Füzulidə qoz ağacları əkildi

20:00 - 16 Fevral 2018 - Cəmiyyət

Füzuli rayonunda ekoloji tarazlığın qorunması, floranın daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə Horadiz-Bakı magistral avtomobil yolunun kənarlarına qoz tinglərinin əkilməsinə başlanıb. 
 

"Ucnoqta.az" İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə istinadən bildirir ki, bu məqsədlə Zaqatala rayonundan 1500 ədəd qoz tingi gətirilərək magistral avtomobil yolunun kənarında əkilib. Əkilən qoz tinglərinə aqro-texniki qaydada qulluq edilir, onların qorunub saxlanılması, suvarılması nəzarətdə saxlanılır. 
 

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində Heydər  Əliyev  Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilib. 
 

Ümumiyyətlə son yeddi il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, 80000 minə yaxın çəkil ağacı, 100000 mindən çox qızıl gül və minlərlə müxtəlif növ ağac və dekorativ kol əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir. 

Xəbər xətti