"Keçən günlər barəsində daha tez-tez düşünürəm"

11:09 - 15 Fevral 2018 - Müsahibə

“Üç nöqtə” qəzetinin qonağı Akademik, Millət vəkili Nizami Cəfərovdur. Görkəmli alimin xatirələrini sizə təqdim edirik.

 I HİSSƏ

Yavaş- yavaş ahıllaşıram. Və özümdən asılı olmayaraq keçən günlər barəsində daha tez- tez düşünməyə başlayıram. Yaxşı ki,  indiyə qədər həyatda rastlaşdığım insanlar, hadisələr hələ, demək olar ki,  bütün dəqiqliyi, təfərrüatı ilə yadımdadır. Arabir haqlarında yazmışam da…

Yazılarıma baxdım, yaddaşımı qurdaladım. Və belə bir kitab ərsəyə gətirdim.
Bəlkə, kiməsə lazım oldu…

Mən dünyaya gələndə hər iki babam da, hər iki nənəm də həyatda olublar. Ancaq əvvəl ana babam, sonra ata nənəm tez rəhmətə getdiklərindən onları, demək olar ki, xatırlamıram… Ata babamla ana nənəm isə xeyli yaşadılar, yaddaşımda  gözəl (və zəngin) xatirələr qoyduqdan sonra bizi tərk etdilər.
Ata babam keçən əsrin əvvəllərində Vedibasarda dünyaya gəlmiş, 30-cu illərdə kolxozda  çalışmalı olmuşdu. Çox  qoçaq qadın olan nənəm Balaxanımla evlənəndən sonra çoxlu uşaqları dünyaya gəlmişdi…  Və babam tək bu sahədə yox, təsərrüfatda da çox qabiliyyətli imiş, özü dam tikib  ailəni içinə yığmış, təsərrüfatda çalışmış və o qədər hörmət qazanmış ki, savadsızlığın ləğvi hərəkatı  zamanı rayondan kəndə göndərilən yeganə əlifba kitabını mükafat kimi ona vermişlər. Ancaq «köhnə dünya»nın üzvü tərkib hissəsi olan babam ağsaqqalların, birinci növbədə, məşhur Kərbəlayi İsmayılın təsiri ilə qərara alır ki, Şura hökumətinin kitabını oxumasın.

Ahıl vaxtlarında soruşurdum ki, baba, niyə oxumaq istəmirdin, hərfləri niyə öyrənmədin?.. Deyirdi ki, ağsaqqallarımız məsləhət gördü ki, bu hökumətin kitabını oxumaq olmaz. Köhnə kitablarda  Allahdan, Qurandan yazırdılar,  indiki kitablarda yazırlar ki, «at ot yedi», nə bilim, «it ət yedi».
Yüksək «dilçilik təfəkkürü» olan babam  başlayır ona əlifbadan dərs deyən müəllimə kələk gəlməyə… 

- Əziz, bax bu, «a»dı, «a» de görüm.
- A.
- Bu da «tı»dı, de görüm.
- Tı
- Hə, nə oldu?
- Atı.
- «Atı» yox, «at».


Müəllim «at» deyir, babam «atı»… Kişinin kitabını alıb verirlər bir başqasına.  O zalım oğlu da bir-iki aya yazı-pozunu öyrənib olur kolxoz sədri, babamı da göndərir ən ağır işlərə.
Səhv elədiyini gec də olsa anlayan, yeni hökumətin düşmənlərinin qoparağının götürüldüyünü görən babam əvvəlki qərarını dəyişib övladlarını oxumağa məcbur edir.
Müharibəyə gedib, bir qolunu itirib geri qayıtdıqdan bir neçə il sonra deportasiya olunur. Ailəsi ilə «Vedinin yanı dağlar»dan Salyanın ilan mələyən çöllərinə sürülür, oradan da  Ağstafaya qaçırlar.
Yenidən ev-eşik qurmalı, yetkinlik yaşına çatmış övladlarına təhsil verməli olur… Əmimlə atam M.C.Bağırov adına Qazax ikiillik müəllimlər institutunu qurtardıqdan sonra Qiyabi Pedaqoji İnstitutda təhsil ala-ala İsmayıllı rayonunun dağ kəndlərində  müəllim işləyirlər. Hər ikisi Azərbaycan dili və ədəbiyyat müəllimi olublar. Ancaq maraqlıdır ki, yerli dili –  Lahıc dilini nə əmim, nə atam yox, ali təhsili olmayan anam öyrənmişdi.

 Ana babam yadıma gəlmir, deyirdilər ki, partkom olub, çox sərt, söyüşcül bir kişi imiş, yadda o qalııb. Bir də Stalinə dəyişməz məhəbbəti olduğunu ondan bilirəm ki, kənddə kolxoz dağılıb sovxoza çevriləndə «kişi»nin idarədəki çərçivəli iri şəklini, büstünü atmağa qoymamış,  evə gətirmişdi. Nənəm hərdən söylənirdi ki,  idarə pozulanda rəhbər işçilər evlərinə stol, stul, pərdə gətirdilər. Bu rəhmətlik də «buları», «öyə bir şey gətirən döydü. Deyəndə də deerdi, hökümətin malını yiməy olmaz. Elə bil hökümət bunaja qalmışdı»…

Atam  gözəl şeirlər yazırdı… «Koroğlu» dastanını, M.P.Vaqifi, Aşıq Ələsgəri dərindən bilirdi

 «Gəlmə» nəvə hərdən «yerli» nənəmgilə gedərdim. Və mənim leksikonumda «babagil», yəni ata tərəf; bir də «nənəgil», yəni ana tərəf vardı. «Yerli» babamla «gəlmə» nənəm tez rəhmətə getdiklərinə görə...

 Babamgildə qaldığımıza görə özümü «gəlmə» sayırdım. Hərdən nənəmgilə gedəndə mənim – təcəzə dil açmış uşağın «gələcəm», «gedəcəm» deməyinə gülürdülər. Və mənə zarafatla «irəvanlı» deyirdilər.
Artıq «irəvanlılaşmış» kəsəmənli anam bir dəfə məni anasıgilə göndərib dedi ki, get nənəndən «nimdəri» al gətir. Getdim, həyət qapısını açıb qışqırdım: «Nənə, nimdəri ver…» Zərnişan nənə səsimə aynabəndə çıxıb  yalvardı, «gəl, gəl, göröm nədi» dedi. Mən məsul bir iş dalınca göndərilmiş adam  kimi yerimdən tərpənmədən «nimdəri ver!» deyib durdum. Rəhmətlik nə istədiyimi başa düşmədiyindən geri çevrilib evdəkilərə səsləndi: «Gəlin görün bu irəvanlı nə deer». Onlar da başa düşmədi. Əlacım kəsildi. İçəri girib iri bir döşəkçənin qulağından yapışıb eşiyə sürüməyə başladım. 
Gülüşdülər.
Gördüm ki, döşəkçəni apara bilməyəcəyəm, üç- dörd yaşım vardı, həm də gülürlər… Atıb getdim. Nənəm dalımca gəlib anamdan soruşdu ki, bu nəyə gəlmişdi?.. Nəsə deyirdi, bilmədik… 
«Poliqlot» anam «gəlmə» ləhcədən «yerli» ləhcəyə keçdi: «Aaz,  ana, döşəkçeyi isterdik dana».
Nənəm hirsləndi:
- Adam kimi istiyə bilmerdinizmi?dedi.
…Babamın təkidi ilə oxusalar da, əmim də, atam da ana dilini, ədəbiyyatı çox gözəl bilirdilər. Xüsusilə atam… Gözəl şeirlər yazırdı… «Koroğlu» dastanını, M.P.Vaqifi, Aşıq Ələsgəri dərindən bilirdi. Kiyevdə əsgərlikdə olanda evə şeirlə məktublar yazarmış… İyirmi-otuz ildir ki, bu şeirləri çap etdirmək istəyirəm, ancaq hər dəfə saralmış vərəqlərə baxanda düşünürəm ki, əgər atam çap elətdirməyibsə, deməli, lazım deyil.

…Bir dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib atamla oturmuşuq, ağır işdən sonra mən «Koroğlu ilə Kürdoğlunun qolu»nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi ata tanımadığı oğlunu məcbur edir ki, onunla üçüncü dəfə güləşsin… Gözümün yaşı kitabın səhifələrinə tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə- gülə:
- Sizə nə olub, niyə ağlaşırsız,- deyəndə başımı qaldırdım, gördüm ki,  atam da əməlli- başlı kövrəlib.

Və mən məzmundan mətnə, mətndən məzmuna rahat keçməyin inersiyasını  «Koroğlu»dan (və atamdan!) öyrəndim. 

Babam Vedidə keçirdiyi günləri  yadına salıb hərdən bir pəsdən  nə isə oxuyardı …

Babam eyvandakı taxtın üstündə oturub Vedidə keçirdiyi günləri, dağları, meşələri, bulaqları yadına salıb hərdən bir pəsdən  nə isə oxuyardı. Qızları- gəlinləri xısın- xısın gülüşərdilərlər. Çünki qızları o yerlərdə ikən uşaq olmuşdular, yadlarında az şey qalmışdı, gəlinlər isə o yerləri ümumiyyətlə görməmişdilər.

Böyüklərə qulaq asa- asa uşaqlar da böyük- böyük danışırdılar… Bir dəfə evimizin kiçiyi Aslan haqqında xəbər gəldi ki, siqaret çəkib. Bu çox böyük qəbahət idi. Uşağı «məhkəmə»yə çəkdik. Adam danlamaqda usta olan əmim söhbəti çox uzaqdan başladı: «Oğul, sən indidən tərbiyəsiz bir yol tutmusan, belə getsə… Bax sənin baban papiros  çəkməyib, atan çəkməyib, mən çəkməmişəm, böyük qardaşın çəkmir…» Bir az fikirləşib təəssüflə «bircə nənən çəkirdi, o da…» deyə rəhmətlik anasına haqq qazandırmaq istəyəndə danlanmaqdan pörtmüş uşaq cəsarətli bir təmkinlə: «Əmi, hamınız babamın yolunu davam etdirirsiz, çəkmirsiz; mən nənəmin yolunu davam etdirib çəkəcəm» - dedi. Əmi gördü ki, onun sadəlövh məntiqi şüşə parçası kimi daşa dəyib çilik- çilik oldu. Və təcrübəli yuxarı sinif müəllimi aşağı sinif şagirdinə – qardaşı oğluna baxıb kövrələndə Aslan «əmi, elə- belə şey idi, narahat olma, daha çəkən deyiləm» dedi.

Babam nəvələrinə «Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!..» deyə müraciət edərdi. Ən kiçiyimizə də «Aslan kişi!» deyərdi… Bizim də kişi olmaqdan başqa çərəmz qalmırdı.
Orta məktəb müəllimlərimiz, nə qədər bilikli olsalar da, yerli dialektdə danışardılar. Hətta yadımdadır ki, rus dili müəllimimiz imla deyəndə əvvəl mətnə baxıb «Minqeçaur», sonra təkrar eləyəndə «Mingəçöür» deyirdi. Və müəllimin günahı ucbatından səhv yazıb aşağı qiymət  alan uşaqlar etiraz edəndə heç nə olmamış kimi hələ bir hirslənirdi ki, «əvvəl necə deyirəm, çalışın elə yazın, dala qalmayın»… Ancaq bu «yerli nitq mühiti»  o qədər təbii idi ki, Bakıdan yeni gəlmiş müəllimlərin (onlar da kənddən getmişdilər) ədəbi tələffüzünə bir təhər baxırdıq. Və yavaş- yavaş onlar da «düzəlirdilər»…

Hər nə isə… Biri var idi, biri yox idi. Belə bir kənd, belə bir ünsiyyət mühiti var idi.
Mən həmin kənddə – Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində «yerli» və «gəlmə»lərin «ziddiyyətli» dil-ünsiyyət mühitində  boya-başa çatdım. Ona görə də düşünürəm ki,  mənim dil təfəkkürümdə müxtləif türk tayfa (və xalq!) dillərinin təbii (və tarixi!) diferensiasiyası əks olunur.

Orta məktəbdə oxuyanda jurnalist olmaq istəyirdim…

Orta məktəbin son siniflərində oxuyanda jurnalist olmaq arzusu ilə alışıb yanırdım. Və başqa bir sənət sahibi olacağımı xəyalıma belə gətirmirdim. Hər şeydən əvvəl ona görə ki, bu dünya ilə nə üçün (və nəticəsinin necə olacağını!) dərindən kəsdirə bilməyəcəyim bir davam vardı… Ancaq ADU (indiki BDU)-nun jurnalistika fakültəsinə  sənəd vermək istəyəndə iki il iş stajı tələb etdilər. Mətbuatda çap  olunmuş yazılarım da köməyə gəlmədi. Və başladım özümə ayrı sənət-ixtisas axtarmağa…

Hüquq fakültəsi. Alınmadı… Tarix. Alınmadı… Hər yerdə iki il iş stajı… Universitetin geniş idman zalında yuxarısında  «Filologiya fakültəsi» yazılmış guşəyə yaxınlaşdım. Sənədlərimi qəbul elədilər.
Və demək olar ki, bütün avqust boyu davam edən, hər saatı həyəcanlarla dolu qəbul imtahanları başladı. İlk imtahanımız ədəbiyyatdan yazılı idi. «Mənim ilk müəllimim» mövzusunda, o zamankı təbirlə, sərbəst mövzuda yazdığım inşadan neçə alacağımı səbirsizliklə gözləyirdim.  İlk uğurdan, yaxud uğursuzluqdan çox şey asılı idi.

…Sənədlərimi verdiyim guşəyə yaxınlaşanda gözüm «ədəbiyyat yazıdan kəsilənlər»in siyahısına sataşdı. Adlar-soyadlar yazılmamışdı, yalnız imtahan vərəqələrinin nömrələri vardı. Ürək  döyüntümün nəfəskəsici sədaları altında nömrələri diqqətlə nəzərdən keçirdim, bildim ki, kəsilməmişəm…
Ən böyük biabırçılıqdan qurtardıq!..
Bütün kənd Bakıya qəbul imtahanı verməyə gedən gənclərin vəziyyətini izləyirdi. Əvvəlki illərin təcrübəsindən bilirdim ki, qəbul olanlar dərhal qəhrəmana çevrilir, konkursa düşənlər günahı ali məktəblərin  üstünə yıxa bildiklərinə görə müəyyən qədər sudan quru çıxırdılar. Sonuncu imtahandan kəsilmək də elə böyük biabırçılıq sayılmırdı. Əzazil bir müəllimin qabağına düşdüyün barədə təsirli bir «nağıl» uydurub bir neçə gün ona-buna  danışmaqla el töhmətindən  canını qurtara bilərdin… Ən böyük biabırçılıq o idi ki, üzünə «eybi yox, gələn il gedərsən», arxanca  isə «elə birinci imtahandaca kəsilib» desinlər…
…Ən böyük biabırçılıqdan qurtarmağın ruhi rahatlığını hiss edəndən sonra istidən təntiyə-təntiyə imtahan vərəqələrini yerbəyer edən laboranta əvvəl nömrəmi, sonra adımı-soyadımı söylədim.  Axtarıb tapdı. Gördüm ki, çox maraqla baxır… Başını qaldırıb adımı-soyadımı bir də soruşdu, imtahan vərəqəsinin heç kimə yox, məhz mənə aid olduğuna tam əminləşdikdən sonra:
- Səndən bir xahiş eləsəm, yerinə yetirərsənmi? deyə soruşdu.
Mənim üçün bu dəqiqə imtahan vərəqəsində hansı qiymətin  yazıldığını bilməkdən  əhəmiyyətli heç nə yox idi.
- Neçə almışam?
- Yox, əvvəl de görüm yaxınlıqdakı bazardan bizə bir qarpız, iki kilo üzüm ala bilərsənmi?
…Mən nə hayda, bu nə hayda?.. Neçə gündü yayın bu cırhacırında boğazımdan su da keçmir. Nə qarpız, nə  üzüm?
- Siz allah, əvvəl imtahan vərəqəsini verin…

Halımı bilib, daha israr eləmədi. Dodağının altında:
- «Əla» alıbsan, - deyib vərəqəni mənə uzatdı. Alıb baxdım… Hələ yaşamağa dəyərdi!.. Handan-hana laborantın səsini eşitdim:
- Hə, nə oldu? Gedirsən?
Onun cibindən çıxarıb mənə vermək  istədiyi pula baxmadan qapıya yönəldim. Dediklərini alıb gətirdim. Yenə pul vermək istədi. Almadım…

İkinci, üçüncü və dördüncü imtahanlara girəndə artıq əvvəlki həyəcan yox idi.
İkinci imtahan ədəbiyyatdan şifahi idi. Bilet çəkib hazırlaşırdım ki, imtahan komissiyasının sədri içəri girib salamlaşdıqdan sonra əlindəki kağıza baxıb «Nizami Cəfərov kimdir?» deyə soruşdu. Ayağa qalxdım.
- Yaxşı yazı yazmışdın. Hamımız oxuduq… İndi vəziyyət necədi?
- Sağ olun, yaxşıdı.
- Haralısan?
- Qazaxlı.

 Bizdən imtahan götürən müəllimlərə baxıb gülümsündü.
- İmtahan verəcəyin müəllimlər də Qazaxlıdı… - deyib getdi. Sonra bildim ki, komissiya sədri görkəmli türkoloq Fərhad Zeynalov imiş.

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimi də güman etmədiyim bir həyat başladı

Kənddə məni pis qarşılamadılar… Ən yaxşı anam qarşıladı. Dünyanın ən böyük dilçisi, ədəbiyyatşünası, tarixçisi (və ictimai xadimi!) saydığım, on yaşımda itirdiyim atamı əvəz etməyə çalışan (və əvəz edən!) anam… Kim gəldisə, süfrə açdı… Bir də onda gördüm ki, imtahan verən, Universitetə qəbul olan mən yox anam imiş. Məndən çox onu təbrik edirdilər…

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimi də güman etmədiyim bir həyat başladı. Yaxşı ki, məndən altı yaş böyük bir dayım var imiş… Vaqif dayı… Bir il onunla kirayədə qaldım, bir ildən sonra güc-bəla ilə Universitetin yataqxanasında yer ala bildim…Ümumiyyətlə, yataqxanada yer almaq əzabı hər il takrarlanırdı. İmtahanları kifayət qədər uğurla verib kəndə qayıtdıqdan bir az sonra daha çox onu düşünürdüm ki, yataqxanada yer ala biləcəm ya yox?.. Çünki orderi birillik verirdilər…
Elə tələbələr vardı ki, hətta kənddən gəlsələr belə, məişət işlərini, görürdüm ki, çox münasib bir şəkildə qaydaya salır, özlərini xeyli rahat hiss edirlər. Əlbəttə, burada maddi imkan da az rol oynamırdı, ancaq o qədər imkanı olmayanlar içərisində də məişət bacarığı olanlar vardı ki, özlərinə bir gün ağlayırdılar. Mənimsə Universitetdən  kənar həyatım, demək olar ki, yox idi… Məişət  qayğılarını bir təhər yola verir, bu barədə heç düşünməməyə çalışırdım.

…Aclıq da olurdu, müxtəlif xarakterli maddi, ya mənəvi gərginlik də… Ancaq oxuduğumuz romanlardan da bilirdik ki, bütün bunlar keçicidir, mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır.

(ardı var)

Xəbər xətti