qurula bilməsin? Müsavat Partiyasının öz işlərini yenidən qurması üçün kifayət qədər potensialı var. O potensialı hərəkətə gətirmək lazımdır və uyğun idarəetmə forması seçilməlidir”.

V.Əyyub Müsavatın yenilənməsi, köklü dəyişikliyin yaradılması istəklərinin arxasında da təəccüblü heç nəyin olmadığını dedi. İstənilən partiyalarda, qurumlarda yenidən inkişaf təbii haldır. “Bu istəklər heç də partiyada istefaların baş verməsi və gərginliyin yaranmasına yönəlməməlidir. Hər kəs partiyanın taleyinin, ölkədə siyasi mühitin daha da yaxşı formada inkişafını arzulayırsa, gərginlik yaratmamallıdır. Birdə ki, əgər gərginlik olacaqsa da, bu barədə onu yaradanlar düşünməlidirlər”.

Müsavatın keçmiş başqan müşaviri, siyasi ekspert Qabil Hüseynli Qubad İbadoğlunun etirazının kifayət qədər ciddi olduğunu bildirib. Onun sözlərinə görə,  Müsavat Partiyası hazırda durğunluq dövrünü yaşayır. “Son hadisələr ictimai rəydə partiyanın imicini kəskin surətdə zədələdi. Artıq Müsavat hər hansı tarixi missiyanı yetirəcək gücə malik qurum kimi dəyərləndirilmir. İndi Q.İbadoğlu və onun tərəfdarları partiya başqanlığına seçkilərdə saxtakarlıq edildiyindən danışırlar, seçkiqabağı kampaniyada yol verilən ciddi qanun pozuntularından bəhs edirlər. Əgər Müsavat üzvləri özləri seçki saxtakarlığından danışırlarsa, insan hüquqlarını pozurlarsa, ədalətli iş aparmırlarsa, o halda bunları başqasından necə tələb edə bilərlər? Bu baxımdan Arif Hacılının Müsavata hansısa yenilik və ədalət gətirəcəyini gözləməyə dəyməz. Bir çox ekspertlər bəyan edirdilər ki, A.Hacılının timsalında partiya ciddi itkilərə məruz qala bilər. Hesab edirəm ki, İsa Qəmbər Arif Hacılıya "stavka” etməklə partiyanın taleyi ilə bağlı tamamilə yanlış qərar qəbul etdi. Bu qərar partiya üçün ağır nəticələrə səbəb olacaq. Bütün proseslər göstərir ki, İbadoğlu və tərəfdarları ya qurultayın yenidən keçirilməsi, yaxud da ən azından partiyadaxili fraksiyanın yaradılması və bu fraksiyanın gələcəkdə partiyaya çevrilməsi arzusu ilə yaşayırlar. Əgər qarşı tərəf, yəni Arif Hacılı etirazçıların şərtlərini qəbul etməsə və təklifləri nəzərə almasa, tərəflər arasında qarşıdurma daha da kəskinləşəcək. İstisna etmirəm ki, bu cür qarşıdurma partiyanın real parçalanmasına gətirib çıxara bilər”.

Q.Hüseynli bildirdi ki, İsa Qəmbər hər zaman passiv adam olub. Onun 2003-cü ildə də buna bənzər mövqe nümayiş etdirdiyini deyən Q.Hüseynli elə indi də onda hansısa dəyişikliyin olmadığını dedi. “Görünür, İ.Qəmbər passivlik nümayiş etdirməklə sübut etməyə çalışır ki, onun baş verən qarşıdurmayla heç bir əlaqəsi yoxdur. Amma susmaq ya razılıq, ya da biganəlik əlamətidir. İ.Qəmbər lider statusundadır. Ola bilsin ki, bu yaxınlarda nizamnaməyə dəyişiklik edərək ona partiyanın bütün məsələlərinə qarışmaq səlahiyyəti də verildi”.

 

 

T.Qafarlı  

Tarix
9 Oktyabr 2014 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin