Taleh Bağırov və Fuad Qəhrəmanlının işinə baxılacaq — Ali Məhkəmədə

15:14 - 14 Fevral 2018 - DİGƏR

2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın daha 9 üzvü məhkəmə qərarından kasasiya şikayəti verib.

"Ucnoqta.az" Ali Məhkəmədən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, Taleh Bağırov və Fuad Qəhrəmanlı və “Müsəlman Birliy”i Təşkilatının 9 üzvünün kasasiya şikayəti hakim Şahin Yusifovun icraatına verilib. 

Məhkəmənin ilkin baxış iclası fevralın 22-nə təyin edilib. 

Məlumata görə, Taleh Bağırovun təşkilatının üzvləri – Abbas Hüseynov, Zakir Mustafayev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Ramin Yarıyev və Aqil Quliyev Bakı Apellyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. 

Bildirilib ki, təşkilatın digər üzvləri – Cabbar Cabbarov, Rasim Cəbrayılov, Şamil Abduləliyev, Cahid Babakişizadə, Bəhruz Quliyev və Abbas Tağıyevin isə kasasiya şikayətləri məhkəməyə daxil olmayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və onlarla birlikdə ittiham olunan digər şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

Xəbər xətti